ƏMLAK

Kərəm Həsənov Siyəzəndə vətəndaşları qəbul edib
25 İYUN
283

Kərəm Həsənov Siyəzəndə vətəndaşları qəbul edib

2016-06-25 11:07:00

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Siyəzəndə Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarından olan vətəndaşları qəbul edib.

Fins.az-ın məlumatına görə, müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar öz müraciətlərini komitə sədrinə çatdırıblar.

Əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olub. Vətəndaşların bir qismi pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı, belə torpaqlarda sərhədlərin dəqiqləşdirilməsi üçün müraciətlərini bildiriblər. Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.

Qəbulda səsləndirilən bir sıra müraciətlər komitə sədri tərəfindən verilən göstərişlər nəticəsində dərhal həllini tapıb. Müraciətlər və suallarla bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri və zəruri prosedurlar izah olunub. Araşdırılması vacib olan müraciətlər isə qeydiyyata alınıb.

Komitə sədri qəbulda diqqətə çatdırıb ki, vətəndaşların sorğularını və təkliflərini nəzərə alaraq geniş hüquqi məsləhət xidmətləri göstərilir. İstənilən vətəndaş hər hansı hüquqi əməliyyat aparmazdan əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsində təmənnasız olaraq hüquqi yardımdan faydalana bilər. Komitənin hüquqşünasları və ekspertləri vətəndaşın qeydiyyatla bağlı istənilən sualını, o cümlədən yeni əmlakların qeydiyyata alınması, hüquqi sənədlərin tələblərə uyğunluğu ilə bağlı məsələlər barədə müraciətini cavablandırır və ona hüquqi istiqamət verir.

Qəbul zamanı komitə sədri torpaq idarəçiliyi və mühafizəsi məsələlərinə toxunub. Bildirilib ki, torpaqların hüquqi rejiminə və kateqoriyasına uyğun istifadəsi son nəticədə həm vətəndaşların, həm də dövlətin mülkiyyət mənafelərinə xidmət edir. Məqsədli istifadəyə riayət olunması torpaqların iqtisadi dövriyyəsini və səmərəsini artırır, torpaq münbitliyinin korlanması və meydana çıxa biləcək hüquqi mübahisələrin qarşısını alır. Qeyd olunub ki, torpaq idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır. Dövlət başçısı tərəfindən imzalanmış müvafiq Fərmana əsasən Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılmaqdadır. Bu tədbirlərin məqsədi torpaqların vahid elektron uçotunu formalaşdırmaq, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların dəqiq həcmini müəyyənləşdirmək, faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaqdır.

Komitənin vətəndaşlara xidmətlərdə rahatlıq, şəffaflıq və əlçatanlıq prinsiplərinin gücləndirilməsi barədə həyata keçirdiyi sosial tədbirlər barədə də qeyd olunub. Məmnunluğun artırılması məqsədilə Bakı və regionlarda “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin intensiv həyata keçirildiyi, elektron, onlayn və SMS xidmətlərin əhalinin aktiv istifadəsində olduğu vurğulanıb.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və müraciətlərinə baxılıb. Qarşıdakı dövrdə də belə vətəndaş qəbullarının keçirilməsi davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272