KADR İŞİ

Dövlət Proqramı təqaüdçüləri harada işləyirlər?
29 YANVAR
863

Dövlət Proqramı təqaüdçüləri harada işləyirlər?

2018-01-29 12:22:00

Gənclərimiz ölkəmizin inkişafında mühüm töhfələr verir

Qloballaşan dünyada hər bir ölkənin gələcəyini təmin edəcək gənc nəslin dövrün tələblərinə uyğun surətdə yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi strateji əhəmiyyət daşıyır. Son illər Azərbaycan Respublikası Təhsil Nazirliyinin istedadlı gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almalarını və peşəkarlar kimi yetişməsini hədəfləyən məqsədyönlü tədbirləri nəticəsində tələbələrimiz öz uğur hekayələrini yazmaqdadır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın reytinqli ali məktəblərindən məzun olan gənclərimiz artıq ölkəmizin inkişafı naminə öz töhfələrini verməkdədir. Budəfəki yazımız da elm, təhsil, iqtisadiyyat, sənaye, bank, İKT, dövlət qulluğu və digər sahələrdə öz uğurlu karyera tarixçələrini yazan məzunlarımıza həsr olunub. Beləliklə, Dövlət Proqramı təqaüdçüləri harada işləyirlər?

Əli ƏHMƏDOV,

ABŞ-ın Con Hopkins Universitetinin məzunu

11 iyul 1982-ci il tarixində Naxçıvan şəhərində anadan olub. 2000-ci ildə orta məktəbi bitirərək Türkiyə Cümhuriyyətinin Qazi Universitetinin “İqtisadi və idarəetmə elmləri” fakültəsinin “İqtisadiyyat” bölməsinə daxil olub. 2004-cü ildə adıçəkilən ali məktəbi bitirdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankında əmək fəaliyyətinə başlayıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü illərdə ABŞ-ın Con Hopkins Universitetinin Beynəlxalq Elmlər üzrə Ali Məktəbinin (SAIS) dövlət siyasəti üzrə Beynəlxalq Magistr Proqramında təhsil alıb. ABŞ-da təhsil aldığı dövrdə Azərbaycanla bağlı tədbirlərdə də aktiv iştirak edib. Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutu ilə birlikdə “Neft gəlirlərinin idarə olunması: Azərbaycanın pul siyasəti” mövzusunda tədbir təşkil edib. 2016-cı ildən Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentinin direktoru vəzifəsində çalışır. Həmçinin, Mərkəzi Bankın Pul siyasəti və İnvestisiya komitələrinin də üzvüdür. 2006-cı ildə çap olunmuş “Maliyyə və Birja Terminləri lüğəti” adlı kitabın, Azərbaycanda və eləcə də bir sıra xarici ölkələrdə nəşr edilmiş elmi əsərlərin müəllifidir. İngilis, rus və türk dillərini bilir. Ailəlidir, 2 övladı var.


Azər İMANQULİYEV,

Böyük Britaniyanın Kardif Universitetinin məzunu

1986-cı ildə Bakı şəhərində anadan olub. 2005-2009- cu illərdə Qafqaz Universitetində kompüter mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. Ali məktəbi müvəffəqiyyətlə bitirərək proqramçı mühəndis ixtisasına yiyələnib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2009-2013-cü illərdə Böyük Britaniyanın Kardif Universitetinin “Mühəndislik” fakültəsində “Sistem mühəndisliyi” ixtisası üzrə PhD təhsili alıb fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Elmi rəhbəri dünyada süni intellekt sahəsində kifayət qədər nüfuza malik professor D.T.Pham olub. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında PhD dissertasiyasını təkrar attestasiyadan keçirərək texnika üzrə fəlsəfə doktoru elmi adını alıb. 2014-2015-ci illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Yüksək Texnologiyalar Parkı” MMC-də Biznesin inkişafı və investisiya şöbəsinin aparıcı mütəxəssisi, 2015-2016-cı illərdə Azərbaycan Texniki Universitetinin İnnovativ Təhsil və İnformasiya Kommunikasiya Texnologiyaları departamentinin direktoru və SABAH mərkəzinin müəllimi vəzifələrində çalışıb. Bakalavriat səviyyəsində təhsil alan tələbələrin buraxılış, magistratura səviyyəsində isə dissertasiya işlərinə rəhbərlik edib. Bir sıra elmi əsərlərin müəllifidir. Qafqaz Universitetinin humanitar və sosial məsələlər üzrə prorektoru vəzifəsində çalışıb. Hazırda Bakı Mühəndislik Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur. Eyni zamanda həmin universitetdə kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimidir.


Xatirə HÜSEYNƏLİYEVA,

İtaliyanın Milan Sənaye Dizaynı Məktəbinin məzunu

7 mart 1991-ci il tarixində Bakı şəhərində anadan olub. 2009-cu ildə M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbi bitirib. 2009-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dizayn ixtisasına daxil olub. 2013-cü ildə akademiyanı bakalavriat səviyyəsində fərqlənmə diplomu ilə bitirib. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Milli Aerokosmik Agentliyi (MAKA), Kosmik Cihazqayırma Təcrübi Zavoduna rəssam-konstruktor vəzifəsinə qəbul olunub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-2015-ci illərdə İtaliyanın Milan şəhərində yerləşən Sənaye Dizaynı Məktəbində (Scuola Politecnica di Design) “Sənaye dizaynı” ixtisası üzrə magistr ali peşə-ixtisas dərəcəsinə yiyələnib. Magistratura təhsili zamanı dizayn layihəsi (“One Chair is Not Enough”, tərcüməsi - “Bir oturacaq kifayət deyil”) 2015-ci ildə İtaliyanın Milan şəhərində təşkil olunmuş dizayn həftəsində “The Next Supper” adlı sərgidə nümayiş olunub. 2016-cı ildə həmin layihə Milanda növbəti dizayn həftəsində “SaloneSatellite” salonunda sərgilənib. 2016-cı ilin yanvar ayından iyul ayınadək Milan şəhərində yerləşən “Claudio Bellini Design+Design” şirkətində dizayner vəzifəsində çalışıb. 2017-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dizayn kafedrasında müəllim vəzifəsində çalışır və bundan əlavə, dizayn işləri ilə də məşğul olur.


Əbdül ƏLİYEV,

Çexiyanın Praqa Karl Universitetinin məzunu

9 oktyabr 1986-cı il tarixində Bakı şəhərində anadan olub. 1993-2004-cü illərdə Bakıdakı 46 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsində “Politologiya” ixtisası üzrə bakalavr təhsili alıb. 2009-2012-ci illərdə BDU-nun “Sosial elmlər və psixologiya” fakültəsində “Milli təhlükəsizlik və siyasi strategiya” ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirib. Daha sonra 2013-2015-ci illərdə təhsilini “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Çexiyanın Praqa Karl Universitetinin “Sosial elmlər” fakültəsində “Beynəlxalq iqtisadiyyat və siyasət” ixtisası üzrə davam etdirib. 2007-2008-ci illərdə “Synergetics” Sosial Araşdırmalar Mərkəzində ekspert vəzifəsində çalışıb. 2008- 2009-cu illərdə hərbi xidmətdə olub. 2010-2011-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsində təcrübə keçib və 2011-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət şöbəsində məsləhətçi-ekspert vəzifəsində çalışıb. 2014-2015-ci illərdə Çex-Azərbaycan İctimai Birliyinin sədri olub. 2016-cı ilin fevral-martında Azərbaycan Dillər Universitetində müəllim vəzifəsində çalışıb. 18 iyul 2016-cı il tarixindən isə Qəbələ regional “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsində çalışır.


Hikmət BABAYEV,

Böyük Britaniyanın London İmperial Kollecinin məzunu

1989-cu il fevral ayının 23-də Bakı şəhərində anadan olub. 2006-cı ildə Bakıdakı Ə.Mahmudov adına məktəb-liseyi bitirərək Azərbaycan Dövlət Neft Akademiyasının “Neft və qaz yataqlarının axtarış və kəşfiyyatı” fakültəsinə daxil olub. Akademik göstəriciləri yüksək olduğundan “BP- Azərbaycan” şirkətinin təqaüdünə layiq görülüb. 2010-2012-ci illərdə neft və qaz sənayesində çalışdığı müddətdə eyni zamanda Azərbaycan Dövlət Neft Akademiyasında (indiki ADNSU) “Biznesin təşkili və idarə olunması” (Master of Business Administration (MBA)) ixtisası üzrə təhsil alıb və “Kompüter sistemləri” ixtisasına yiyələnib. Neft və qaz sənayesi və eləcə də, ixtisası üzrə 2014-2015-ci illərdə “BP -Azərbaycan” şirkətinin təqaüdü ilə Türkiyənin İstanbul Texnik Universitetində “Geologiya mühəndisliyi” ixtisası üzrə magistr təhsili alıb. Yüksək akademik göstəricilərinə görə Yaponiyanın “Nippon Foundation” fondu tərəfindən təqaüdə layiq görülüb. Magistr diplomu işini Türkiyə Elm və Texnoloji Tədqiqat Şurası layihəsi üzərində müvəffəqiyyətlə müdafiə edib. Magistr təhsilini bitirdikdən sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı illər ərzində Böyük Britaniyanın London İmperial Kollecində neft və qazın geologiyası və geofizikası ixtisası üzrə 2-ci magistr təhsili alıb. Hazırda SOCAR-ın “Azneft” İstehsalat birliyində Neft və qaz yataqlarının işlənməsi şöbəsinin “Modelləşdirmə” qrupunda böyük geoloq vəzifəsində çalışır.


Eldar BABAYEV,

Böyük Britaniyanın Lids Universitetinin məzunu

29 noyabr 1994-cü il tarixində Bakı şəhərində anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuyub. 2011-2015-ci illər ərzində Bakı Musiqi Akademiyasında bəstəkarlıq ixtisası üzrə bakalavr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı tədris ilində Böyük Britaniyanın Lids Universitetində “Bəstəkarlıq” (impressario, produsser) ixtisası üzrə magistr təhsilini başa vurub.

2014-cü ilin sentyabrında SOCAR şirkəti tərəfindən təşkil olunmuş əsrin müqaviləsinə həsr olunmuş “20 Şanlı il”, 2016-cı ilin avqustunda Lids Universiteti və York Orkestri tərəfindən təşkil olunmuş Bəstəkarlıq müsabiqələrində I yerə layiq görülüb. Britaniya üzrə keçirilən bəstəkarlıq müsabiqəsində qalib gəlmiş əsəri “Leeds Town Hall”-da York Orkestri tərəfindən ifa olunub. 2017-ci ilin oktyabrında Rusiya Dövlət Teatr Agentliyinin sifarişi ilə “Peterburqskiy Rostovşik” adlı tamaşaya 4 əsər bəstələyib. Bakı şəhərində xeyriyyə konserti təşkil edib və konsertdən yığılan pulları Ramana kəndində yerləşən uşaq internat evinə hədiyyə edib. 2016-cı ilin mayında Lids şəhərində “Jazz&Rock” konserti təşkil edib və konsertdən yığılan vəsaiti Lids uşaq xəstəxanasına verib. Hazırda yeni yaradılmış “Creative İndustries Management” adlı şirkətinn təsisçisi və Rus Dram Teatrının bəstəkarıdır.


Famil KƏRİMOV,

İspaniyanın İE Biznes Məktəbinin məzunu

1984-cü ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Xətai rayonu 138 nömrəli tam orta məktəbi bitirib. Elə həmin il Xəzər Universitetinin “Maliyyə və mühasibatlıq” fakültəsinə daxil olub, 2005-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra dünyanın aparıcı şirkətlərindən olan “Deloitte”də auditor olaraq işə qəbul olunub və baş menecer vəzifəsinə kimi yüksəlib. 2013-cü ildən etibarən Beynəlxalq Mühasiblər Assosiasiyasının (ACCA) üzvüdür. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014- cü illərdə biznes təhsili üzrə dünyada top-onluğa düşən İspaniyanın İE Biznes Məktəbində (Instituto de Empresa Business School) biznesin idarəedilməsi (MBA) üzrə magistr təhsili alıb. Həmin proqramda maliyyə seminarları üzrə ən yaxşı 10 tələbədən biri olub. Magistr təhsilini bitirdikdən sonra Azərbaycana dönərək Cənub Qaz Dəhlizi QSC-də kommersiya direktoru vəzifəsində çalışıb. Sonra “Gilan Holdinq”ə keçib. Hazırda Gilan Sənaye Qrupunun baş direktorunun müavini vəzifəsində, eyni zamanda Bakı Mühəndislik Universitetində yarımştat müəllim kimi də fəaliyyət göstərir.


Yaqub ƏLİZADƏ,

Böyük Britaniyanın Ekseter Universitetinin məzunu

1993-cü il 29 yanvar tarixində Bakı şəhərində anadan olub. 1999-2010-cu illərdə paytaxtdakı Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseydə təhsil alıb. 2010-cu ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 695 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının menecment ixtisasına qəbul olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. 2014-cü ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təqaüdçüsü kimi 2015-2016-cı tədris ilində Böyük Britaniyanın Ekseter Universitetində maliyyə iqtisadiyyatı üzrə magistratura təhsili alıb. 2016-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “İqtisadiyyat və menecment” fakültəsinin dekan müavini və müəllimi vəzifələrində işləyir.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276