MÜSAHİBƏ

Vergi ödəyicilərinə nəzarət üçün – YENİ ÜSULLAR - MÜSAHİBƏ
08 İYUN
257

Vergi ödəyicilərinə nəzarət üçün – YENİ ÜSULLAR - MÜSAHİBƏ

2016-06-08 10:35:00

Vergilər Nazirliyi vergi ödəyicilərinə nəzarət üsullarını təkmilləşdirir. Nazirliyin məumatına görə, tətbiq ediləcək yeniliklər həm vergilərin daha effektiv yığılmasına və büdcə daxil olmalarının artırılmasına, həm də sahibkarların hüquqlarının qorunmasına imkan verəcək. Fins.az Vergilər Nazirliyinin Vergi Auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyevin bununla bağlı müsahibəsini təqdim edir 

- Məlum olduğu kimi prezident İlham Əliyev ötən ilin sonlarında sahibkarlıq subyektlərinin iqtisadi fəallığının artırılması məqsədilə yoxlamaların sayının azaldılması barədə sərəncam verib. Audit və operativ vergi nəzarəti tədbirlərinin Vergilər Nazirliyinin birbaşa funksiyalarından biri olduğunu nəzərə alsaq, ötən dövrdə bu sahədə mövcud vəziyyət barədə məlumat almaq maraqlı olardı? 

- Hazırda respublikada aparılan vergi siyasəti və bu siyasət nəticəsində həyata keçirilən islahatların məqsədi sahibkarlar tərəfindən vergi qanunvericiliyinə əməl etməklə vergilərin vaxtında ödənilməsini təmin etməkdən ibarətdir. Bununla yanaşı, əsas məqsədlərdən biri də vergi ödəyicilərində, xüsusilə də kiçik sahibkarlıq subyektlərində itkinin qarşısının alınması üçün maliyyə sanksiyaları və cərimələrin tətbiqinin məhdudlaşdırılmasıdır. Bu da nəticə etibarilə sahibkarlıq subyektlərinin iqtisadi fəallığının artırılmasına kömək etməlidir.

Məlum olduğu kimi, ötən ilin sonlarından başlayaraq, ölkə başçısının müvafiq fərmanına əsasən, dövlət qurumlarının sahibkarlıq subyektlərində apardığı yoxlamalar, vergi yoxlamaları istisna olmaqla dayandırılıb. Həmin fərman vergi yoxlamalarına şamil olunmasa da, Vergilər Nazirliyinin kollegiya iclasının qərarı ilə kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi də müvəqqəti olaraq dayandırılıb. Beləliklə, ölkədə sahibkarlığın inkişafı, sahibkarlıq subyektlərinin öz fəaliyyətini yeni iqtisadi şəraitə uzlaşdırılması üçün münbit şərait yaranıb. 

Bununla belə, yaddan çıxarmaq lazım deyil ki, vergilərin ödənilməsi hər kəsin Konstitusiyada təsbit olunmuş vəzifəsidir və bu baxımdan sahibkarlıq subyektlərinin öz vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməsinə vergi nəzarəti təmin olunur. Vergilər Nazirliyi sahibkarlıq subyektlərinin fəaliyyətinə distant nəzarət sistemlərinə malikdir və kiçik sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasına baxmayaraq, operativ vəziyyətə nəzarət edilir. 

Digər vergi ödəyicilərinə gəlincə, Vergilər Nazirliyi tərəfindən təyin edilən bütün yoxlamalar risk meyarlarına əsaslanır, yoxlamalar yalnız ciddi nəticələr gözlənilən vergi ödəyicilərində aparılır. Ümumiyyətlə, vergi orqanlarında tətbiq olunan informasiya texnologiyaları vergidən yayınma risklərinin səviyyəsini və hüquqpozuntularının mövcudluğu faktlarını müəyyən etməyə, belə faktlar dəqiq araşdırıldıqdan sonra vergi yoxlamalarının təyin edilməsi barədə qərarın qəbul edilməsinə imkan verir. 

- Ötən dövr ərzində aparılan səyyar vergi yoxlamalarının və ümumiyyətlə vergi nəzarəti tədbirlərinin sayında nə qədər azalma müşahidə olunur? 

- 2015-ci ilin oktyabr ayının 1-nə olan tarixə səyyar vergi yoxlaması üzrə açılmış qərarların sayı 4704 olduğu halda, 2016-cı ilin iyunun 1-i tarixinə onların sayı 2034 olub ki, bu da səyyar vergi yoxlaması qərarlarının sayının təxminən 2,3 dəfə azalması deməkdir. 2016-cı ilin yanvar-may ayları ərzində 2509 səyyar vergi yoxlaması başa çatıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2219 ədəd və ya 46,9% az olub. 

2015-ci ilin yanvar-may ayları ərzində 36066 vergi ödəyicisi üzrə vergi nəzarəti tədbiri keçirilərək 38190 akt tərtib edildiyi halda, 2016-cı ilin eyni dövrü üzrə 4242 vergi ödəyicisi üzrə vergi nəzarəti tədbiri keçirilərək 4743 akt tərtib edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirləri ilə əhatə olunmuş vergi ödəyicilərinin sayının 8,5 dəfə azalması deməkdir. 

Operativ vergi nəzarət itədbirləri zamanı keçən ilin yanvar-may aylarında tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği 10 milyon 963,6 min manat olduğu halda, bu ilin cari dövrü ərzində bu göstərici cəmi 387,3 min manat təşkil edib. Operativ vergi nəzarəti tədbirləri zamanı aşkarlanmış 1835 hal üzrə vergi ödəyicilərinin vergi qanunvericiliyinin pozulması halları üzrə məsuliyyətdən imtina qərarları çıxarılıb ki, bu da həmin vergi ödəyicilərinin maliyyə itkilərinə məruz qalmamasına imkan verib. 

- Vergilər Nazirliyinin son dövrlərdə həyata keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra müəssisələrdə qanunvericiliyin pozulması hallarının aşkarlandığı barədə məlumat verilmişdi. Hansı növ fəaliyyətlə məşğul olan vergi ödəyicilərində belə hallara daha çox rast gəlinir və bunlar hansı qəbildən olan qanun pozuntularıdır?  

- Vergilər Nazirliyi vergilərin ödənilməsində könüllülük səviyyəsinin yüksəldilməsi üçün məlumatlandırma və təbliğat işlərinin gücləndirilməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə xidmət mərkəzlərinin sayı artırılır, vergi ödəyiciləri ilə silsilə görüşlər keçirilir. Vergi qanunvericiliyinə əməl edilməsi ilə bağlı intizamsız vergi ödəyicilərinə xəbərdarlıq bildirişləri təqdim olunur, vergilərin ödənilməsi və yaranmış sualların birbaşa cavablandırılması üçün «Açıq qapı» günləri və mətbuat kon¬frans¬ları təşkil olunur.

Lakin, bütün bunlara baxmayaraq hələ də bir sıra sahələrdə, xüsusilə ticarət və iaşə, habelə müəyyən qədər istehsal sahələrində vergidən yayınma halları hələ də çoxdur. Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsilə aparılmış təhlillər, mənbəyi məlum olan məlumatlar və sahələrə təhkim olunmuş vergi əməkdaşları tərəfindən aparılmış müşahidələr zamanı müəyyən edilmiş riskli vergi ödəyiciləri üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinin tələblərinin ciddi şəkildə pozulduğu aşkar edilməkdədir. Xüsusilə də, hazırda yoxlamaların sayının azaldılmasından sui-istifadə edərək vergidən yayınma hallarına yol verilir.

Cari ilin may ayında aparılmış vergi nəzarəti tədbirləri zamanı 6 vergi ödəyicisi tərəfindən 118 nəfərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunduğu aşkar edilib, bu hallar Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu üçün toplanmış sənədlər aidiyyəti üzrə göndərilib. 

Bundan əlavə, aksizli malların istehsalı və satışı ilə məşğul olma fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı 21,9 min manat məbləğində 2,2 min ədəd saxta aksizli mallar, 37,7 min manat məbləğində 8,6 min ədəd aksiz markası olmayan malların satışı halları və aksizli malların satış məqsədi ilə nağd qaydada alınmasına görə 146,2 minmanatlıq 22,6 min ədəd mal aşkar edilib. Eyni zamanda, kustar üsulu ilə spirtli içki istehsal edən 2 şəxs müəyyən edilərək, bu hallar qanuna müvafiq qaydada rəsmiləşdirilib və sənədlər cinayət işinin başlanılması üçün aidiyyəti üzrə göndərilib.

Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 82 halda qanunla müəyyənedilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi halları aşkar edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilib və məhkəmələrə göndərilib.

Keçirilən vergi nəzarəti tədbirləri əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyətinin də qənaətbəxş olmadığını göstərir. Vergi orqanları tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə keçirilən vergi nəzarəti tədbirləri zamanı nöqsan aşkar edilməyən hallar demək olar ki, yoxdur. Bu sahədə riskli hesab edilmiş 257 vergi ödəyiciləri üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları aşkar edilib və aparılmış xronometraj metodu ilə müşahidələr zamanı dövriyyənin orta hesabla 4 dəfə azaldıldığı müəyyən edilib.

Ümumiyyətlə, sahibkarlıq subyektlərinin vergi yoxlamaları və ya vergi nəzarəti tədbirləri zamanı maliyyə sanksiyalarına məruz qalması əsas etibarilə onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılmaması, pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması nəticəsində baş verir.  

- Vergilər Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə əməl etməyən riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsi üçün hansı tədbirlərin görülməsi nəzərdə tutulur? İntizamsız vergi ödəyicilərinə nə demək istəyərdiniz? 

- Bildirmək istəyirəm ki, vergidən yayınan və ya qanunvericiliyin tələblərinə əməl etməyən riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsi üçün Vergilər Nazirliyi tərəfindən hazırlanmış yeni proqram təminatı yaxın zamanlarda istifadəyə veriləcəkdir. Bu yeni proqram təminatı vasitəsi ilə vergidən yayınan vergi ödəyiciləri müəyyənləşdirilərkən avtomatik olaraq vergi nəzarətinin növü də seçiləcəkdir. 

Bu yeni metod vergi ödəyicilərinə təyin ediləcək yoxlamaların tam əsaslandırılmasına, vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə olunmasına, vaxt itkisinin qarşısının alınmasına kömək etməklə yanaşı vergidən yayınan vergi ödəyicilərinin vaxtında aşkar edilməsinə imkan verəcəkdir.

Dövlət sahibkarlar üçün daha əlverişli biznes mühiti yaratmaq üçün nə lazımdırsa edir. Lakin sahibkarlar da, öz növbələrində, qanunvericiliyin tələblərinə əməl etməli, gəlir və xərclərin uçotunu düzgün aparmalı, vergiləri dövlət büdcəsinə vaxtında və tam həcmdə ödəməlidirlər. Bu, hər bir vergi ödəyicisinin Konstitusiya ilə müəyyən edilmiş vəzifəsidir və hamı bu vəzifəni yerinə yetirməyə borcludur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274