BİZNES

Biznesin gözləntilərini kim araşdırmalıdır? - TƏKLİF
03 MART 2016
1098

Biznesin gözləntilərini kim araşdırmalıdır? - TƏKLİF

2016-03-03 16:33:00

Azərbaycanda biznesin gözləntilərinin araşdırılması üçün yeni mexanizm yaradılmalıdır. Fins.az-ın məlumatına görə, bu barədə iqtisadçı ekspert, İqtisad Universitetinin “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə bildirib. Onun sözlərinə görə, bazar iqtisadiyyatında iqtisadi siyasətin uğurunu şərtlərindən əsas amillərdən biri iqtisadi subyektlərin gözləntilərini düzgün idarə edə bilməkdir:

«İqtisadi subyektlər arasında həyata keçirilən iqtisadi siyasətə adekvat olmayan gözləntilərin mövcudluğu heç şübhəsiz ki, həmin siyasətin effektivliyini azaldacaq, hətta bir çox hallarda gözlənilənin tam əksi olan nəticələr ortaya çıxaracaqdır. Bu, xüsusilə monetar siyasət sahəsində özünü daha qabarıq şəkildə göstərir. Çünkü maliyyə sektorunda iqtisadi subyektlər gözləntilərinə uyğun daha çevik davranış nümayiş etdirə bilir və bununla da iqtisadi proseslərin gedişinə çox qısa zamanda və ciddi təsir göstərə bilirlər. Azərbaycanda da son bir ildə dolların məzənnəsi ətrafında baş verən proseslər göstərdi ki, ölkədə Mərkəzi Bank iqtisadi subyektlərin gözləntilərini idarə etmə istiqamətində ciddi mexanizmlərə malik deyildir.

Hesab edirəm ki, Mərkəzi Bankın bu sahədə tətbiq edə biləcəyi ən ciddi mexanizmlərdən biri məhz təmayül anketləri ola bilər. Bu anketlər il ərzində müəyyən qrafik üzrə iqtisadiyyatın həm real, həm də maliyyə sektorlarında iqtisadi subyektlərin gözləntilərinin öyrənilməsi məqsədilə tətbiq edilməli və müəyyən qrafik üzrə də nəticələri ictimaiyyətə açıqlanmalıdır. Bu tipli anket tədqiqatlarından əldə edilən nəticələr həm iqtisadi siyasəti daha düzgün formalaşdırmağa kömək edir, həm də bu nəticələrin ictimaiyyətə açıqlanması iqtisadi subyektlərin gözləntilərini daha düzgün istiqamətdə yönləndirməyə imkan verir.

Bəlkə də, bizim Mərkəzi Bank həqiqətən də bu tipli tədqiqatlar həyata keçirir, ancaq bu tədqiqatların aparılma qrafiki, nəticələrinin ictimaiyyətlə bölüşülməsi haqqında hər hansı məlumata malik deyilik. Dünyanın inkişaf etmiş iqtisadiyyatlarında isə vəziyyət bunun tamamilə əksidir. Belə ki, həmin ölkələrdə böyük populyarlığa malik bu tipli tədqiqatlar iqtisadi subyektlərin gözləntilərini idarə etmək məqsədilə Mərkəzi Banklar tərəfindən qeyd etdiyim formada geniş istifadə edilir və yaxşı da nəticələr verir».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027