MÜSABİQƏ

Bundan da sərfəli? – YENİ XİDMƏT
09 FEVRAL 2017
900

Bundan da sərfəli? – YENİ XİDMƏT

2017-02-09 11:08:00

Diqqət etsəniz ölkə ərazisində taksi xidməti göstərən şirkətlərin sayı durmadan artır. Səbəbi çox sadədir, bu sahədə işə başlamaq və gəlir əldə etmək çox asandır.

Prezident İlham Əliyevin imzaladığı fərmanların daha asan taksi fəaliyyətilə məşğul olmağa şərait yaratması bu sahəyə olan marağı daha da artırır. Taksi sürücüsü olmağın ən başlıca üstünlüyü vergilərin ən aşağı səviyyədə olmasıdır: ayda sadəcə sadələşdirilmiş vergi ödəməklə (təqribən 20 manat civarında) bu işlə məşğul ola bilərsiniz.

Ölkə ərazisində qoyulan vergilərin çox olmasını nəzərə alsaq, bu digər biznes sahələrinə nəzərən çox böyük bir avantajdır. Digər bir üstünlük isə bu sahəyə daim tələbatın olmasıdır. İnsanların hər zaman taksilərə ehtiyacı var.

Bundan əlavə, bu fəaliyyətlə məşğul olmaq üçün lazım olan sənədlərin əldə edilməsi prosesi də xeyli asanlaşdırılıb. Lazım olan sənədlər sadəcə taksi fəaliyyəti üçün fərqlənmə nişanı almaq və məcburi sosial sığortanı ödəməkdir. Əvvəllər lisenziyanı Nəqliyyat Nazirindən almaq tələb olunurdusa, artıq yeni imzalanmış fərmana əsasən bu ləğv olunub. İndi sadəcə “ASAN Xidmət”dən fərqlənmə nişanı alı işə başlamaq mümkündür. Bunun üçün ərizəçi aşağıdakıları təqdim etməlidir:

-      Fərqlənmə nişanı almaq üçün ərizə. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

-      hüquqi şəxslər üçün – adı, təşkilati-hüquq forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;

-      fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar, fəaliyyət növü;

-      Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

-      Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

-      Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu təsdiq edən sənədin surəti;

-      Fərqlənmə nişanı almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (qəbz);

-      Fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər.

Taksi sürücüsü olmaq üçün bəzi minimal tələblərə də uyğun olmalısınız. Belə ki, sizin “B” və ya “BE” kateqoriyalı sürücülük vəsiqəniz, ən azı 2 il sürücülük stajınız, xüsusi kurs keçilməsinə dair şəhadətnaməniz, 2 ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadənizdə (icarə, etibarnamə və s.) olan avtonəqliyyat vasitəniz və minimum 21 yaşınız olmalıdır.

Taksi xidməti açmaq və ya sadəcə sürücü olmaq üçün çox əlverişli şərait yaradılsa da, bunun da özünəməxsus çətinlikləri var.

Ən başlıcası, artıq bazarda kifayət qədər özünə möhkəm yer tutmuş taksi şirkətlərinin olmasıdır. Məşhurlardan “189”, “Salam taksi”, “Bakı taksi”-ni misal göstərmək olar. Bunlardan əlavə, artıq ölkədə xarici taksi xidmətlərinin sayı artmışdır: dünyaca məşhur “Uber” şirkəti və bu yaxınlarda bazara daxil olacaq “Taxify” misal ola bilər.

Müəllif: Ülvi Bakirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279