BÜDCƏ

Azərbaycanda konüllü vergi açıqlaması başlayır – AÇIQLAMA
08 SENTYABR
631

Azərbaycanda konüllü vergi açıqlaması başlayır – AÇIQLAMA

2016-09-08 15:18:00

2017-ci ilin əvvəlindən Azərbaycanda konüllü vergi açıqlaması dövrü başlayır. Bu barədə fins.az-a Vergilər Nazirliyinin Vergi siyasəti və Starteji araşdırmalar baş idarəsinin vergi siyasəti idarəsinin rəisi Nicat İmanov bildirib. Onun sözlərinə görə, bu məsələ «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında prezident İlham Əliyevin 4 avqust 2016-cı il tarixli sərəncamında nəzərdə tutulub.

Sərəncama əsasən vergi ödəyicilərinin vergi risklərini minimuma endirmək və vergidən yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan “Könüllü vergi açıqlaması” (“Voluntary tax disclosure”) sisteminin tətbiqi və təşviqi mexanizminin hazırlanması nəzərdə tutulub.

Nicat İmanovun sözlərinə görə, bu mexanizmlə bağlı layihə artıq hazırlanıb. Layihəyə əsasən, vergi ödəyicisi indiyədək yol verdiyi vergidən yayınma barədə vergi orqanına könüllü məlumat verdiyi halda ona qarşı əlavə tədbirlər – maliyyə sanksiyası və cərimə tətbiq edilməyəcək: «Əgər vergi ödəyicisində aparılan yoxlama zamanı onun vergidən yayınması aşkar edilməyibsə, amma belə yayınma olubsa ola bilər ki, bu hal gələcəkdə üzə çıxsın. Qanunvericiliyə əsasən, belə hal aşkarlansa, vergi ödəyicisinə yayınmanın 50%-i həcmində maliyyə sanksiyası tətbiq edilir». Başqa sözlə, vergidən yayınma ortaya çıxarsa, ödəyici həm yayındırılan verginin tam məbləğini, həm də onan tətbiq edilən 50%-lik maliyyə sanksiyasını ödəməli olacaq.

Könüllü xəbər verdikdə isə ödəyici yalnız vergi məbləğini ödəməklə məsuliyyətdən yaxa qurtarır. N.İmanovun sözlərinə görə, vergidən yayınma ilə bağlı könüllü məlumatlandırma sistemində məbləğlə bağlı məhdudiyyət yoxdur: «İstənidən məbləğlə vergidən yayınma ilə bağlı könüllü məlumat vermək mümkündür»
Prezidentin adı çəkilən sərəncamdakı bütün digər məsələlərdə olduğu kimi, bu yenilik də 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275