BİZNES

Nazirlik: "Bəzi marketlər dövriyyəsini ümumiyyətlə göstərmir"
27 APREL
486

Nazirlik: "Bəzi marketlər dövriyyəsini ümumiyyətlə göstərmir"

2016-04-27 11:10:00

Bir çox sahələr, o cümlədən ticarət sektoru vergi nəzarəti tədbirlərinin azalmasından istifadə edərək dövlət büdcəsinə ödənilən vergilərin məbləğini azaltmağa və bu yolla vergidən yayınmağa çalışıb. 

Fins.az-ın məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin şöbə rəisi Elşən Hüseynov iri ticarət şəbəkələrində aparılmış xronometraj yolu ilə müşahidə barəsində danışarkən deyib.

Onun sözlərinə görə, 2015-ci ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin eyni dövründə nəzarət tədbirlərinin sayı ümumilikdə 64,2%, o cümlədən səyyar vergi yoxlamaları 40%, kameral vergi yoxlamaları 61,2%, operativ nəzarət tədbirləri 92,5% azaldılıb: “Nəzarət tədbirlərinin azalması fonunda bir sıra fəaliyyət sahələri üzrə daxilolmalarda, o cümlədən pərakəndə ticarət sahəsində nəzərə çarpacaq dərəcədə azalma müşahidə olunub. Bu isə həmin fəaliyyət sahələri üzrə vergi ödəyicilərinin vergi öhdəliklərini könüllü surətdə yerinə yetirmək istəmədiklərini göstərir. Bu yaxınlarda iri ticarət şəbəkələrinin birində aparılmış xronometraj yolu ilə müşahidə nəticəsində vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə öz dövriyyəsini fevral ayında altı dəfədən də çox azaltdığı, mart ayında isə ümumiyyətlə dövriyyə göstərmədiyi aşkar edilib. Mart ayında Novruz bayramı ilə əlaqədar ticarət müəssisələrinin dövriyyəsinin artdığını nəzərə alsaq, necə deyərlər, şərhə ehtiyac qalmır!” - deyə məlumatda vurğulanıb. 

E. Hüseynov əlavə edib ki, xronometraj marketlərin vergi potensialını düzgün müəyyənləşdirmək üçündür. Şöbə rəisi qeyd edib ki, ticarət, xidmət və iaşə sektoru həm ümumi daxili məhsulda, həm də vergi daxilolmalarında çox əhəmiyyətli paya malikdir: “2015-ci ildə bu sektorun ümumi vergi daxilolmalarında xüsusi çəkisi kifayət qədər yüksəkdir. Xronometraj metodu ilə müşahidəyə gəlincə, bu, istehsal həcmini və malın satış dövriyyəsini müəyyənləşdirmək məqsədilə keçirilən operativ vergi nəzarəti növüdür. Yəni, vergi ödəyicilərinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədilə aparılan müşahidədir. Belə müşahidələr mütəmadi qaydada həyata keçirilir, satılmış malların, göstərilmiş xidmətlərin müqabilində çekin vurulması (və ya qəbzin yazılması), müştəriyə verilməsi, çeklərdəki məbləğin ödənilmiş məbləğə uyğun olmasına nəzarət edilir ki, bu da uçotdan yayınma hallarının qarşısını almağa xidmət edir və sahibkarlıq subyektinin normal fəaliyyətinə heç bir maneə yaratmır”. 

Mənbə: apa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272