BİZNES

Nazirlik sahibkarlara 4 mindən artıq lisenziya verib
07 İYUN
183

Nazirlik sahibkarlara 4 mindən artıq lisenziya verib

2017-06-07 17:27:00

Azərbaycan prezidentinin "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" 19 oktyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq, 2 noyabr 2015-ci il tarixindən etibarən lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsinə başlanılıb.

İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, qeyd edilən tarixdən keçən müddətdə sahibkarlıq subyektlərinə 4 mindən çox lisenziya verilib. Bu lisenziyaların 2200-dən çoxu yeni verilib, 1800-ü isə müddətsiz lisenziya ilə əvəz edilən lisenziyalardır.

Qeyd edək ki, Azərbaycan prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanının qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir. 2017-ci ilin ötən dövrü ərzində sahibkarlara 660 lisenziya verilib. Bunun 450-si yeni verilib, 210 lisenziya isə müddətsiz lisenziya ilə əvəz edilib.

Lisenziyalar əsasən əczaçılıq, özəl tibb, tikinti-quraşdırma işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, təhsil və s. fəaliyyət sahələrinə verilib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285