DÜNYA

Gürcüstanda yeni hökumət fəaliyyətə başladı
10 SENTYABR
79

Gürcüstanda yeni hökumət fəaliyyətə başladı

2019-09-10 10:27:00

Dünən Gürcüstan Prezidenti Salome Zurabişvili Georgi Qaxariyanın baş nazir vəzifəsinə təyin olunması haqqında fərman imzalayıb. Bu barədə Gürcüstan dövlət başçısının kütləvi informasiya vasitələri ilə iş üzrə müşaviri İrina Şengeliya bəyan edib. Məlumatı TASS verib.

“Prezident Salome Zurabişvili Qaxariyanın təyinatı haqqında fərman verib. Bununla da, rəsmi hissə başa çatıb”, – deyə İ.Şengeliya bildirib.

Bir gün əvvəl – sentyabrın 8-də isə Gürcüstan parlamenti Georgi Qaxariyanın başçılığı ilə yeni hökumətə etimad göstərmişdi. Gürcüstan konstitusiyasına görə, ölkə prezidenti baş nazirin təyinatı ilə bağlı fərmanı parlamentin dəstəkləməsindən sonra iki gün ərzində imzalamalıdır.

Bununla da, Qaxariya Gürcüstanın Baş naziri vəzifəsinin icrasına başlayıb. Gürcüstan İctimai televiziyasının dünən verdiyi məlumata görə, Qaxariya artıq hökumətin yerləşdiyi binaya gəlib və özünün iş otağına keçərək rəsmi fəaliyyətə başlayıb.

Xatırladaq ki, sentyabrın 2-də sabiq baş nazir Mamuka Baxtadze istefa verdiyini elan edib. Bundan sonra Gürcüstanda yeni baş nazirin təsdiq edilməsi zərurəti yaranıb.

Gürcüstan hökumətinin mətbuat xidmətinin əməkdaşı Nino Sivsivadze isə elan edib ki, Baş nazir Georgi Qaxariya nazirlərin vəzifələrə təyin edilməsi ilə bağlı fərman imzalayıb. “Artıq nazirlər təyin olunub. Hər bir nazirlə bağlı ayrıca fərman imzalanıb. Bununla da bütün nazirlər rəsmi şəkildə təsdiq edilib”.

Məlumata görə, Maya Tskitişvili regional inkişaf və infrastruktur, Vaxtanq Qomelauri (Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq başçısı) daxili işlər, İrakli Qaribaşvili (sabiq baş nazir) müdafiə və David Zalkaliani xarici işlər naziri təyin ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır