ƏMLAK

Daşınmaz əmlak üçün SMS xidmətləri - YENİLİK
07 İYUN
511

Daşınmaz əmlak üçün SMS xidmətləri - YENİLİK

2016-06-07 12:12:00

Azərbaycanda  daşınmaz əmlakın qeydiyyatı və onunla bağlı əməliyyatları sadələşdirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) tətbiq etdiyi ən maraqlı yeniliklərdən biri də SMS xidmətləridir.

Hazırda ƏMDK vətəndaşlara 3 SMS xidməti göstərir. Həmin xidmətlər 1 ildən çoxdur ki, tətbiq olunur. Söhbət mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müəyyən məlumatların əldə edilməsindən gedir.

Bunlar daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının məbləği, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyəti və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqının məbləğidir. 

SMS xidməti 1 - Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi 

Bu xidmətin tətbiqi ölkə vətəndaşlarına və hüquqi şəxslərə qeydiyatla bağlı xərcləri dəqiqləşdirməyə imkan verir. Məsələn, daşınmaz əmlakını qeydiyyatdan keçirən vətəndaş bunun üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edir. Qeydiyyat xərcləri iki hissədən ibarətdir - dövlət rüsumu və xidmət haqqı. Dövlət rüsumunun məbləği konkret olsa da, xidmət haqqının məbləği müxtəlif göstəricilərdən asılı olaraq dəyişir. Son məbləğ qeydiyyat prosesi başa çatdıqdan sonra dəqiqləşir. Nəticədə vətəndaş bu məbləği yalnız hazır sənədi aldıqda öyrənirdi.

Xidmət haqqının öyrənilməsi üçün SMS xidmətin istifadəyə verilməsindən sonra isə vəziyyət dəyişib –xidmət haqqı barədə məlumatı artıq qeydiyyat idarəsinə gəlmədən SMS vasitəsilə əldə etmək olar. Vətəndaş müraciət nömrəsini SMS-lə 9193-ə göndərməklə xidmət haqqının məbləğini öyrənir. Həmin xidmət haqqı banka ödənildikdən sonra qeydiyyat sənədi vətəndaşa təqdim olunur. Eyni zamanda, xidmət haqqını ərazi qeydiyyat idarələrinin özündə ödəmək üçün burada ödəmə məntəqələri (“PayPoint”) də quraşdırılıb. 

SMS xidməti 2 - Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin icra vəziyyətinin öyrənilməsi 

Digər SMS xidmət daşınmaz əmlakın qeydiyyatı üçün müraciətin icra vəziyyətinin öyrənilməsinə aiddir. Vətəndaş müraciət nömrəsini 9193-ə göndərməklə müraciətin icra vəziyyəti barədə dərhal məlumat əldə edə bilir. Bu SMS-də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı lazımi sənədin hazır olma tarixi göstərilir. Yeni xidmətin sayəsində vətəndaş qeydiyyat prosesində vaxt itirmir. Belə ki, qaydalara görə, daşınmaz əmlakın qeydiyyatı prosesi maksimum 20 gün ərzində tamamlanmalıdır, adətən vətəndaşlar hazır sənədi götürmək üçün ərazi idarələrinə məhz bu müddətdən s onra müraciət edirdər. Amma tamamilə mümkündür ki, qeydiyyat prosesi daha tez – bir neçə günə tamamlansın. SMS xidmətinin işə düşməsi nəticəsində vətəndaş 20 gün gözləməyərək sənədi hazır olan kimi onu götürmək imkanı qazanır. 

SMS xidməti 3 - Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi 

Növbəti SMS xidməti isə dövlət əmlakını icarəyə götürən şəxslərin ödəməli olduğu icarə haqqı ilə bağlıdır. Bu xidmət dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış müqavilələr üzrə icarə haqqı borcunu öyrənmək imkanı yaradıb. Belə ki, hüquqi və fiziki şəxslər icarə müqaviləsinin kodunu SMS-lə 9193-ə göndərərək borcu barədə məlumat ala bilir. Eyni zamanda, komitə tərəfindən bütün icarəçilərə (dövlət əmlakını icarəyə götürmüş şəxslərə) ayda bir dəfə icarə borcu barədə SMS məlumat göndərilir.

SMS xidmətlərinin üstünlüyü

Qeyd etdiyimiz kimi, SMS xidmətləri ƏMDK-nin təqdim etdiyi 31 elektron xidmətlərdən yalnız 3-dür. Komitənin çoxsaylı elektron və onlayn xidmətləri olduğu halda SMS xidmətlərinin də mövcudluğu ilk baxışdan artıq görünə bilər. Amma bu belə deyil. SMS xidmətlərinin digər elektron xidmətlərdən mühüm üstünlüyü var ki, bu da internetə ehtiyacın olmamasıdır. Belə ki, SMS xidmətlərindən istifadə etmək üçün xüsusi olaraq qeydiyyatdan keçmək, elektron imza və digər prosedurlar tələb olunmur. Mobil telefonun olması bu xidmətlərdən istifadə üçün tam kifayət edir. Ona görə də, SMS xidmətlərindən daha geniş əhali kütləsi və biznes qurumları daha rahat istifadə etmək imkanındadır.

Bu xidmətlər həm də ƏMDK-nın istifadəyə verdiyi 31 elektron xidmətdən 3-üdür. SMS-li xidmətlərin yaradılmasında məqsəd şəffaflığın səviyyəsini daha da yüksəltmək, vətəndaşlara çevik xidmət göstərmək, bununla onların məmnunluğunu artırmaqdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275