ƏMLAK

«Sərfəli qiymətə zavod ala bilərsiniz» – İŞ ADAMLARINA TƏKLİF
11 İYUL
339

«Sərfəli qiymətə zavod ala bilərsiniz» – İŞ ADAMLARINA TƏKLİF

2018-07-11 17:35:00

Bu il Azərbaycanda 350 iri müəssisə özəlləşdiriləcək. Fins.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) iyulun 11-də Lənkəranda yerli iş adamları üçün özəlləşdimə ilə bağlı keçirdiyi təqdimatda bildirilib.  “Lənkəran iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiya imkanları” mövzusunda təşkil edilən işgüzar forumda ətraf rayonlardan olan 100-dək şirkət və iş adamı iştirak edib.  
 Forumda iş adamlarına özəlləşmə prosesindəki yeniliklər və özəlləşdirilən əmlaklar haqqında məlumat verilib. Tədbirdə ƏMDK-nin şöbə müdiri Yalçın Camalov bildirib ki, özəlləşmə prosesi tamamilə elektronlaşıb – elektron hərracın tətbiqi və hərracları onlayn izləmək imkanı sayəsində istənilən şəxs evdən və ya ofisdən çıxmadan da əmlak ala bilər. Belə ki, yenidən istifadəyə verilməsinə baxmayaraq artıq 30-a yaxın vətəndaş evdən çıxmadan hərraca qatılıb. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı sifarişlərin 100-ə yaxını isə elektron şəkildə həyata keçirilib. Ümumilikdə hərracların 75-i isə rəqabətli şəkildə baş tutub.
 Tədbirdə bildirilib ki, özəlləşdiməyə çıxarılan dövlət əmlakları müstəqil qiymətləndiricilər cəlb olunmaqla sırf bazar prinsipləri əsasında qiymətləndirilir və açıq hərraclar vasitəsi ilə satışa yönəldilir. Bu zaman həmin əmlakların yerləşdiyi torpaq sahələri də birlikdə özəlləşdirilir. Məqsəd odur ki, sahibkarlar həmin əmlakları təkrar bazardan deyil, daha əlverişli bazar olan – hərrac və müsabiqələrdən əldə etsinlər. Bildirilib ki, cari il ərzində ümumilikdə 114 hərrac keçirilib, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 350-yə yaxın iri və kiçik həcmli dövlət əmlakı özəlləşdirilib.
 Özəlləşdirilmə prosesinin daha da sürətləndirilməsinə imkan verən Özəlləşdirilmə portalı bütün investorlar üçün biznes portfelinə uyğun olaraq daşınmaz əmlak seçimi ilə bağlı geniş imkanlar yaradır. Nəticədə isə portala baxış sayı 2 milyona yaxınlaşıb. 
 Əcnəbi sərmayəçilərin özəlləşmə prosesində iştirakını təmin etmək məqsədilə mütəmadi olaraq xarici ölkələrdə forumlar keçirilir, təbliğat, maarifləndirmə işləri də aparılır. 
 Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayev bildirib ki, özəlləşmə sahəsində yaradılan geniş şərait regionlarda eləcə də Lənkəran şəhərində yeni sahibkarlıq subyektinin formalaşmasına imkan verir. İcra başçısının müavini deyib ki, Lənkəranda özəlləşməyə çıxarılan müəssisələrin fəaliyyətinin yenidən qurulması və işə başlaması rayonun iqtisadi potensialının artmasına və yeni iş yerlərinin açılmasına şərait yaradır. İcra başçısının müavini iş adamlarını özəlləşmə prosesində fəallığı artırmağa çağırıb. 
 Sonra Komitə ilə Azərbaycan Çay İstehsalçıları və İxracatçıları, eləcə də Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyaları arasında əməkdaşlıq memorandumları imzalanıb.  Memorandumun əsas məqsədi Assosiasiyanın üzvü olan sahibkarlarla səmərəli əlaqələrin yaradılması, onların müvafiq sahələr üzrə özəlləşməyə cəlb edilməsi, eləcə də həmin investorlar haqqında məlumat bazasının formalaşdırılması, mütəmadi işgüzar görüşlərin keçirilməsidir. Eyni zamanda özəlləşdiriləcək müəssisələrə  Assosiasiyanın üzvlərinin iştirakı ilə infoturun təşkili də əsas məsələlərdəndir.   Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda təqdimat edilib. Təqdimatda özəlləşdirmə prosesində tətbiq olunan yeni innovativ üsullar, hərrac və müsabiqələrdə iştirak qaydaları, özəlləşdirməyə çıxarılacaq müəssisələr barəsində məlumat verilib. 
 Sahibkarlar Lənkəran iqtisadi rayonunda özəlləşdirilməsi nəzərdə tutulan 35-ə yaxın müəssisələr haqqında ətraflı informasiya əldə ediblər. Həmin müəssislərin biznes portfeli, iqtisadi göstəriciləri, bazardakı mövqeyi barədə məlumatlar investorlara çatdırılıb. Bildirilib ki, bu müəssisələrin 12-si xidmət, 5-i istehsal, 4-ü mədəniyyət, 4-ü üzümçülük, hər biri üzrə 2 olmaqla kənd təsərrüfatı, şərabçılıq, quşçuluq, 1-i çayçılıq sahəsinə aiddir. Eyni zamanda respublika üzrə özəlləşməyə açıq elan edilən 350-yə yaxın müəssisələr haqqında da məlumat verilib. Qeyd edilib ki, bunlardan 142-si sənaye, 65-i xidmət, 58-i kənd təsərrüfatı, 32-si turizm, 14-ü səhiyyə, 13-ü isə təhsil sahəsinə aiddir. 
 İnnovativ yenilik, xüsusi model olan Elektron hərracın tətbiqindən də danışılıb. Bildirilib ki, sistem investorların sadə üsullarla əmlak sahib olmasına, istənilən yerdən hərraclara qoşulmasına imkan verir. Sistemin tətbiqi zaman və məkan məfhumunu aradan qaldırıb. 
 Sonda özəlləşdirmə prosesi ilə bağlı sahibkarları maraqlandıran çoxsaylı suallar komitə nümayəndələri tərəfindən cavablandırılıb. Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən belə tədbirlər gələcəkdə digər iqtisadi rayonlarda da keçiriləcək. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272