BİZNES

BVF: Nəzərəçarpan nailiyyətlər əldə edilib
18 DEKABR 2017
472

BVF: Nəzərəçarpan nailiyyətlər əldə edilib

2017-12-18 18:40:00

Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində sosial təminat sisteminin gücləndirilməsi, əmək resurslarının səmərəli məşğulluğunun təmin olunması və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçilməsi istiqamətində atılan addımlar mötəbər beynəlxalq qurumlar tərəfindən də maraqla izlənilərək müsbət dəyərləndirilir. Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunun növbəti nümunəsi kimi, Beynəlxalq Valyuta Fondunun işçi heyətinin 2018-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq üçün ölkəmizə səfərinin yekunlarına dair həmin işçi heyətin rəhbəri Məhəmməd əl-Korşinin mətbuata bəyanatında ölkəmizlə əlaqədar “Missiya hökumətin struktur islahatları gündəliyinin icrasında əldə etdiyi nailiyyətləri təqdir edir. Sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edilmişdir. Bunlara yeni işsizliyin sığortası fondunun yaradılması, pensiya islahatının həyata keçirilməsi və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçid daxildir”, - deyə vurğulanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, M.Korşinin başçılıq etdiyi işçi heyəti noyabrın 30-dan dekabrın 14-dək ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də görüş keçirilib. Görüş zamanı ölkəmizdə sosial təminat sisteminin, o cümlədən sığorta-pensiya sisteminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi sahəsində aparılan islahatlar, sosial müdafiə siyasətinin aktiv əmək bazarı proqramları əsasında inkişafına yönələn tədbirlər, o cümlədən aztəminatlı ailələrin yoxsulluqdan kiçik ailə biznesinə keçidinə yönələn özünüməşğulluq proqramı, həmçinin yeni qəbul olunan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu barədə ətraflı məlumatlar verilib. 2018-ci ilin əvvəlindən həmin qanunun tətbiqi ilə əlaqədar formalaşacaq İşsizlikdən Sığorta Fondunun ölkədə aktiv əmək bazarı proqramlarının genişləndirilməsində əhəmiyyətli rol oynayacağı diqqətə çatdırılıb.

Beynəlxalq Valyuta Fondunun işçi heyətinin rəhbəri M.Korşi bildirib ki, işsizlərə müavinətlərin verilməsi üçün yaradılan yeni sığorta fondu, pensiyalarla bağlı həyata keçirilən islahatlar, fəal əmək bazarı proqramlarına keçid Azərbaycanda sosial müdafiə sahəsində və əmək bazarında müsbət irəliləyişlərə səbəb olub. Onun dediyinə görə, ölkədə fəal makroiqtisadi siyasət və daha üstün neft qiymətləri sayəsində iqtisadiyyat 2017-ci ildə stabilləşib: “Qeyri-neft iqtisadiyyatı əsasən xidmət və kənd təsərrüfatı sektorlarının canlanması nəticəsində artmağa başladı”.

Yaxın gələcək üzrə ölkəmizdə iqtisadi artım perspektivinin müsbət olduğu da qeyd olunub. Bildirilib ki, 2018-ci ildə dövlət investisiya xərclərinin və sosial xərclərin artdığı şəraitdə qeyri-neft sektorunun 4 faiz yüksəlməsi gözlənilir. Ümumilikdə 2018-ci il üzrə Azərbaycanda iqtisadi artımın 2 faiz səviyyəsində proqnozlaşdırıldığı diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır