BÜDCƏ

107 MMC yaradıb, külli miqdarda vergini ödəməyiblər
02 AVQUST
441

107 MMC yaradıb, külli miqdarda vergini ödəməyiblər

2016-08-02 12:54:00

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vergi ödəməkdən yayınmada və vəzifə səlahiyyətindən sui-istifadə etməkdə təqsirləndirilən Həsənağa Babayev, Hüseyn Bayramov, Elman Rəhimov, Əlirza Kərimov, Səhadət Cəfərov və Tərzan Şirinovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı cinayət işinin matrealları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin hazırlıq iclası avqutsun 9-da davam etdiriləcək.

Qeyd edək ki, Vergilər Nazirliyinin (VN) yaydığı məlumata görə, VN yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində həyata keçirilmiş tədbirlər nəticəsində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqda təqsirləndirilən şəxslər saxlanılıb. İstintaq tədbirləri nəticəsində sübuta yetirilib ki, 07.07.2011-ci il tarixdən "Atrabank" ASC-nin Nəsimi filialının mühasibi, 03.03.2014-cü ildən isə həmin filialın Xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Babayev Həsənağa Məmmədhüseyn oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə, tanışları Şirinov Tərxan Ceyhun oğlu, Rəhimov Elman Hətəm oğlu, Bayramov Hüseyn Yadulla oğlu, Kərimov Əlirza Abuzər oğlu və Cəfərov Səhadət Səməd oğlundan ibarət, Qazıyev Səbuhi Ağabala oğlu isə Rzayev Ramşan Mahir oğlu və Əsgərov Elvin Cəmil oğlundan ibarət mütəşəkkil cinayətkar dəstələr yaradaraq, 2012-2014-cü illər ərzində həmin qrupların fəaliyyətinə rəhbərlik ediblər.

Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməyib, yaxud təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilərək, ümumilikdə külli miqdar təşkil edən 1 270 884 46 manat məbləğində vergilər dövlət büdcəsinə ödəməkdən yayındırılıb.

İstintaq-əməliyyat tədbirləri ilə qeyd olunan şəxslər tərəfindən bir sıra cinayət əməllərinin törədildiyi toplanmış təkzibolunmaz faktlarla - ilkin mühasibatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanılması, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam sübuta yetirilib. Dövlətə vurulmuş ziyandan 190 550 manatı ödətdirilib, 363 987 manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Cinayətkar dəstənin üzvlərinə Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 213.1 və 308.2-ci maddələri ilə ittiham elan edilmiş, onlardan 6 nəfəri barədə məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra T.Şirinovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə dəyişdirilib.

Cinayət işi üzrə ittiham aktı Baş Prokurorluqda təsdiq olunaraq, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271