DÜNYA

2018-ci il ərzində dünya bazarlarında neftin qiyməti niyə və necə dəyişdi?
07 YANVAR
282

2018-ci il ərzində dünya bazarlarında neftin qiyməti niyə və necə dəyişdi?

2019-01-07 20:55:00

Fins.az 2018-ci ildə dünya birjalarında  neftin qiymətinin artmasına və aşağı düşməsinə təsir edən mühüm amillər barədə araşdırmanı təqdim edir.Ötən il inamla artan qiymətlər dövlət ehtiyatlarını doldurmağa imkan yaradıb, ilin sonlarına doğru isə mənfi rekord nümayiş etdirməyə başlayıb. “RBC” agentliyinin müxbiri Anton Feynberq hesab edir ki, “OPEC+” sazişi 2019-cu ildə qiymətlərin bərpasına kömək edəcək. “Bloomberg” terminalının məlumatına əsasən, ötən il “Brent” markalı neftin orta qiyməti 69,8 dollar təşkil edib, oktyabr ayındakı pik həddində 85 dollara çatıb. Lakin ilin sonlarına doğru mənzərə pisləşməyə başlayıb: “Brent” illik minimuma düşərək, az qalıb 50 dollardan da aşağıda qərarlaşsın və nəticədə ili 53,8 dollarlıq səviyyədə başa vurub. 2018-ci ildə neft kotirovkalarının dinamikası bir il öncəki vəziyyətdən kəskin fərqlənib. 2017-ci ilin yekunlarına əsasən, “Brent” markalı neftin orta qiyməti 54,7 dollar təşkil edib, mənfi və müsbət rekordlar arasında fərq isə elə də böyük olmayıb: “Brent” iyunda minimum (49 dollardan az) həddində, dekabrın sonu isə maksimum həddində (63 dollar) olub. Beləliklə, 2017-ci ilin sonu pozitiv şəkil alıb, çox şey vəd edirdisə, 2018-ci ilin dekabrında tam əks mənzərə müşahidə edilib: neft aşağı düşsə də, bazar sıçrayışa hazırlanıb. 100 dollara bəslənən ümidlər... Qiymətlər 2018-ci ilin əvvəlindən kiçik fasilələrlə olsa da, tədricən artmağa davam edib. Neft rallisinin piki isə sentyabrın sonu, oktyabrın əvvəlinə təsadüf edib. “Brent” kotirovkaları 85 dolları üstələyib, treyderlər hətta 100 dollara kimi artım ehtimal edib və buna ümid ediblər. Bir neçə səbəb işə düşüb. Onların arasında noyabrdan ABŞ sanksiyalarına görə İrandan neft ixracının azaldılması və “OPEC+” monitorinq komitəsinin mövqeyi olub. Hasilatın artırılması və bazarın sakitləşdirilməsinə çağıran ABŞ prezidenti Donald Trampın (Donald Trump) bəyanatlarına rəğmən, komitə təcili hasilat artımını istisna edib. Analitiklər bunu biristifadəlik amil hesab etməyiblər. Onlar İrana qarşı tətbiq edilən sanksiyaların 2019-cu ildə də yüksək qiymətləri təmin edəcəyini proqnozlaşdırıblar. Bundan başqa, hasilatın məhdudlaşdırılması haqqında “OPEC+” sazişi də qiymət artımına imkan yaradır. İyulda sazişin Rusiya və Səudiyyə Ərəbistanına hasilatı artırmağa icazə verəcək şəkildə yumşaldılması da kotirokva artımını dayandırmayıb. Neftə qlobal tələbin artması da qiymətlərin yüksəlməsinə səbəb olub. BEA-nin hesabatına əsasən, 2018-ci ildə tələb təxminən 1,3% artıb. Lakin 100 dollara kimi artım barədə proqnozlar özünü doğrultmayıb. Oktyabrdakı pikdən sonra kotirovkalar aşağı düşməyə başlayıb və bu eniş dekabrın sonunadək davam edib. 50 dollara çevrilib... Neft qiymətlərində müşahidə edilən kəskin ucuzlaşma noyabrın ortalarına təsadüf edib: əqdlərin bağlanması qiymətlərinə əsaslansaq, “Brent” markalı neft “ayı” dövrünə (“bear market” - ən yaxın dövrə nisbətən 20%-lik eniş) daxil olub. ABŞ-ın İrana qarşı sanksiyaları gözlənildiyindən daha yumşaq olub. Hərçənd Ağ Ev məqsədinin İslam Respublikasından neft ixracını dayandırmaq olduğunu bildirsə də, səkkiz ölkəyə güzəştə gedib. Belə ki, İran Çin, Hindistan, Yunanıstan, İtaliya, Tayvan, Yaponiya, Türkiyə və Cənubi Koreyaya neft satmaq imkanını saxlayıb. Enişin daha bir səbəbi “OPEC” və BEA-nin pessimist proqnozları olub. Bu təşkilatlar qlobal iqtisadiyyatın zəifləməsi və nəticədə yanacağa tələbin azalmasından dolayı neftə olan tələbat artımının daha az olacağını deyiblər. Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik (RANEPA) və Heydər İnstitutunun iqtisadçıları apardıqları monitorinqdə qeyd ediblər ki, şist hasilatından, eləcə də “OPEC+” sazişində iştirak etməyən ölkələrdə, xüsusilə ABŞ-da hasilatın artmasından dolayı “OPEC+” təşkilatının effektivliyi aşağı düşüb. Dekabrda bir neçə gün yeni “OPEC+” sazişi ilə bazardakı volatilliyə qeyri-müəyyənlik əlavə olunub. Ölkələr həmçinin Rusiyanın qeyri-dəqiq mövqeyinə görə razılığa gələ bilməyiblər. Qarşıdan gələn soyuqlara görə Rusiya hasilatı Səudiyyə Ərəbistanının təklif etdiyi həcmdə azaltmağa hazır olmayıb. Energetika naziri Aleksandr Novak danışıqların aparıldığı Vyanadan Sankt-Peterburqa qayıdıb, prezident Vladimir Putin ilə hasilat həcmini müzakirə edib. “Government shutdown” - ABŞ hökumətinin fəaliyyətini müvəqqəti dayandırması da neft qiymətlərinə dolayı təsir edib. Nə olacaq? “OPEC+” ölkələri hasilatı məhdudlaşdırmaqla bağlı razılığa gəlsələr (bu hadisə dekabrın 7-i baş verib) də, “Brent” markalı neftin qiyməti ucuzlaşıb. ABŞ-da şist hasilatı bumu və qlobal artımın zəifləməsi (buna ilk növbədə ticarət müharibələri təsir edir) ilə əlaqədar izafi təklif kimi amillər sazişin nəticələrindən üstün olub. “OPEC+” sazişinin effekti daha sonra özünü göstərəcək. “JPMorgan” şirkətinin hesabatında deyilir ki, 2019-cu ildə “Brent” markalı neftin orta qiyməti 73 dollar, 2020-ci ildə isə 64 dollar təşkil edəcək. İşgüzar aktivliyin artması və ABŞ tərəfdən təklifin azalmasından dolayı yaxın altı ay ərzində neftə tələb artımı sabit olaraq qalacaq. Ancaq analitiklər xəbərdarlıq edirlər ki, bu hal uzun sürməyəcək. Cari ilin ilk günlərində neftin qiyməti 54-56 dollar təşkil edir. “Bloomberg” agentliyinin sorğusunda iştirak edən analitiklər “Brent” markalı neftin 2019-cu ildə 70 dollar olacağını proqnozlaşdırıb. “OPEC+” sazişi tələb-təklifi balanslaşdırmalıdır. Amma “ ABN AMRO” bankının iqtisadçıları xəbərdarlıq edir ki, Səudiyyə Ərəbistanında hasilatın mümkün artımından və dolların zəifləməsindən dolayı bu balans çox həssas olacaq. Dekabrda qiymətlərin kəskin şəkildə ucuzlaşması “yeni reallıq” yaradıb. İndi artım potensialı gözlənildiyindən daha azdır. İqtisadçılar hesab edir ki, 2019-cu il üçün 70 dollar geosiyasətə görə yaranan volatilliyə baxmayaraq, neft qiymətlərinin can atdığı bazar üçün balanslaşdırılmış qiymətdir. Rusiya neftçiləri bu qədər optimist deyil. “LUKOYL” şirkətinin prezidenti Vaqit Ələkbərov hesab edir ki, yeni ildə neft 60 dollar olacaq. “Rosneft” şirkətinin başçısı İqor Seçin isə bildirib ki, mühafizəkar ssenariyə əsasən, neftin qiyməti 50-53 dollar səviyyəsində qərarlaşacaq. Bütün bunlar Rusiyaya necə təsir edəcək? 2018-ci ilin 11 ayının yekunlarına əsasən, Rusiyanın əsas ixrac məhsulu olan “Urals” markalı neftin orta qiyməti 70,9 dollara çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 36% daha yüksək nəticədir. Lakin dekabrda vəziyyət dəyişib: “Urals”-ın qiyməti 9,5% ucuzlaşıb, halbuki 2017-ci ilin dekabr ayındakı göstərici 57,6 dollar təşkil edib. 2017-ci ildən Rusiyada yeni büdcə qaydası fəaliyyət göstərir: neftdən gələn, 40 dollardan baha olan bütün yüksək gəlirlər ehtiyatlara daxil olur. Qiymətlərin yüksək olması dövlətin Milli Rifah Fondunu sürətlə doldurdmasına imkan yaradıb. Birinci vitse-prezident və maliyyə naziri Anton Siluanovun sözlərinə görə, yeni ildə yüksək səlirlər büdcəyə köçürüləndə onun həcmi 6,4-6,5 trilyon rubl təşkil edəcək. Mövcud büdcə qaydasına görə, Milli Rifah Fondu ÜDM-nin 7%-nə çatdıqda dövlət fonddan investisiya etməyə başlaya bilər (fondun 2019-cu ildə bu səviyyəyə çatacağı gözlənilir). Və hazırda bu pulların xərclənəcəyi sahələrlə bağlı hökumətdə müzakirələr gedir. Siluanov vəsaiti Misirdə AES-in tikintisinin maliyyələşdirilməsinə ayırmağı təklif edib. Ölkə rəhbərliyi neftdən gələn yüksək gəlirləri ölkə daxilində xərcləməyi planlaşdırmır. Büdcə qaydasının məntiqi belədir. Bu addım neft qiymətlərinin rubl ilə iqtisadiyyata təsirini azaltmalıdır. Maliyyə Nazirliyi və Mərkəzi Bank əldə edilən vəsaitə valyuta alır və bu, kursun məzənnəsini möhkəmlənməsinə mane olur (yeri gəlmişkən, avqust-sentyabr ayında rubl dəyər itirdiyi üçün bu idarələr açıq bazarda valyuta alışını dayandırıb). Ötən il rubl və neftin korrelyasiyası aşağı düşüb, hərçənd eniş zamanı dekabrda “Brent” markalı neft yenidən nəzərə çarpıb. Analitiklər deyir ki, bütün məsələ valyuta alışının dayandırılmasındadır. Prosesin yanvarın ortasında bərpa ediləcəyi gözlənilir. Bu da rublun xam malın qiymətindən asılılığını yenidən azaltmalıdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263