İKT

Elektrik ev əşyaları alarkən – BUNLARA DİQQƏT EDİN
28 MART
187

Elektrik ev əşyaları alarkən – BUNLARA DİQQƏT EDİN

2018-03-28 12:52:00

Elmi-texnoloji inkişafla əlaqədar olaraq elektrik və elektron ev əşyaları sürətlə yeniləşməkdə və hər gün bazara yeni texnologiyalara görə istehsal edilmiş məhsullar təqdim edilməkdədir. Bu səbəbdən istehlakçıların seçim etməsi kifayyət qədər çətindir.

Fins.az xəbər verir ki, qzərində istehsalçı müəssisə barədə heç bir məlumat göstərilməmiş, mənşəyi bəlli olmayan müxtəlif çeşidli elektrik avadanlıqlarının satışı və istifadəsi istehlakçıların həyatı və təhlükəsizliyi baxımından yolverilməzdir. İstehlakçıların bu malların alınması zamanı fikir verilməli olan məsələlər barədə kifayyət qədər məlumatlı olmaması satıcılar tərəfindən onların aldadılmasına şərait yarada bilər. Ona görə də, bu avadanlıqları alarkən nəyə diqqət edilməsi ilə bağlı bəzi məlumatları istehlakçıların nəzərinə çatdırılmasını zəruri hesab edirik.

Bildiyimiz kimi hər bir mal normativ-texniki sənədlərin, o cümlədən müvafiq standartların, texniki şərtlərin, eləcə də alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə uyğun olaraq hazırlanmalı və satışa çıxarılmalıdır. Əgər malların keyfiyyət xüsusiyyətləri və digər əlamətləri onun hazırlanmasında istinad olunan müvafiq standartın və digər normativ-texniki sənədlərin tələblərinə, alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə, habelə istehsalçının və ya satıcının mal haqqında verdiyi məlumata uyğun gəlmirsə, onda həmin malda qüsur olduğunu və ya onun saxtalaşdırıldığını iddia etmək mümkündür.

İstehlakçı olaraq ticarət oibyektinə daxil olarkən birinci növbədə eyni profilli ev əşyalarını marka və çeşidinə görə müqayisə edin. Apardığınız müqayisələrdən sonra ehtiyacınıza ən uyğun olanları seçin. Düzgün seçim etdiyiniz təqdirdə ehtiyacınızı tam olaraq uyğun gəlməyən əşya almayacaq, eyni zamanda sizə lazım olmayan funksiyalara malik daha bahalı əşyaya artıq pul ödəməyərək budcənizə qənaət etmiş olacaqsınız.

Seçim etdikdən sonra bu əşyaların istifadə qaydalarını, lazım olan işi görməkdə sizə verəcəyi faydanı, qüsurlu olub-olmadığını, texniki servis xidmətləri, qiyməti, evə çatdırılması və quraşdırılması barədə məlumatları satıcıdan öyrənin. Bilin ki bu mövcud qanunvericiliklə istehlakçının əsas hüquqlarından biri mal haqqında informasiya əldə etməkdən ibarətdir və satıcı həmin məlumatları sizə verməyə borcludur. İnformasiya zəruri və düzgün olmalıdır. Zəruri informasiya dedikdə malın istehlak xassələri və istifadə qaydalarını ifadə edən məlumat başa düşülür. Məlumat alıcıya elə həcmdə və məzmunda verilməlidir ki, bu, malın xüsusiyyətləri, ondan istifadə qaydaları və s. barədə alıcıda dəqiq təsəvvür yarada bilsin. Düzgün informasiya dedikdə, onda ifadə olunan məlumatların mal haqqında həqiqətə uyğun gələn, yanlış olmayan məlumatlar başa düşülür.

Bundan əlavə zəmanətlə satılan elektrik ev əşyaları alarkən onların zəmanət talonunu tələb edin və orda göstərilmiş şərtlərə diqqət yetirməklə bütün vacib məqamların aydınlaşdırılmsına çalışın. Nəzərə alın ki, bu malların texniki pasportu və istifadə qaydalarında istifadə və qulluq haqqında kifayət qədər dolğun məlumat olmalı, istifadəsi, qulluğu və təmizlənməsi asan olmalıdır. Bu malların daha sərfəli olmasını aydınlaşdırmaq üçün onların enerji sərfiyyatı normasını öyrənin, az enerji sərfiyyatlı ev əşyalarına ustünlük verin. Nəzərə alın ki, satışa çıxarılmış bu növ mallar mövcud standartların tələblərinə cavab verməli, etibarlı və davamlı olmalıdır.Komplektləşdirici məmulatların zəmanət müddəti, qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın özünün zəmanət müddətindən az olmamalıdır.

Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan digər sənəddə göstərilir. Bundan əlavə həmin sənəddə malın istehsalçısı və satıcısı haqqında dolğun məlumat olmalı, ehtiyat hissə təchizatı kifayət qədər, satışdan sonrakı texniki servis xidməti əhatəli və yetərli olmalıdır. İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə, texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir.

Sonda bir daha istehlakçıların nəzərinə çatdırmaq istəyirik ki, bu malları alarkən diqqətli olun, alqı-satqını müqavilə əsasında həyata keçirin, eyni zamanda zəmanət müddəti daha çox olan mallara üstünlük verin. Bu məsələlər nəzərə alındığı təqdirdə gələcəkdə pozulmuş hüquqlarınızın təmin olunması mümkündür və bu məqsədlə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278