ƏMLAK

Sənaye parkı Mingəçevirdə əmlakı bahalaşdıracaqmı?
29 İYUN
260

Sənaye parkı Mingəçevirdə əmlakı bahalaşdıracaqmı?

2018-06-29 11:52:00

Regionlarında yeni sənaye və aqroparkaların yaradılması ilə bağlı planlar bölgələrin əmlak bazarına da təsir göstərəcək. Fins.az xəbər verir ki, investorların aktivləşəcəyi təqdirdə bəzi rayonlarda artıq evlərin və obyektlərin qiymətlərinin dəyişdiyini müşahidə etmək mümkün olacaq.
 Yeni sənaye parkı salınan və bu sahədə böyük ümidlər bəslənən bölgələrdən biri də Mingəçevirdir. Burada eyni zamanda köhnə fabrik və zavodların müasir standartlar çərçivəsində yenidən işə salınmasına başlanıb. Bütün bunlar insanların məşğulluğunun və gəlirlərinin artmasına xidmət  edəcək. Mütəxəssislər hesab edirlər ki, həmin layihələr işə düşdükdən sonra daşınmaz əmlak bazarında da canlanma gözlənilir.

 Mənzillərin ucuzlaşmasına nə “kömək etdi”? 
 Hələlik isə Mingəçevirdə evlərin, obyektlərin qiymətində son bir ildə ciddi dəyişiklik müşahidə edilmir. Bunun bir səbəbi şəhər əhalisinin alıcılıq qabiliyyətinin aşağı olmasıdır. Digər mühüm səbəb isə Rusiya iqtisadiyyatında baş verən dəyişikliklərdir.    

Eəcə də bax: Kirayə mənzillər ucuzlaşdı 

Mingəçevirdə daşınmaz əmlak alqı-satğısı ilə məşğul olan Elxan Bayramov deyir ki, son 1 ilə qədər şəhərdə evləri daha çox Rusiyada, Ukrayada yaşayan azərbaycanlılar investisiya etmək məqsədilə alırdılar. Lakin indi tendensiya əksinə dönüb. Rusiyada dolların bahalaşmasından sonra həmin  vətəndaşlar orada çalışdıqları sahələrdə çətinliklərlə üzləşiblər. Bu səbəbdən onlar Mingəçevirdəki əmlaklarını sataraq geri dönür, yenidən Rusiyada  öz bizneslərinin inkişafına yatırım edirlər.
“Vaxtilə imkanları var idi, əmlak alırdılar. İndi Rusiyada da vəziyyət ağırdı. Ona görə aldıqlarını satıb qayıdıb gedirlər ki, oradakı işlərini itirməsinlər”.
Şəhərdə evlərin ucuzlaşmasına 2015-ci ildə baş verən devalvasiya da təsir edib. Şəhərdə əmlakların alışı zəifləyib və qiymətlər ucuzlaşıb: «2 il əvvəl şəhərin mərkəzində “Leninqrad” layihəli binalarda 2 otaqlı orta təmirli evlər təxminən 40 min dollar idi. O vaxtki kursla bu  60 min manat yaxın vəsait idi. İndi həmin mənzillər 40 min manata təklif olunur».
 E.Bayramovun sözlərinə görə, indi şəhərdə 1 və 2 otaqlı mənzillərə tələbat daha çoxdur. Səbəbi odur ki, əvvəla belə evlərin alıcısı daha çoxdur, eyni zamanda kiçik ölçülü mənzillər həm də başqa məqsədlər üçün istifadə edilir: “1 və 2 otaqlı evləri əsasən, kirayə vermək və ya sadəcə yatırım etmək  üçün alırlar. Ona görə onlara tələbat daha çoxdur”.
 Ən çox bu evləri alırlar
 Yeri gəlmişkən, indi Mingəçevirdə mərkəzdən bir qədər aralıda – Toxuculuq Zavodunun ətrafında, Köhnə Uşaq Xəstəxanasının yaxınlığında, Kürün sahilinə yaxın ərazilərdə 2 otaqlı evlərin qiyməti mərtəbəsindən asılı olaraq 28-32 min manat arasında dəyişir. Əvvəl isə həmin ərazilərdə bu qiymət 32-35 min manat olub.
 Ətraf qəsəbələrdə isə 2 otaqlı mənzillərin qiyməti bir qədər də ucuzdur - 22-25 min manat. Qeyd edək ki, 2 il öncə  həmin evlər  28-29 min manata təklif edilirdi. Həmin ərazilərdə daha çox tələbat olan 1 otaqlı orta təmirli mənzillərin satış qiyməti isə mərtəbəsindən asılı olaraq  18-20 min manat arasında dəyişir. Əvvəl isə bu qiymətlər 21-23 min manat olub. 1 otaqlı orta təmirli mənzillər mərkəzdə daha bahadır - 26-28 min manat. Ev təmirsiz olarsa qiymət bir qədər aşağı olacaq – 25 min manat.
 3-4 otaqlı mənzillərə isə tələbat aşağıdır. 3 otaqlılar şəhərin mərkəzində 38-42 min manata, ətraf qəsəbələrdə 35-36 min manata təklif edilir. Halbuki, 2 il öncə bu rəqəmlər müvafiq olaraq 60-70 min manat və 40-42 min manat arasında dəyişirdi. 4 otaqlı mənzillərin qiyməti  isə mərkəzdə 43 min manatdan başlayır. Şəhərdən kənarda isə bu qiymət 38-39 min manatdır.
 Şəhərdə torpaq da ucuzlaşıb
 Əmlak mütəxəssisləri Mingəçevirdə yaradılacaq Sənaye parkının və yeni açılacaq müəssisələrin əmlak bazarını canlandıracağını düşünürlər: «Zavodlar tikilib tam hazır olandan və iş yerləri açılandan sonra şəhərdə yaşayış səviyyəsi və alıcılıq qabiliyyəti də yüksələcək». 
Hələlik isə hazırda Mingəçevirdə torpaq sahələrinə də maraq elə də böyük deyil. İndi şəhərin mərkəzində 1 sot torpaq sahəsi  10-12 min manata satılır. Kürün sahilində 1 sot torpaq üçün minimum qiymət 15 min manatdır.  Ətraf ərazilərdə 14-13 min manata da almaq mümkündür.
Mingəçevir kəndində və digər qəsəbələrdə isə torpağın qiyməti bundan təqribən 10 dəfə ucuzdur. Həmin ərazilərdə torpağın sotu 1000-1200 manat, bəzi ərazilərdə hətta 800 manata təklif edilir.
Torpaqların qiyməti mövsümdən asılı olaraq da dəyişir. Şəhərin  “Az DRES” qəsəbəsində daşınmaz əmlak satışı ilə məşğul olan Savalan Verdiyev bildirir ki, yaz-yay aylarında torpaqlar bir qədər bahalaşır: «Adətən yaz aylarında həyət evlərinə maraq artır. Tələbat artdıqda qiymət də qalxır. Payızda, qışda “Az DRES” qəsəbəsində 1 sot torpağın orta qiyməti 1000 manat olurdusa, yaz-yay aylarında qiymətlər 200-300 manat yüksəlir. Əsas küçə sayılan Naxçıvan prospektində torpağın 1 sotunun dəyəri 1000-4000 manat arasında dəyişir. Halbuki, 2 il əvvəl burada qiymət 5000 manat idi. Bir az içərilərə getdikcə, məsələn, Tərəvəzçilik Sovxozunda, İncilli qəsəbəsində qiymət nisbətən ucuzdur. Həmin ərazilərdə torpağın sotunu 800-1000 manata almaq olar. Bəzi yerlərdə məsələn,  Qarabağ kanalın kənarında 500-600 manata da almaq olar. Orada torpaqlar nəm çəkdiyindən ucuz satılır».
 Həyət evlərinə tələbat artır
 Əvəzində şəhərdə fərdi evlərə tələbat artıb. Mingəçevirin “Az DRES” qəsəbəsində daşınmaz əmlak satışı ilə məşğul olan Savalan Verdiyev bildirir ki, həyət evlərinə tələbat əsasən yaz-yay aylarında artır.
Həyət evləri adətən 3 otaqdan başlayır. Qəsəbənin mərkəzində, Naxçıvan küçəsinin ətrafında belə evlərin qiyməti 50 min manatdan başlayır. Bir qədər kənar yerlərdə isə eyni ölçülü evləri  25 min manat da almaq olar. 
 “Az DRES”də mənzillər neçəyədir?
Şəhərin mərkəzi ilə müqayisədə “AzDRES”-də mənzillərin qiymətində təqribən 20 min manat fərq var. Məsələn, Leninqrad layihəsində olan 3 otaqlı mənzil  mərkəzdə 60-65 min manatdırsa, qəsəbənin mərkəzi küçəsində 35-40 min manat arasında dəyişir.
Qeyd edək ki, burada binalar əsasən 4 tipə bölünür və buna görə qiymətlər də aşağıdakı kimi fərqlənir.
 Dağıstan layihəli binalarda:  
1 otaqlı - 18 500 manat,
2 otaqlı – 23 000 manat
3 otaqlı – 35 000 manat
4 otaqlı – 35000 manat
 “MKD” adlanan layihələrdə:
1 otaqlı – olmur
2 otaqlı – 25 000 manat
3 otaqlı – 30 000 manat
4 otaqlı – 35 000-36 000 manat
 Leninqrad layihəli binalarda: 
1 otaqlı – 19 500 -20 000 manat
2 otaqlı – 27 000 - 30 000 manat
3 otaqlı – 35000 - 40 000 manat
4 otaqlı - 44 000 manat
 Kiyev layihəlli binalarda (əsasən 9 mərtəbəli binalar): 
1 otaqlı - yoxdu
2 otaqlı-   27000 -28 000 manat
3 otaqlı – 30 000 - 35 000 manat
4 otaqlı – 38 000 – 40 000 manat.
 Qeyd edək ki, bu qiymətlər otra təmirli mənzillər üçündür. Əla təmirli mənzillər qiymətləri daha yüksəkdir. Məsələn, Leninqrad layihəli binada 3 otaqlı belə mənzil 55 min manata satılır. 
S.Verdiyev bildirib ki, ev alan vətəndaşların 40-50%-i həmin əmlakları kirayə vermək məqsədilə alırlar. Şəhər sakinlərinin yalnız 30%-i yaşamaq üçün ev alır. 20% hallarda isə əmlaklar  kapital kimi saxlanılır. .
  Obyektlər əsasən mərkəzdə satılır
Mingəçevirdə  ən bahalı obyeklər mərkəzi bazarın qarşısında və şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev prospektində yerləşir. Burada hazır obyektlərin 1 kv.metrinin qiyməti 3000 – 4000 manat arasında dəyişir. Məsələn, 30 kv.metrlik bir dükanı 100-120 min manata təklif edirlər. 
Qeyd edək ki, bazarın qarşısındakı ərazidə əsasən kommersiya obyektləri yerləşir və əhalinin daha sıx olduğu məkandır. Bu da qiymətlərdə özünü  göstərir. Əsasən satışla məşğul olmaq istəyən iş adamları həmin ərazidə obyekt almağa üstünlük verirlər. Satıcıların sözlərinə görə, digər yerlərdə, xüsusilə ətraf qəsəbələrdə alıcı çox azdır. Çünki bütün sahələr artıq tutulub, ticarət və xidmət obyektləri qurulub.
Mərkəzdən bir qədər aralıda Müslüm Maqomayev küçəsində obyektlərin kv.metri 1000 manat, Kürün sahilinə yaxın ərazilərdə isə 1200- 1500 manat arasında dəyişir. Ətraf qəsəbələrdə isə alıcı olmadığından qiymət xeyli ucuzdur. Bu ərazilərdə kv.metri 500 manata olan obyektlər də almaq mümkündür.
 
Mənbə: «Daşınmaz Əmlak» jurnalı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256