BİZNES

Ərəb turistləri "Sədərək"dəki ticarəti canlandırdı
17 AVQUST
816

Ərəb turistləri "Sədərək"dəki ticarəti canlandırdı

2016-08-17 15:29:00

"Saytlardan oxuyuruq ki, bəzi insanlar ərəblərin ölkəmizə gəlməsindən narahat olurlar. Halbuki biz hər gün onlarla ünsiyyətdə oluruq, çox mehriban, səmimi və dünyagörüşlü adamlardır. Məncə insanları geyiminə, imicinə görə tənqid eləmək olmaz".

Fins.az xəbər verir ki, bu sözləri Sputnik-in əməkdaşı ilə söhbət zamanı, Sədərək Ticarət Mərkəzində satıcı işləyən Nadir Əliyev deyib. O, ərəb turistlərlə bağlı gedən müzakirələrin həddi aşdığını düşünür: "Mənə elə gəlir ki, bu söz-söhbəti ortalığa atanlar qəsdən belə edirlər. Düşünürəm ki, bu, ideoloji məsələdir. Ona görə dərinə girmək istəmirəm. Amma xalqımızın çoxu onlar kimi düşünmür".

Eləcə də bax: Ərəb turistlər niyə Azərbaycana axın edir? - SƏBƏB

"Bildiyim qədərilə, gün ərzində 500-1000 nəfər arası ərəb turist gəlir Bakıya. Nə qədər də pul xərcləyirlər. Bunun nəyi pisdir ki? Onlar bura gələndən bizim alverimiz də güclənib. İndi axşam evə gedəndə daha xoş əhval-ruhiyə ilə gedirəm. Çünki əvvəlki kimi əli-boş yox, əli dolu girirəm evə", — satıcı deyib.

Son günlər Sədərək Ticarət Mərkəzində, əvvəllər heç olmadığı kimi sıxlıq müşahidə olunur. Hətta bir müddət öncə mağazasının ağzına qıfıl vurub qeybə çəkilən sahibkarlar da bu günlərdə yenidən işlərinə geri qayıdıblar. Alverçiləri həvəsləndirən əsas faktor məhz ərəb turistlərin gəlişidir.

Digər millətlərdən fərqli olaraq, ərəblər alış-verişi çox sevirlər və bu səbəblə də öz ölkələrinə qayıtmazdan əvvəl, getdikləri ölkənin böyük ticarət mərkəzlərinə mütləq baş çəkirlər. O cümlədən də Sədərək TM-ə.

Apardığımız araşdırmadan bəlli oldu ki, yerli sahibkarlar ərəblərin ölkəmizdə sayının artmasından məmnundurlar. Belə sahibkarlardan biri də, "Merinos" xalça dükanının sahibi Araz Nəsibovdur.

"Xalçalara çox maraq göstərməsələr də, ərəblərin Azərbaycanda çoxalması məni sevindirir. Qonşu dükan yaxın tanışımındır. Pal-paltar satır. Obyekti təhvil verib getmək istəyirdi ki, alver gücləndi. Təbii ki, buna ərəblər səbəb oldu. Eşitdiyimizə görə, vizalar sadələşdiyi üçün turistlərin sayı artıb. Ona görə, demək lazımdır ki, sağ olsun hökumətimiz. Bəlkə bu üsulla itirilən neft gəlirlərini kompensasiya eləmək olar", — ticarətçi əməkdaşımızla söhbətində bildirib.

Fürsət düşmüşkən, ayaqüstü ərəb turistlərlə söhbət eləmək imkanımız da oldu. Marva Şadiya adlı misirli xanım Sputnik-ə açıqlamasında sabah ölkəsinə qayıdacağını, ancaq ilk fürsətdə Bakıya yenə gələcəyini, hətta növbəti dəfə bütün ailəsini Azərbaycana gətirəcəyini söylədi.

"Bakının əsas mərkəzi daha çox xoşuma gəldi. Gecə işıqlandırması əladır. Parisdə, Londonda olmuşam, əmin olun, Bakınız onlardan heç də geri qalmır", — Şadiya bildirdi.

Qonaq turistlərdən yerli mediada onlar haqqında dolaşan məlumatlar barədə də soruşduq və aldığımız cavab belə oldu: "Əlbəttə, sizin dili bilmədiyimiz üçün, haqqımızda nələr danışıldığından xəbərimiz olmur. Amma inanmaq istərdik ki, Azərbaycan xalqı bəzi pessimist və qaranlıq düşüncəli adamlar kimi düşünmür. Çünki pessimist adam hər yerdə var. Bizim ərəblərin içində də var. Hər kəsi eyni cür dəyərləndirməməliyik".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272