KADR İŞİ

17 dövlət orqanı üzrə 514 vakant yerə müsabiqə elan edilib
12 APREL
1059

17 dövlət orqanı üzrə 514 vakant yerə müsabiqə elan edilib

2018-04-12 11:04:00

DİM mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 17 dövlət orqanı üzrə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 514 vakant icraçı vəzifələrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

Mərkəzdən Fins.z-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 12 may 2018-ci il tarixinədək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 12 aprel 2018-ci il tarixindən 12 may 2018-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253