BÜDCƏ

Ötən ay Azərbaycanda illik inflyasiya 5,5% olub
09 FEVRAL
224

Ötən ay Azərbaycanda illik inflyasiya 5,5% olub

2018-02-09 14:21:00

Bu ilin yanvar ayında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin yanvar ayına nisbətən 5,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,9%, qeyri-ərzaq mallarının qiymətləri 5,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,9% bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu  ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0,5%, qeyri-ərzaq mallarının qiymətləri 0,2% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8% ucuzlaşıb. Nəticədə istehlak məhsullarının və xidmətlərin ümumi indeksi 100% səviyyəsində olub. 

Dekabr ayı ilə müqayisədə yanvar ayı ərzində qoyun əti, süd, pendir, kərə, zeytun və marqarin yağları, naringi, banan, alma, armud, heyva, nar, kivi, göyərti, xiyar, pomidor, bibər, badımcan, soğan, kartof, çay, qəhvə və kakaonun qiymətlərində bahalaşma, un, manna və qarabaşaq yarması, makaron məmulatları, toyuq və mal əti, yumurta, günəbaxan və qarğıdalı yağları, kök, sarımsaq, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Yanvar ayında ötən ilin dekabr ayına nisbətən qeyri-ərzaq mallarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, minik avtomobilləri üçün ehtiyat hissələri, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınları, kondisionerlər, minik avtomobilləri, televizorlar, fərdi kompüterlər, dəftərxana ləvazimatlarının qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən dəmiryol və havanəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri, ölkədən kənara istirahət turlarının qiymətlərində ucuzlaşma, avtomobillərin, məişət cihazları və ayaqqabıların təmiri xidmətləri, mənzillərin icarə haqqı, stomatoloji xidmətlərin qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254