ƏMLAK

Bu dövlət əmlakı 90 min manata özəlləşdirildi – HƏRRAC
12 DEKABR 2017
539

Bu dövlət əmlakı 90 min manata özəlləşdirildi – HƏRRAC

2017-12-12 12:53:00
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 12 dekabr tarixində keçirilib. Fins.az xəbər verir ki, bu dəfəki hərracda ümumilikdə 17 əmlak olmaqla 4 kiçik dövlət müəssisə və obyekti, 13 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın müxtəlif rayonlarında, 1-i isə Sumqayıtda yerləşir. Bakı şəhərinin müxtəlif rayonları üzrə 12-i, Sumqayıt şəhəri üzrə isə 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilərək sahibini tapıb.
Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Nizami rayonunda yerləşən “Mebellərin təmiri emalatxanası” olub. Ümumi faydalı sahəsi 322.3 kv.m olan əmlak 90 min manata özəlləşdirilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan Sumqayıt şəhərində yerləşən “8 saylı pitixana” 6 min 500 manata özəlləşdirilib. Kiçik dövlət müəssisəsinin ümumi faydalı sahəsi 190.4 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 226 kv.m-dir.
Hərracın gedişatı zamanı paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi rəqabətli hərrac nəticəsində özəlləşdirilib. Belə ki, ilkin satış qiyməti 5 min 500 manat olan əmlak 11 min 700 manata özəlləşdirilərək sahibini tapıb. Rəqabətli şəkildə özəlləşdirilən digər obyekt də paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir. Qeyd olunan əmlak son olaraq 12 min 700 manata özəlləşdirilib.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
Özəlləşdirmə prosesinin sürətlənməsi müxtəlif rayonların, regionların sosial-iqtisadi inkişafına müsbət təsir edir. Özəlləşdirilən hər bir əmlak yeni iş yerinin açılması, məşğulluğun səviyyəsinin artması deməkdir.
Qeyd edək ki, komitə tərəfindən tətbiq olunan son yeniliyə əsasən artıq bütün əmlaklar elektron hərrac vasitəsilə özəlləşdirilə bilər. Elektron hərrac xidmətinin əsas prioritet prinsiplərdən biri də məkan məfhumunun aradan qaldırılması, zaman faktorunun minimumlaşdırılması, iştirak prosedurlarının sadələşdirilməsidir.  Hərracları həmçinin onlayn olaraq emdk.gov.az saytına keçməklə də izləmək mümkündür.
 İstənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçmiş sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir.
Qeyd edək ki, hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.
Xatırladaq ki, komitə tərəfindən növbəti belə hərrac 19 dekabrda keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 68 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 24-ü kiçik dövlət müəssisə və obyekti, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 25-i səhmdar cəmiyyət, 11-i isə nəqliyyat vasitələridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251