MÜSABİQƏ

Marketinqdə yeni strategiya – OYUNLAŞDIRMA
16 FEVRAL 2017
1491

Marketinqdə yeni strategiya – OYUNLAŞDIRMA

2017-02-16 16:31:00

Müasir dövrdə marketinq sahəsi həm elmi cəhətdən, həm də praktiki cəhətdən sürətlə inkişaf etməkdədir. Bu inkişafın başlıca səbəblərindən biri də əşyaların interneti dövrünün başlanması, bütün dünya əhalisinin  ağıllı-bağlantılı məhsulların istifadəsini getdikcə çox mənimsəməsi və gündəlik yaşamlarında daha çox istifadə etməsidir.

İnternetin yayılması istənilən yerdən informasiyanı əldə etməyi asanlaşdırıb. Mobil cihazların çoxalması və hər kəs tərəfindən asanlıqla istifadə edilməsi isə bu prosesləri daha da sürətləndirmişdir. Bunlar isə demək olar ki, bütün sahələrin bu cür şərt şəraitlərə uyğunlaşdırılmasına təsir edib.

Marketinq sahəsində isə bu cür yeniliklər özünü demək olar ki, daha çox göstərir və göstərməyə davam etməkdədir. Hədəf kütləyə çatmaqda müxtəlif kanallardan istifadə edən şirkətlər müştərilərinin internetdən və mobil cihazlardan istifadə etdiyini çox yaxşı bilir. Bunun üçün də bu bilgilər əsasında fəaliyyətlərini təkmilləşdirməkdədirlər.

Marketinq dili ilə desək, “doğru yerdə, doğru zamanda, doğru müştəriyə, doğru məhsul və xidmətlərlə” prinsipi burada özünü daha aydın göstərir.

Bunu bir misal ilə izah etsək:

a)    İnternetin yayılması – internet xidmətlərinin yayılması

İnternet bankçılıq, internet alış-veriş, internetdən təhsil, internetdən sifariş və digər “e-” xidmətlər

b)    Mobil cihazların yayılması – mobil xidmətlərin yayılması

Mobil bankçılıq, mobil alış-veriş, mobil cihazlar vasitəsilə təhsil, mobil sifariş və digər “m-” xidmətlər.

İstehlakçılar üçün istifadəyə verilən bütün “e-” və “m-” xidmətlər mütəmadi inkişaf edir və bu inkişaf sürətlə davam edir. Əvvəllər mobil tətbiqlərdə ən önəmli məsələ onların asan istifadə edilməsi və faydalılıq xüsusiyyətləri idi. Son illərdə isə bunlarla yanaşı, bu cür internet və mobil tətbiqlərin istifadəsi zamanı müştərilərə zövqlü (ləzzət verən) xidmətlərin verilməsi də önə keçib.

Bütün bunlar isə “oyunlaşdırma”nın (gamification) ortaya çıxmasına gətirib çıxarır. Praktikada oyunlaşdırma 2000-ci illər civarında özünü büruzə verib. Araşdırmalarımız nəticəsində isə, oyunlaşdırma ilə əlaqədar elmi işlərin 2010-cu ildən sonra daha çox artıb. Bəs nədir, oyunlaşdırma?

Oyunlaşdırma ilə əlaqədar çoxlu təriflər var. Lakin elmi cəhətdən daha çox qəbul ediləni budur: “Oyunlaşdırma oyun ünsürlərinin oyundanxaric kontekstdə istifadə edilməsidir”.

Bəzən oyun və oyunlaşdırma qavramları qarışdırılır. Ancaq bu məfhumlar arasında  böyük məna fərqi var. Belə ki, oyun – beyini bacarıq və qabiliyyət cəhətdən inkişaf etdirən, müəyyən qaydaları olan, yaxşı vaxt keçirməyə yarayan əyləncədir. Lakin oyunlaşdırmada əsas məqsədlərindən biri ticarətdir. Belə ki, oyunlaşdırma iş strategiyası kimi görünməkdir. Oyunlaşdırmanın iki əsas komponenti var:

1)    Əyləncə məqsədilə istifadə edilmirlər;

2)    Oyunları təşkil edən ünsürlərdən ilhamlanaraq yaradılsa da, tamamilə bir oyun olaraq istifadə edilməməkdir.

Oyun və oyunlaşdırmanın fərqinin daha aydın anlaşılması üçün bunu sadə bir misal ilə izah edək.

Düşünün ki, avtomobildə bir uşaq ilə səyahət edirsiz. Bu zaman uşağa, yol kənarında gördüyü benzin doldurma stansiyalarını saymağını bildirir və hər 10 ədəd stansiyanı saydıqdan sonra sizə deməyini bildirirsiniz. Uşaq 10 ədəd saydıqda, sizə deyir və siz ona bir daha saymasını istəyirsiniz və bu beləcə davam edir.

Bu yuxarıda qeyd etdiyimiz kimi, uşağın beynini inkişaf etdirmək üçün əyləncə xarakteri daşıyır və dolayısıyla, oyundur. Yox, əgər uşaq hər 10 ədəd stansiyanı sayıb sizə bildirdikdə, siz onu mükafatlandırırsınızsa, bu olur oyunlaşdırma. Mükafatlandırma meyvəli kek də ola bilər, meyvə suyu da ola bilər, onu teatra aparmaq da ola bilər və s. Əsas odur ki, uşaq bu stansiyaları saydıqdan sonra mükafatlandırılacağını bilir.

İndi isə oyunlaşdırmanın marketinqdə necə və nə məqsədlə istifadə edildiyinə nəzər yetirək. Marketinq kontekstində istifadə edilən oyunlaşdırmada müəyyən məqsədlər vardır. Bu məqsədlər şirkətlərin müştərilər üçün marketinq strategiyalarına uyğun şəkildə tətbiq edilir.

Marketinq cəhətdən oyunlaşdırma müştəri bağlılığını və satışları artırmaq üçün yenilikçi yollarla yeni bir iş strategiyası olaraq ortaya çıxmaqdadır. Online şəkildə hazırlanan oyunlaşdırma tətbiqləri indiki vaxtda müştəri-marka əlaqəsində təsiredici rola malikdir. Çünki online oyunlar gündəlik həyatda əhəmiyyətli bir yer tutmaqdadır.

Müştərilər perspektivindən isə oyunlaşdırma, əyləndirici, bilgiləndirici, istifadəsi asan və fərdi olaraq mükafatlandırıcı olaraq anlaşılmaqdadır. Oyunlaşdırma fərdi məqsədli və hedonistik (faydalı) məqsədli xüsusiyyətlərə malik olsa da, son məqsəd hedonik məqsədlidir. Yəni, oyunlaşdırılmış sistemlərdən istifadə edən müştəridə xoş, zövqlü, ləzzətverici hisslərin oyandırılmasıdır. Marketinqdə istifadə edilən sədaqət (loyallıq) programları kollektiv istifadə və xalların qazanılması baxımından oyunlaşdırmaya bənzəməkdədir.

Oyunlaşdırmanı bir biznes strategiyası kimi qəbul edən yanaşmalarda isə xidmət, məhsul və sistemin dizaynı yolu ilə oyun dizayn edilə bilinməkdədir. Bu baxımdan yuxarıda bəhs etdiyimiz həm internet, həm də mobil əsaslı sistemlərin oyunlaşdırılmasına böyük sərmayələr yatırılmaqdadır.

Oyunlaşdırmanın tətbiq edildiyi sahələr də çox genişdir. Belə ki, təhsil, səhiyyə, marketinq, idman, ətraf mühit, ticarət, ictimai xidmətlər kimi geniş sahələrdə tətbiq edilir. Beynəlxalq araşdırma şirkətlərinin də hesabatlarına əsasən, oyunlaşdırma sürətlə inkişaf edəcək.

Müəllif: Bəhman Hüseynli

MSc Marketing, İstanbul Universiteti
MSc Marketing, Mərmərə Universiteti
ideamanbahman.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253