BİZNES

Azərbaycanda xarici şirkətlər artacaq – EKSPERT
08 İYUN
288

Azərbaycanda xarici şirkətlər artacaq – EKSPERT

2016-06-08 11:25:00

Azərbaycanın miqrasiya qanunvericiliyinə edilən son dəyişikliklər ölkədə xarici investisiyalı şirkətlərin sayının artmasına səbəb ola bilər. Bu barədə fins.az-a açıqlamasında «GGP» hüquq firmasının partnyoru, hüquqşünas Azər Qasımov bildirib. 

Onun sözlərinə görə, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 6 may tarixli qanuna əsasən bir qrup əcnəbi vətəndaşlar iş icazəsi almadan Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul ola biləcəklər. 

Belə ki, qanunvericiliyə edilmiş əlavələrə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinləri iş icazəsinin alınması tələb olunmayan şəxslər qrupuna aid edilib. Həmin əsasla da əcnəbi vətəndaşların Azərbaycan Respublikasında müvəqqəti qeydiyyat vəsiqəsi almaq hüququ yaranıb. 

Əvvəl qanunvericilikdə yalnız xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərindən iş icazəsi tələb olunmurdu. Amma bu hal kiçik və orta biznesə malik olan əcnəbilərə aid deyildi. Buna görə də onlar Azərbaycanda nümayəndəlik və filial açmağa üstünlük verirdilər. Lakin yeni dəyişiklərdən sonra Azərbaycanda xarici investisyalı yerli şirkətlərin nəzərə çarpan artımı olacaq.

«Ümumilikdə isə hesab edirik ki, hazırkı əlavələr Azərbaycan Respublikasına yeni investisyaların cəlb edilməsi və Azərbaycanda əlverişli biznes mühitinin yaradılması məqsədlərinə xidmət edir»-deyə hüquqşünas bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272