BİZNES

«Biznes lanç»ların sonu çatır? – NAHARDA DƏYİŞİKLİK
01 AVQUST
668

«Biznes lanç»ların sonu çatır? – NAHARDA DƏYİŞİKLİK

2016-08-01 16:07:00

Biznes aləmi, eləcə də onun aparıcı qüvvəsi olan ofis işçiləri qızıldan qiymətli vaxt əldə etmək üçün yeni üsul tapıblar. Söhbət indiyədək «toxunulmaz» sayılan nahar vaxtından gedir. Proseslərin sürətlə baş verdiyi və mobilliyin pik həddə çatdığı bir vaxtda 1 saatlıq nahar vaxtı işçilər üçün artıq çox uzun müddət sayılır. Nəticədə yeməyə sərf edilən vaxt qısalmaqdadır. Yeməyin sürətinin artması qidanın tərkibini və nahar yerini də dəyişdirir.

Qeyd edək ki, «nahar fasiləsi» anlayışı sənaye inqilabı dövründə, insanların əksəriyyəti istehsalda və ya evdən uzaq ofislərdə işləməyə başladıqdan sonra yarandı. XX əsrin birinci yarısında iş arası «tez-bazar» qəlyanaltıya olan ehtiyac kafe və satış avtomatlarının meydana gəlməsinə səbəb oldu.

«İş naharı» (biznes lanç) termini isə məişətimizə 1970-ci illərdə daxil oldu. Restoranlar bir saat ərzində gözəl nahar etmək üçün xüsusi yemək dəsti təklif edirdilər və iş danışıqlarını rahat apara bilmək üçün masaları bir-birindən aralı yerləşdirirdilər (Bu təklifi edən ilk restoran, deyilənə görə, Nyu-Yorkdakı «Four Seasons» olub).

Amma müasir texnologiyalar bu sahəni də dəyişdirib. Artıq insanların göz-gözə görüşməsinə ehtiyac yoxdur. Üstəlik, tez və dadlı qəlyanaltı etməyə imkan verən və yaxşı qazanan startaplar yaranıb.

Məsələn, Nyu-Yorkun «UberEats» şirkəti şəhərin istənilən yerində yerləşən restoranlardan tez çatdırılmanı təklif edir. «Arcade» şirkəti isə SMS vasitəsilə nahar sifariş verməyə imkan verir, «MealPass» isə ayda 119 dollar qarşılığında nahar çatdırılmasını təklif edir.

Amma ən maraqlı yenilik naharın yeri ilə bağlıdır. Yüksək texnologiyalar vasitəsilə sifariş olunan və ya işə gedən yolda alınan naharlar son zamanlar daha çox kompüter masasını bəzəməyə başlayıb.

ABŞ-da işçilərin təqribən 80%-i müntəzəm olaraq nahar fasiləsinə çıxmır. Onlar yeməyə 1 saat deyil, nahar fasiləsinin cəmi 15 dəqiqələrini sərf edir.

Aparılan son sorğuların birində respondentlərin ¼-i etiraf edib ki, eyni zamanda bir neçə işlə məşğul olmaq üçün adətən təkbaşına nahar edir.

Amma bu da hələ son deyil. ABŞ-da qidalanma sürəti daha da artıb. Belə ki, yanvarda «Bloomberg» agentliyi «Soylent» maye qida əvəzləyicisinin illik satışlarında 300%-lik artım barədə məlumat vermişdi. Artımın əsas səbəbkarları Silikon vadisindəki texnologiya şirkətlərinin əməkdaşlarıdır. Onlar nəinki yeməyin hazırlanmasına, heç çeynəyib udulmasına da vaxt sərf etmək istəmirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272