BİZNES

Səfir: "Azərbaycan və Meksika arasındakı ticarət dövriyyəsi bu il 3 dəfə artacaq"
27 APREL
282

Səfir: "Azərbaycan və Meksika arasındakı ticarət dövriyyəsi bu il 3 dəfə artacaq"

2018-04-27 17:54:00

"Meksikalı iş adamları Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdırlar". Fins.az "Report"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

Diplomat qeyd edib ki, iki ölkə arasındakı ticarət əməkdaşlığı müsbət tendensiyaya malikdir: "Ötən illərin statistikasına baxsaq, ölkələrimiz arasındakı ticarət potensialının xeyli artdığını görərik. Belə ki, statistikaya əsasən, ticarət dövriyyəsi 2017-ci ildə 9,5 milyon ABŞ dolları təşkil edib, bu ilin sonuna isə hesablamalarımıza görə, 25,2 milyon dollara çatacaq. Bu isə ötən illə müqayisədə üç dəfə çoxdur".

Dünən Meksikanın ticarət nümayəndə heyətinin tərkibində Bakıya gəlmiş Anna Eveliya Morenonun fikrincə, Azərbaycana tekila ixracı prioritet sahələrindən biri ola bilər: "Azərbaycan bazarına tekila ixracında çox maraqlıyıq. İstehlakçıya məhsulların ən müxtəlif çeşidlərini təqdim etməyə hazırıq. Bundan başqa, tekila Meksikanın vizit kartıdır, ölkənin mədəniyyətini və ənənələrini xarakterizə edir. Bu mənada iqtisadi sahədəki əməkdaşlığımız həm də ölkələr arasında mədəni əlaqələrə də müsbət təsir edir".

Bundan əlavə, Meksikadan müxtəlif növ məhsulların ixracının təşkilinin, o cümlədən Bakıda Meksika məhsulları təklif edən supermarketlərin açılmasının planlaşdırıldığı qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254