BİZNES

Hesablama Palatası vergi xərclərinin qiymətləndirilməsinin tətbiqini təklif edir
07 NOYABR
99

Hesablama Palatası vergi xərclərinin qiymətləndirilməsinin tətbiqini təklif edir

2018-11-07 16:37:00
 Hesablama Palatası publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən azad olunmasının müəyyən vaxt məhdudiyyəti çərçivəsində tətbiqini təklif edir.
 Fins.az xəbər verir ki,  bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.
"Vergi Məcəlləsində publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən müddətsiz olaraq azad olunması ilə bağlı nəzərdə tutulmuş dəyişikliyin tətbiqinin publik hüquqi şəxslər tərəfindən maliyyə, mühasibat və vergi uçotunun kommersiya qurumunda olduğu kimi deyil, büdcə təşkilatında olduğu kimi aparılması ilə nəticələnəcəyini ehtimal etmək olar. Hesablama Palatası həmin azadolmaların müəyyən vaxt məhdudiyyəti çərçivəsində tətbiqini təklif edir. Ümumiyyətlə, güzəşt və azadolmaların təsir miqyasının və onların tətbiq olunmadığı təqdirdə, həmin vergi məbləğlərinin iqtisadi sistemə effektinin qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Vergi güzəştlərinin tətbiqində əsas məqsəd vergi ödəyicilərinin vergi yüklərinin bərabərləşdirilməsidir. Bu baxımdan, Hesablama Palatası vergi xərclərinin qiymətləndirilməsinin tətbiqini məqsədəmüvafiq hesab edir", - deyə sədr qeyd edib. 
Sədr büdcənin vergi gəlirlərinin tərkibində Əlavə Dəyər Vergisi ilə bağlı bildirib ki, bu vergi növünün ÜDM-ə nisbəti növbəti il üçün 5% nəzərdə tutulub.
"Müqayisə üçün deyim ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv dövlətlərdə orta göstərici 7%-ə yaxındır.
Növbəti il üçün proqnozlaşdırlmış ƏDV məbləğinin 44%-i Vergilər Nazirliyinin, 56%-i Gömrük Komitəsinin xətti ilə təmin ediləcək. 2019-cu il üçün nəzərdə tutulmuş artım məbləğinin Komitə tərəfindən təmin edilməsi ölkədaxili dövriyyələrin tam bəyan olunmaması şəraitində Vergilər Nazirliyi xətti ilə büdcə gəliləri üzrə artıqödəmə məbləğində artım olmasına təsir göstərəcək."
Onun sözlərinə görə, eyni zamanda cari ilin 6 ayı ərzində artıqödəmə ilin əvvəli ilə müqayisədə 3,9%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1% azalmasına baxmayaraq, 2,4 mlrd. manat təşkil edir. Vergi daxilolmalarının effektinin və nəzərdə tutulmuş dəyişikliklərin təsirinin qiymətləndirilməsi, ilk növbədə, artıqödəmə məbləğlərinin ləğvini tələb edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254