İKT

Facebook F8 konfransı: Whatsapp, Instagram, Messenger'də yeni funksiyalar və digər yeniliklər
02 MAY
244

Facebook F8 konfransı: Whatsapp, Instagram, Messenger'də yeni funksiyalar və digər yeniliklər

2018-05-02 10:10:00

Dünən gecə ənənəvi Facebook F8 konfransı keçirildi. Həmin konfransda Facebook şirkətinin təsisçisi Mark Zuckerberg Facebook Messenger, Instagram, Whatsapp və Oculus Go yeniliklərindən danışdı. İndi isə sizlərə həmin yeniliklər haqqında olan məlumatları təqdim edirik

Facebookda tarixçənin silinməsi və Tinder-in analoqu

Sosial şəbəkədə “Tarixçənin silinməsi” funksiyası yaradılacaq. Bu funksiya sayəsində istifadəçi brauzerin tarixçəsini silə bildiyi kimi Facebook tarixçəsindən də kənar saytlara və tətbiqlərə daxil olma tarixçəsini silə biləcək. Zuckerberg-in verdiyi məlumata əsasən bu funksiyanın istifadəyə verildiyi ilk zamanlarda istifadəçilər hələki yalnız klik və keçid etdikləri paylaşımların tarixçələrini silə biləcəklər. Yeni funksiyanın yaxın bir neçə ay ərzində istifadəyə verilməsi planlaşdırılır.

Bu il istifadəçilər həmçinin məşhur Tinder tətbiqinin analoqunu da Facebook daxilində əldə edəcəklər. Belə ki, istifadəçi özünə münasibət üçün digər bir şəxs axtarışına çıxmazdan öncə Facebook daxilində ikinci xüsusi profili yarada biləcək. Həmin profili isə yalnız istifadəçinin dostluğunda olmayan və eyni zamanda həmin funksiyadan istifadə edəcək şəxslər görə biləcəklər. Servis istifadəçiyə digər şəxsləri ortaq maraqlar və dostlar əsasında məsləhət görəcək. Münasibət üçün uyğun ola biləcək potensial şəxs ilə əlaqə isə xüsusi çat vasitəsilə mümkün olacaq.

Instagram-da videozənglər və digər yeniliklər

Yaxın müddət ərzində Instagram-a videozənglər funksiyası əlavə olunacaq. Şirkət artıq bu funksiyanı kiçik insan kütləsi arasında test edir. Yaxın bir neçə həftə ərzində isə sözügedən funksiya hamı üçün aktiv edilə bilər. Instagram-ın videozəng rejimində təkbətək və ya kiçik qrup halında ünsiyyət qurmaq mümkün olacaq. Videozəng iştirakçıları elə videozəng zamanı videozəng pəncərəsinin ölçüsünü kiçiltməklə Instagram-ın digər bölmələrinə baxa biləcəklər.

Fotoservisin axtarış bölməsində müxtəlif mövzular (heyvanlar, foto, arxitektura və s.) üzrə axtarış sistemi fəaliyyətə başlayacaq. İstifadəçilər həmçinin GoPro, Spotify və müəyyən müddətdən sonra digər tətbiqlərdə olan kontentləri birbaşa Instagram Stories-ə göndərə biləcəklər. Məsələn Spotify-dan hansısa mahnını seçərək ona stiker əlavə edib Instagram Stories-də paylaşmaq mümkün olacaq. Bütün bunlardan əlavə olaraq servisə məşhur adamlardan artırılmış reallıq effektləri də əlavə olunacaq.

Oculus Go virtual reallıq cihazının satışına start verilməsi

Smartfonsuz və hansısa naqilsiz çalışan Oculus Go adlı virtual reallıq cihazı 23 ölkədə satışa çıxdı. 32 GB daxili yaddaş versiyası 199$-a, 64 GB daxili yaddaşa sahib versiya isə 249$-a satılacaq. Sözügedən virtual reallıq cihazı istifadəçi başının hərəkətlərini təyin edir və rahat naqilsiz idarəetmə cihazı ilə təchiz olunub. Oculus Go-nun çalışması üçün heç bir smartfona ehtiyac yoxdur. Bununla belə o, Samsung Gear VR tətbiq və oyunlarını dəstəkləyir.

Facebook Messenger-in yenilənməsi

Şirkət öz messenceri üçün böyük yenilənməni təqdim etməyə hazırlaşır. Sözügedən yenilənmə sayəsində messencer daha sürətlə çalışmağa başlayacaq. Yenilənmə haqqında məlumat az olsa da artıq məlumdur ki, messencerin aşağı naviqasiya hissəsi 3 qovluqdan ibarət olacaq və həmin qovluqlar müxtəlif dialoq qruplarına sürətli keçidi reallaşdıracaqlar.

Whatsapp-da qrup videozəngləri və stikerlər

Yaxın bir neçə ay ərzində Whatsapp-a qrup videozəngləri əlavə olunacaq. Həmin videozənglərdə 4 nəfər şəxs iştirak edə biləcək. Bundan əlavə olaraq həmdə çoxdan gözlənilən stikerlər funksiyası da bu məşhur messencerə əlavə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256