BİZNES

Mikayıl Cabbarov: "Artımlar qeyri-neft-qaz sektorunun hesabına baş verib"
13 SENTYABR
81

Mikayıl Cabbarov: "Artımlar qeyri-neft-qaz sektorunun hesabına baş verib"

2019-09-13 10:21:00

Vergilər naziri Mikayıl Cabbarov konfransda “Vergi islahatlarının kölgə iqtisadiyyatına təsirləri” mövzusunda məruzə ilə çıxış edib. O vurğulayıb ki, kölgə iqtisadiyyatı yalnız vergilərdən yayınmaya şərait yaratmır, həm də haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olmaqla ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır. Vergi yükünün və kölgə iqtisadiyyatının miqyasının azaldılmasına, şəffaflığın yüksəldilməsinə və sahibkarlıq mühitinin yaxşılaşdırılmasına xidmət edən vergi islahatları barədə danışan nazir bu islahatların müsbət nəticələri barədə məlumat verərək, cari ilin ötən dövrü ərzində əvvəlki illə müqayisədə dövlət büdcəsinə vergi daxilolmalarının əhəmiyyətli şəkildə artdığını diqqətə çatdırıb və bildirib ki, artımlar qeyri-neft-qaz sektorunun hesabına baş verib və iqtisadiyyatın ayrı-ayrı sektorlarında baş vermiş “ağarma indikatorları”nın rolu burada həlledici olub. Biznesin leqallaşma prosesinə istiqamətləndiyini müsbət hal kimi qeyd edən M.Cabbarov bu prosesin daha çox ticarət, ictimai iaşə və xidmət sektorunda müşahidə olunduğunu vurğulayıb. ƏDV ödəyicilərinin sayında, ƏDV-yə cəlb olunan dövriyyələrdə, həmçinin qeyri-neft-qaz sektorunun dövriyyələrində artım dinamikasının iqtisadiyyatda “ağarma” və şəffaflaşma proseslərinin sürətlənməsinin nəticəsi olduğu bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır