İKT

TRT-1 kanalının yayımı bərpa edilməyə bilər
03 NOYABR
264

TRT-1 kanalının yayımı bərpa edilməyə bilər

2016-11-03 08:46:00

“Türkiyənin TRT 1 telekanalının Bakı və Abşeron yarımadasında açıq yayımda bərpası üçün müqavilə bağlanmalıdır. Müqavilə bağlanacaqsa, telekanalın yayımı bərpa olunacaq, müqavilə bağlanmayacaqsa, bərpa edilməyəcək”. Fins.az saytı xəbər verir ki, bunu APA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (İB) texniki direktoru Mikayıl Abbasov deyib. 

O bildirib ki, Türkiyə tərəfi müqavilə bağlamasa, TRT 1-in yayımı bərpa edilə bilməz: “Məsələ ilə bağlı qarşı tərəfi məlumatlandırmışıq. Ankaradan cavab gözləyirlər. Ankaradan cavab alan kimi məsələyə münasibət bildirəcəklər. TRT 1-in açıq yayımda bərpasının konkret hansı tarixdə baş tutacağı ilə bağlı dəqiq söz deməkdə çətinlik çəkirəm. Bu, danışıqlardan, ən əsası qarşı tərəfdən asılıdır”.

M.Abbasov qeyd edib ki, Azərbaycanın yerli kanallarının da yayımı müqavilə əsasında həyata keçirilir: “Əgər ortada hüquqi sənəd, müqavilə yoxdursa, biz TRT 1-in yayımını necə bərpa edə bilərik? Bu, mümkün deyil. Tamaşaçılar TRT 1-i yalnız peyk və kabel şəbəkəsi yayımçıları vasitəsilə izləyə bilərlər”.

Qeyd edək ki, TRT 1 telekanalının rəqəmli yayım üzrə müqaviləsi olmadığına görə dünəndən Bakı və Abşeron yarımadasında yayımı dayandırılıb.

"Türk İşbirliği və Koordinasyon Ajansı Başkanlığı"nın (TİKA) Bakı nümayəndəliyindən isə bildirilib ki, Bakı və Abşeron ərazisində Türkiyənin TRT 1 televiziya kanalının rəqəmli yayımının həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır və qısa zamanda kanalın yayımı bərpa olunacaq.

Nümayəndəlikdən verilən məlumata görə, əvvəldən TRT 1-in Azərbaycan ərazində yayımının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası (MTRŞ) və Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi (Teleradio İB) arasında müqavilələr olub. Telerdio İB ilə olan müqavilə TRT 1-in analoq yayımını təmin edib: "Bakı və Abşeronda rəqəmli televiziya yayımına keçilib. Buna görə də hazırda TİKA ilə Teleradio İB arasında müqavilə layihəsi üzərində iş gedir. Yazışmalar aparılır. Qısa zamanda televiziyanın yayımı ilə bağlı yaranmış problem həll olunacaq". 

Xatırladaq ki, TRT 1 Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləsinə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır. Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb, Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixindən isə bütün ölkə üzrə analoq TV yayımı dayandırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274