BİRJA

“Muğansutikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi məlum olub
08 MAY
175

“Muğansutikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi məlum olub

2018-05-08 09:12:00

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) orta və iri müəssisələrin özəlləşdirilməsində yeni yanaşmaların tətbiqini davam etdirir. Bu yaxınlarda komitə vaxtilə meliorasiya və irriqasiya obyekt və qurğularının tikintisi sahəsində ixtisaslaşmış, lakin investisiya çatışmazlığı səbəbindən maddi-texniki bazası tam köhnəlmiş “Muğansutikinti” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsini uğurla həyata keçirib.

“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları”na müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsi “Muğansutikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi olub.

Komitədən bildirilib ki, müsabiqədə iştirak üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib. Azərbaycan Respublikasının aidiyyəti nazirlik və təşkilatlarından nümayəndələrin daxil olduğu müsabiqə komissiyasının qərarına əsasən, hər iki iddiaçı iştirakçı statusu əldə edib.

Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə bu il aprelin 6-da baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul edilib. Səsvermənin nəticələrinə uyğun olaraq, fiziki şəxs V.Qurbanov “Muğansutikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

Müsabiqə qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, qalib şəxs dövlət büdcəsinə 400 min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, üç ay ərzində müəssisəyə 355 min manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.

Müsabiqə qalibinin təqdim etdiyi İnvestisiya Proqramına əsasən, müəssisənin tikililərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması, yeni müasir avadanlıq və texnikanın alınması, mövcud avadanlıq və texnikanın təmirinin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, ərazinin abadlaşdırılması və müəssisədə 50 yeni iş yerinin yaradılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254