BİZNES

Azərbaycanda hər il 50 min velosiped satılır
19 AVQUST
267

Azərbaycanda hər il 50 min velosiped satılır

2016-08-19 10:08:00

İsmayıllının Diyallı kəndinin sakinləri sevinir: avqustun 10-da açılan velosiped zavodu kənddə yeni iş yeridir. Kənd sakini Gülbəniz xanım ağızdolusu danışır: “Əlbəttə, sevinirik, nə qədər adam burda işləyə biləcək”.

Kənd icra nümayəndəsi Rəfael Məmmədov da artıq sakinlərindən 20 nəfərinin velosiped zavodunda işləməyə ərizə verdiyini söyləyir. O, deyir ki, rayon rəhbərliyi də bunu tapşırıb: “Cənab başçı da tapşırıq verib, işçilərin çoxu bizim kənddən olacaq”.

İsmayıllı şəhərindən 6 kilometr məsafədə yerləşən Diyallı kəndində inşa olunmuş “İsma Bikes” velosiped zavodunda ilkin mərhələdə 60 nəfərin calışacağı gözlənir.

İldə 30 min velosiped istehsalı gözlənir


Zavodun məxsus olduğu “Synergy Group”dan  bildirilib ki, onlar il ərzində 30 min velosiped buraxmağı nəzərdə tuturlar: “Velosiped zavodunun tikintisini zəruri edən əsas amil ölkədə bu sahənin perspektivi, inkişafına münbit şəraitin və geniş istehsal imkanlarının olmasıdır. Yerli istehsal sayəsində bazara daha aşağı qiymətlə yüksək keyfiyyətli velosipedlər çıxarılacaq”.

Azərbaycanda velosipedə tələbatın son illərdə yüksəlməkdə olduğunu bildirən “Synergy Group” hesab edir ki, ölkədə illik tələbat 50-60 mindir və “zavodun məqsədi Azərbaycanda yüksək keyfiyyətli yerli məhsullar istehsal edərək bazarda öncül yer tutmaqdır”.

Zavod bəzi hissələri, özəlliklə, sürət və əyləc sistemini xarici şirkətlərdən alacaq. Məhsulun satış coğrafiyasını isə qonşu ölkələr və MDB-yə qədər uzatmaq istəyir: ““İsma Bikes” zavodunun məqsədi Azərbaycan brendi olaraq, sadəcə, yerli bazarda deyil, qonşu ölkələrə və MDB məkanına çıxmaqdır. Növbəti illərdən məhsulların ixracı gözlənilir”.

İllik ticarət dövriyyəsinin cəmi 0,05 faizi...

Azərbaycan velosiped idxalçısıdır, əsasən, Çin, Rusiya, Almaniya mallarını ölkəyə gətirir. Ancaq ildə ölkəyə nə qədər velosiped gətirilir, bu rəqəmlər Gömrük Komitəsinin və Azərbaycan Statistika Komitəsinin ixrac hesabatında əksini tapmayıb. Ölkədə il ərzində nə qədər velosiped satıldığını isə Statistika Komitəsinin illik ticarət dövriyyəsi hesabatında görə bilərik.

Ölkədə 2015-ci ildə pərakəndə ticarət dövriyyəsi 26 milyard manat olub, bunun da 12 milyon manatı velosiped və mopedlərə aiddir. Velosiped satışı 2011-ci ildən bəri artan xətlə gedib, ancaq velosiped alqı-satqısı pərakəndə ticarət dövriyyəsinin cəmi 0,05 faizini təşkil edib.

2011-ci ildən 2015-ci ilə qədər artım faizi də cəmi 0,02 faizdir.

Valyuta gələcəkmi?


Bəs, yeni tikilən zavod bu rəqəmi dəyişdirə biləcəkmi? Tikintisinə və texniki avadanlıqlarına 7 milyon manat xərclənən zavod Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Synergy Group” hesab edir ki, əsasən ixracı stimullaşdırmaqla xarici bazara çıxacaqlar: “Bununla “İsma Bikes” zavodu ölkənin ixracına əlavə təkan verəcək və xarici valyutanın artımına şərait yaradacaq”, qrupdan AzadlıqRadiosuna verilən cavabda deyilir.

Mənbə: azadliq.org

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275