ƏMLAK

Hərracda 19 şirkət və obyekt satıldı
29 NOYABR
179

Hərracda 19 şirkət və obyekt satıldı

2016-11-29 13:11:00

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün noyabrın 29-da keçirdiyi hərracda 19 dövlət əmlakı özəlləşdirilib. Fins.az xəbər verir ki,  onlardan  6-sı kiçik dövlət müəssisəsi, 3-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si səhmdar cəmiyyəti, 8-i isə  nəqliyyat vasitəsidir.

İnvestorlar və əmlak sahibi olmaq istəyən vətəndaşlar hazırda kifayət qədər sadə proseduru icra etməklə belə hərraclara qatıla bilir. Vətəndaş elan olunan hər bir hərrac üzrə komitənin Özəlləşdirmə portalı (privatization.az) üzərindən hərraca çıxarılan əmlaklarla (foto, mətn və xəritə məlumatları) tanış olur. Daha sonra seçdiyi əmlak üzrə “sifariş ver” düyməsini sıxaraq və əmlakın satış qiymətinin 10% məbləğində behi elektron ödəyərək hərracda iştirakçı statusu qazanır.

Xatırladaq ki, hərraclar barədə elanlar, eyni zamanda, komitənin rəsmi internet səhifəsində və facebook hesabında da əks olunur. Hərrac günü prosesi əyani görmək istəyən vətəndaşlar və media nümayəndələri hərrac məkanına gəlib və gedişatı izləyiblər. Monitorlar vasitəsilə hərraca çıxarılmış hər bir əmlak barədə qısa məlumat verilib. Həmçinin canlı bağlantı sayəsində regionlar üzrə davam edən hərraclar da izlənilib.

Bir istifadəsiz qeyri-yaşayış sahəsi və bir nəqliyyat vasitəsi üzrə hərrac rəqabətli şəraitdə keçib. Özəlləşdirilən kiçik dövlət müəssisələrinin 3-ü paytaxtda, 1-i Gəncədə, 2-si Tovuzda, qeyri-yaşayış sahələrinin 1-i Bakıda, 2-si isə Göyçayda yerləşir. Hərracda təklif olunan ən yüksək qiymət Gəncə şəhərindəki “Sünbül” kafesi və Tovuz rayonundakı Tara bazasının anbar binası üzrə qeydə alınıb. Belə ki, bu əmlaklar müvafiq olaraq 100 min və 68 min manata satılıb.

Paytaxın Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Elnur” kafesi 40 min manata, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki qeyri-yaşayış sahəsi isə 25 min manata özəlləşdirilib.

Hərracda satılmış 2 iri müəssisə sənaye və aqrar sahələrə aiddir. “Metalqab” və “Zaqatala Kəndkimya” səhmdar cəmiyyətlərinin özəlləşmədən sonra yeni sərmayə yatırımı nəticəsində fəaliyyətini daha səmərəli və kompleks şəkildə bərpa edəcək, sənaye və aqrar sektorun inkişafına öz təsirini göstərəcək.

Qeyd edək ki, hərrac nəticəsində dövlət büdcəsinə 0,5 milyon manata yaxın vəsait köçürüləcək.

Komitə tərəfindən növbəti hərrac 06 dekabr tarixinə təyin olunub. Hərraca çıxarılan 100 əmlakdan 26-sı səhmdar cəmiyyəti, 50-si kiçik dövlət müəssisə və obyekti, 24-ü nəqliyyat vasitəsidir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiymətinə təklif olunan dövlət əmlakları Balakəndə yerləşən əmlak kompleksi və paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC-dir. Belə ki, bu əmlaklar müvafiq olaraq 1 milyon yüz min manat və 1 milyon 75 min manat ilkin satış qiyməti ilə təklif olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272