DÜNYA

Tereza Meyin Avropa Birliyinə növbəti müraciəti
08 APREL
77

Tereza Meyin Avropa Birliyinə növbəti müraciəti

2019-04-08 10:08:00

Böyük Britaniyanın baş naziri Tereza Mey Londonun gələcək addımları ilə bağlı partiyalararası razılığa gəlməyə çalışdığı bir vaxtda AB-ə müraciət edərək, “Brexit”-in iyunun 30-dək təxirə salınmasını istəyib. Fins.az-ın Rusiyanın RBC agentliyinə istinadən verdiyi məlumata görə,  Mey məktubunu Avropa Şurasının sədri Donald Tuska göndərib. Britaniya hökuməti ötən ay da həmin tarixə kimi möhlət istəyib, lakin Brüsseldə bu təklif AB liderləri tərəfindən rədd edilib.

Mey sözügedən məktubunda qeyd edib ki, mühafizəkarlarla leyboristlər çıxışla bağlı hüquqi sazişin qəbul edilməsinin vacibliyini qəbul edirlər, amma onlar hələlik Avropa Birliyi ilə gələcək münasibətlər məsələsində konsensus əldə edə bilməyiblər. Mey yazır ki, hər iki tərəfin dəstəkləyəcəyinə söz verdiyi mümkün “Brexit” varianları arasında parlamentə seçim etməyə imkan yaradacaq prosesi leyboristlərlə razılaşdıracağına ümid edir.

Baş nazir bunun parlamentə sazişi ratifikasiya etməyə, lazımi qanunları qəbul etməyə və mayın 22-dək AB-ni tərk etməyə imkan yaradacağını hesab edir. Belə olduğu təqdirdə, Böyük Britaniya Avropa seçkilərində iştirak etməyəcək.

Britaniya Parlamentinin İcmalar Palatası aprelin 4-ü Birləşmiş Krallığın yenidən AB-dən möhlət istəməsini nəzərdə tutan qanunu üçüncü oxunuşda qəbul edib. Mey bu ayın əvvəlində artıq “Brexit” ilə bağlı AB-ə yenidən möhlət üçün müraciət etməyə hazır olduğunu bildirmişdi.

Məlum olub ki, Tusk “Brexit” üçün Britaniyaya 12 aylıq “uyumlu möhlət” təklif etməyi planlaşdırır. London AB-ni daha tez də tərk edə biləcək, ancaq bunun üçün Brüssellə əldə olunan sazişi parlament təqdiləməli, həmçinin AB liderlərinin təcili zirvə toplantısında razılaşdırmalıdır.

Əgər AB rəhbərlərinin aprelin 10-na təyin edilən təcili sammitində “Brexit” ilə bağlı yeni tarix dəqiqləşdirilməsə, Britaniya aprelin 12-i Birliyi tərk etməli olacaq.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266