BİZNES

Çin şirkətlərinin nümayəndələri Bakıda
24 OKTYABR
147

Çin şirkətlərinin nümayəndələri Bakıda

2018-10-24 17:21:00

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycanda fəaliyyət göstərən Çinin şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Fins.az xəbər verir ki, komitədən  verilən məlumata görə, görüşdə DGK sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini Cavad Qasımov, Komitənin məsul vəzifəli şəxsləri, Çinin Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan və bu ölkədən olan iş adamları iştirak edib.

İ. Hüseynov bildirib ki, Azərbaycanla Çin arasında dostluq münasibətlərinə söykənən əməkdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr dinamik şəkildə inkişaf edir.

Komitə sədrinin birinci müavini Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, ixrac və tranzit potensialının artırılması istiqamətində mühüm islahatlar həyata keçirildiyini və bu islahatların gömrük sisteminin də inkişafına ciddi təkan verdiyini diqqətə çatdırıb. Xüsusilə iş adamları üçün gömrük sistemində yaradılan münbit şəraitdən bəhs edən İsmayıl Hüseynov gömrük-biznes münasibətlərinin inkişafı sahəsində görülən işlər barədə məlumat verib.

Görüşdə vurğulanıb ki, iki ölkə arasında ticarət dövriyyəsi mütəmadi olaraq artmaqdadır və bu iqtisadi sfera da əlaqələrin müsbət dinamikasının göstəricisidir.

V. Çunqan görüşün təşkilində göstərilən dəstəyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasındakı münasibətlərdən məmnunluqla bəhs edib. Müşavir Azərbaycanı Çinin ənənəvi dostu və tərəfdaşı, mühüm nəqliyyat dəhlizi üzərində yerləşən strateji ölkə kimi səciyyələndirib. Qeyd edilib ki, son illər iki ölkə arasında münasibətlər sağlam və sabit şəkildə inkişaf edir, iqtisadiyyat, ticarət, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq dərinləşir.

Çinli diplomat Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda siyasi sabitliyin və sosial təhlükəsizliyin təmin olunduğunu bildirib, fəal investisiya mühitinin formalaşdırılması, xarici investisiyaların cəlb edilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb, Azərbaycan gömrük orqanlarının da bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra görüşdə Çindən olan iş adamlarının rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255