ƏMLAK

Azərbaycanda istifadəsiz torpaqlardan vergi 170 dəfə artırılır
18 APREL
476

Azərbaycanda istifadəsiz torpaqlardan vergi 170 dəfə artırılır

2016-04-18 12:48:00

Azərbaycan hökuməti kənd təsərrüfatı torpaqlarından təyinatı üzrə istifadə edilməməsinə qarşı sərt tədbirlərə başlayır. Ölkədə təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqlarından vergilər kəskin artırılacaq. Bu barədə aprelin 18-dən Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirilib. İclasda müzakirə olunan məsələlərdən biri "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi olub.

İclasda Vergilər Nairliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib ki, Məcəlləyə edilən dəyişikliklər ilk növbədə aqrar sahənin daha da inkişafını nəzərdə tutur.

Onun sözlərinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan təyinatına uyğun istifadə etməyənlər üçün vergi dərəcələri artırılır. "İndiyə qədər kənd təsərrüfatına yararlı torpaqlardan istifadə etməməyə görə hər 100 kvadratmetrə görə 6 qəpik vergi nəzərdə tutulurdusa, bundan sonra bu məbləğ artaraq 10 manat təşkil edəcək. Bundan sonra kənd təsərrüfatına yararlı torpaqlardan üzrlü səbəb olmadan təyinatına uyğun olaraq istifadə etməyənlər 10 manat məbləğində vergi ödəməli olacaq", - deyə S. Musayeva qeyd edib. S. Musayeva əlavə edib ki, vergi dərəcəsinin artırılması aqrar sektorun inkişafına imkan verəcək. Onun sözlərinə görə, bəzi kənd təsərrüfatına yararlı torpaqlar üzrlü səbəb olmadan uzun müddət təyinatına uyğun istifadə olunmur. Buna görə də kənd təsərrüfatına uyğun torpaqlardan istifadə etməməyə görə vergi dərəcəsinin artırılması bu torpaqlardan təyinatına uyğun istifadəni stimullaşdıracaq. Millət vəkili Vahid Əhmədov Vergilər Məcəlləsinə edilən dəyişikliklərin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, bu, kənd təsərrüfatına yararlı torpaqlardan təyinatına uyğun istifadə edilməsini stimullaşdıracaq. Bununla belə V. Əhmədov bu prosesə nəzarət etməyin vacib olduğunu qeyd edib.

Millət vəkili Əli Məsimli isə bildirib ki, əgər vergilər artırılandan sonra istənilən nəticə əldə edilməzsə, kənd təsərrüfatına yararlı torpaqlardan təyinatına uyğun istifadə edilməsi üçün əlavə inzibati tədbirlər görülməlidir. Sənəd müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272