BİZNES

Bu rayonlarda 23 sahibkara 1,1 milyon manat güzəştli kredit verilib
03 MAY
180

Bu rayonlarda 23 sahibkara 1,1 milyon manat güzəştli kredit verilib

2018-05-03 11:56:00

Mayın 3-də Xaçmaz və ətraf rayonlardan olan 23 sahibkara 1,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, bağçılıq, quşçuluq, un məmulatları, mebel istehsalı, logistik mərkəzin tikintisi və digər sahələrin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 120-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Fins.az-ın məlumatına görə, Azərtac-ın bölgə müxbiri xəbər verir ki, kreditlər İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən keçirilən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum çərçivəsində təqdim olunub.

Bildirilib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi və investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.

Forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tingçilik və cins heyvandarlıq təsərrüfatlarının, çörək, quru meyvə, alma konsentratı istehsalı, süd emalı müəssisələrinin, logistik mərkəz və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Tədbirdə kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodik materiallar paylanılıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 580 investisiya layihəsinin maliyyələşdirilməsinə 190,3 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan aqroparkların, logistik mərkəzlərin, taxıl anbarlarının, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları, mebel istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 11 min 800-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Forum çərçivəsində Xaçmazın Yalama qəsəbəsində güzəştli kredit ayrılmış “Yalama Aqropark”a baxış keçirilib.

Dövlət başçısının tapşırığına uyğun olaraq, ölkədə aqroparkların yaradılması prosesi sürətlə aparılır. Hazırda 30 rayon üzrə 192 min hektar ərazidə 45 aqropark yaradılır. Ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına indiyədək 110 milyon manat güzəştli kredit verilib. Belə aqroparklardan biri də Xaçmaz rayonunda yaradılan “Yalama Aqropark”dır. 1480 hektar sahədə yaradılan aqoparkda 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, saatda 5 ton istehsal gücünə malik yem zavodu, tutumu 4,5 min ton olan taxıl anbarı, texnika qarajı, ofis binası və yataqxana, sanitar-keçid məntəqəsi, gübrə anbarı, nasosxana və digər yardımçı binalar tikilib və 385 hektar sahədə pivot suvarma sistemi quraşdırılıb. Heyvandarlıq kompleksinin yem bazasının yaradılması üçün 400 hektar arpa, 38 hektar qarışıq yem, 208 hektar yonca, 327 hektar silosluq qarğıdalı və 146 hektar dənlik qarğıdalı əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255