BİZNES

"Səba" iki müəssisəsini bağladı
19 SENTYABR
349

"Səba" iki müəssisəsini bağladı

2016-09-19 10:35:00

Dəvəçi broyler fabriki kimi tanınan «SƏBA» ASC səhmdarlarının qərarı ilə şirkətlər qrupuna daxil olan iki hüquqi şəxsin ləğvinə başlanıb. Söhbət «Abşeron Damazlıq» və «Bakı Fud Kompani» MMC-lərdən gedir.

«SƏBA»nın inkişafı üçün qurulsalar da...

Bu iki şirkət «SƏBA» ASC-ni irəlilətmək üçün qurulsa da, son nəticədə uğursuzluqdan yaxa qurtarmayıb: Abşeronda qurulan damazlıq təsərrüfatı broyler fabrikinin ehtiyaclarını ödəyə bilmədiyindən, 2 il əvvəl burada da broyler yetişdirməyə qərar verilib. «Al-Chicken» restoranı və «Səbalı» fastfud köşkləri də bazarda özünə yer tutmadığı üçün axırda bağlanmağa məcbur qalıblar.

Sözügedən şirkətlərin ləğvinin inzibati xərcləri azaltmaq məqsədi daşıdığını deyən «SƏBA» ASC-nin mətbuat katibi Afət Yaqubova onu da əlavə edib ki, şirkət damazlıq təsərrüfatı fikrindən tam əl çəkməyib və Abşerondakı istehsalat sahəsində təkrar qurula bilər. Fastfud köşklərini isə «SƏBA» brendiylə buraxılan məhsulları satan firma mağazaları əvəzləyib. Hazırda ölkə boyunca 60 belə mağaza var və ilin sonunadək onların sayını 100-ə çatdırmaq nəzərdə tutulur.

Son 2 ildə 4 milyon manat zərər var

Son iki ildə 86 milyon manatlıqdan çox məhsul satan «SƏBA» ASC bu dövrdə 4 milyon manat zərərə uğrayıb.

«SƏBA» Şirkətlər Qrupuna kolbasa və sosiska istehsal edən «Dəvəçi Broyler Dərin Emal» MMC, kərəyağı və başqa süd məhsulları istehsalçısı «Biləsuvar Aqro» MMC, taxılçılıqla məşğul olan «Qarabağ Taxıl» və «Qarabağ Toxum» MMC-lər daxildir.

«SƏBA» ASC səhmlərinin 25 faizi «Azərbaycan İnvestisiya Şirkəti» ASC-yə, 37,3 faizi «Baku İnvestment Company» MMC-yə, qalan 37,7 faizi fiziki şəxslərə məxsusdur.

Mənbə: azadliq.org

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275