İKT

Ərəb astronavt tarixə düşdü – bəs Kosmosu fəth edən ilk müsəlman kimdir?
30 SENTYABR
90

Ərəb astronavt tarixə düşdü – bəs Kosmosu fəth edən ilk müsəlman kimdir?

2019-09-30 10:50:00

Sentyabrın 25-də Qazaxıstandakı Baykonur kosmodromundan fəzaya qalxan Soyuz-15 gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib.

Fins.az TED.az-a istinadən xəbər verir ki, bu barədə RosKosmos məlumat yayıb.

Soyuz-15 ilə tarixdə ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) astronavtı Həzaa əl-Mənsuri kosmik stansiyaya eniş edib. Onunla bərabər rusiyalı kosmonavt Oleq Skripoçka və NASA-nın astronavtı Cessika Meir fəza gəmisində kosmosa qalxıb. Kosmik Stansiyada onları rusiyalı kosmonavt Aleksandr Skvortsov, amerikalı astronavt Endrü R.Morqan və Avropa Kosmik Agentliyinin astronavtı Luka Parmitano (İtaliyalı) qarşılayıblar.

NASA, RosKosmos, ESA, Kanada KosmikAgentliyi və Yaponiyanın Kosmos Araşdırma Agentliyinin birgə istifadə etdiyi Beynəlxalq Kosmik Stansiyada elmi təcrübələr və kosmik tədqiqatlar aparılır.

Kosmosu fəth edən müsəlmanlar

Kosmosa qalxan ilk müsəlman Səudiyyə Ərəbistanlı Sultan ibn Salman ibn Əbdüləzizdir. O, 1985-ci ildə, 29 yaşında ikən Discovery kosmik gəmisinin komanda heyətinin tərkibində Yer ətrafında dövr edib. Arabsat təşkilatının rabitə peykinin kosmosa buraxılmasını həyata keçirən Sultan ibn Salman 7 gün kosmosda qalıb.

1987-ci ildə Suriya Hərbi Hava Qüvvələrinin 36 yaşlı polkovniki Məhəmməd Faris tarixə öz adını fəzaya qalxan ikinci müsəlman kimi daxil edib. Sovet İttifaqının Soyuz kosmik gəmisinin ekipajının üzvü kimi M.Farisin uçuşu bir gün davam etmişdir. O, uçuş zamanı kosmik tibb və materialşünaslıq üzrə müşahidələr aparıb.

M.Faris Suriyanın yeganə kosmonavtıdır.

Kosmosa qalxan üçüncü müsəlmanın adı isə Azərbaycanla bağlıdır.

Dağıstan mənşəli, milliyyətcə lak olan Musa Xiramanoviç 1951-ci ildə Bakıda anadan olub. O, 1987-ci il dekabrın 21-də Soyuz kosmik gəmisində bort mühəndisi kimi uçuşa başlayıb, Mir orbital stansiyasında düz 1 il (366 gün) qalmaqla o zaman üçün kosmosda ən uzunmüddətli uçuş rekordunu vurub. Manarov 1990-91-ci illərdə daha bir dəfə kosmosu fəth edib. Onun budəfəki uçuşu 175 gün davam edib. M.Manarov uçuşlar zamanı 7 dəfə açıq kosmosa çıxıb və üst-üstə 34 dəqiqədən artıq açıq kosmosda qalıb.

1988-ci ildə 29 yaşlı əfqanıstanlı Əbdüləhəd Momand sovet kosmik gəmisində dördüncü müsəlman kosmonavtı kimi uçuş edib. O, uçuş zamanı yaranmış texniki nasazlığı təkbaşına həll etməklə bütün ekipajı ölümdən xilas edib.

Bundan başqa, qazaxıstanlı Toktar Onqarbayeviç Aubakirov, Talqat Amangəldiyeviç Musabayev, özbəkistanlı Salican Şakiroviç Şaripov kosmosda olmuş müsəlmanlar sırasındadır.

XXI əsrdə kosmosa uçmuş birinci, ümumilikdə isə səkkizinci müsəlman İran əsilli Ənuşə Ənsari adlı qadındır.

Kosmosda olan doqquzuncu müsəlman malayziyalıdır. Şeyx Müzəffər Şükür 2007-ci ildə 35 yaşında Rusiya-Malayziya müştərək layihəsi çərçivəsində kosmosa qalxıb.

Sentyabrın 26-da Beynəlxalq Kosmik Stansiyaya uğurlu eniş edən BƏƏ astronavtı Həzaa əl-Mənsuri isə 10-cu müsəlman kosmonavt kimi tarixə adını yazdıra bilib.

Qeyd edək ki, Yerdən təxminən 350 kilometr yüksəklikdə yerləşən stansiya orbit üzrə saatda 27700 kilometr sürətlə hərəkət edir və planetimizin ətrafında sutkada 15,5 dövrə vurur. Bu səbəbdən astronavtlar 24 saat ərzində Günəşin 16 doğuşu və qürubunun şahidi olurlar. Ümumilikdə, Yer meyarı ilə günəşin doğuşu və qürubu arasındakı gün stansiyanın bir dövrəsinin başa çatdığı 92 dəqiqəyə bərabərdir.

Kosmik stansiyanın daim hərəkətdə olduğunu nəzərə alsaq, Kəbənin istiqamətini müəyyən etmək mümkün deyil. Oruca gəldikdə isə burada da kosmik zamanla ayaqlaşmaq tamamilə imkansızdır. Kosmosda stansiyanın hərəkət sürəti zamanı gecə ilə gündüz tez-tez bir-birini əvəz edir. Ona görə də Kosmosu fəth edən inanclı müsəlmanlar İslam alimləri ilə məsləhətləşmələr apararaq Yerdən kənarda dini ritualları, o cümlədən namaz və orucun şərtlərini uyğun şəkildə icra ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır