KADR İŞİ

Bu ilin doqquz ayında dövlət məşğulluq orqanları 44,8 min nəfəri işlə təmin edib
17 OKTYABR
122

Bu ilin doqquz ayında dövlət məşğulluq orqanları 44,8 min nəfəri işlə təmin edib

2018-10-17 18:02:00

Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 44,8 min nəfər işsiz və işaxtaran şəxsi işlə təmin edib.

Bu il ərzində 7 minədək işsiz vətəndaşın özünüməşğulluq proqramı çərçivəsində ailə əməyinə əsaslanan kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Eləcə də, bu il oktyabrın 1-nədək proqram üzrə təlim kurslarına 7,3 mindən çox şəxs cəlb olunub ki, onlardan kursları bitirərək biznes planları uğurlu hesab edilənlərin öz kiçik ailə biznesini qurmaları üçün mal və materiallarla təmin olunmasına başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-sentyabr aylarında işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarının təşkili işləri davam etdirilib. Hesabat dövründə nazirliyin xətti ilə ümumilikdə 2075 nəfər (o cümlədən Dövlət Məşğulluq Xidməti tərəfindən 1923, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 152 nəfər) peşə hazırlığına cəlb olunub. Ödənişli ictimai işlərə cəlb olunanların sayı isə bu ilin 9 ayında 865 nəfər təşkil edib.

Həmin dövrdə dövlət məşğulluq orqanlarının təşkil etdikləri peşəyönümü tədbirlərində 79,7 min nəfər gəncə işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə məlumatlar və əmək bazarının tələblərinə uyğun düzgün peşə seçmələri məqsədilə peşəyönümü məsləhətləri verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258