BÜDCƏ

Hər arı ailəsinə görə 10 manat subsidiya veriləcək – SƏRƏNCAM
05 MART
921

Hər arı ailəsinə görə 10 manat subsidiya veriləcək – SƏRƏNCAM

2018-03-05 18:42:00

Prezident İlam Əliyev Azərbaycanda arıçılığın inkişafının stimullaşdırılması haqqında sərəncam imzalayıb.

Azərbaycanda bal verən 600-ə qədər bitki növü mövcuddur ki, bunların da təxminən 200-ü nektar və çiçək tozu mənbəyi kimi arıçılığın genişləndirilməsi üçün daha böyük təbii imkanlar yaradır. Bu imkanlar sayəsində arıçılığın inkişaf etdirilməsi kənd əhalisinin gəlirlərinin artmasına və məşğulluğunun təmin edilməsinə töhfə verə bilər.

Ölkədə arıçılığı inkişaf etdirmək məqsədilə son illərdə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb, habelə Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib. Hazırda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və s. istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında və bal ixracında əhəmiyyətli artım müşahidə edilir.

Sərəncamda qeyd edilir ki, ölkədə arıçılığın inkişafının stimullaşdırılması, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsi məqsədilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 il müddətində ildə 10 manat məbləğində subsidiya müəyyən edilsin.

Nazirlər Kabinetinə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydasını, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək; bu sərəncamda müəyyən edilmiş subsidiyanın maliyyələşdirilməsinin 2018-ci il üçün “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli fərmanının 1.10.1.10-cu yarımbəndində “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsində islahatlar” üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini, növbəti illərdə tələb olunacaq vəsaitin isə hər il dövlət büdcəsində müvafiq qaydada nəzərə alınmasını təmin etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Kənd Təsərrüfatı Nazirliyi Dövlət Statistika Komitəsi ilə birlikdə arı ailələrinin ilin əvvəlinə və sonuna sayı, verilmiş subsidiyanın məbləği, habelə bal istehsalı həcminin dinamikası barədə bu sərəncamda nəzərdə tutulan müddətdə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat təqdim edəcək; yüksək məhsuldar bal arılarının yetişdirilməsi və arıçılıq məhsullarının istehsalının artırılması üçün arıçılıqda seleksiya-damazlıq işinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260