BİRJA

Bahalı kreditlərə son: REPO nədir?
21 OKTYABR
837

Bahalı kreditlərə son: REPO nədir?

2016-10-21 09:52:00

Xəbər verdiyimiz kimi, 20 oktyabr 2016-cı il tarixində Bakı Fond Birjası (BFB) tərəfindən “BFB-də likvidlik alətləri: REPO” mövzusunda işgüzar forum keçirilmişdir.

Forumda bir neçə maraqlı çıxışlar olmuşdur. Bakı Fond Birjasının İdarə Heyətinin sədr müvini Vüqar Namazov  “BFB-də yenilənmiş REPO alətinin təqdimatı” mövzusunda çıxış edərək REPO aləti barədə ətraflı məlumat vermişdir.

Vüqar Namazov ilk öncə bildirdi ki, Bakı Fond Birjasının qiymətli kağızların ticarəti sahəsində 16 illik peşəkar təcrübəsi var. Hazırda 6 investisiya şirkəti Birjanın üzvüdür. 2015-ci ildə birjanın dövriyyəsi 8,5 milyard manat təşkil etmişdir ki, bu da Azərbaycanın qeyri-neft sektoru ümumi daxili məhsulunun 25%-dir.

Bakı Fond Birjasında dövlət qiymətli kağızları, korporativ istiqrazlar, səhm, Mərkəzi Bankın REPO, korporativ REPO və törəmə maliyə alətləri bazarları mövcuddur.

Vüqar Namazov qeyd etdi ki, Bakı Fond birjasında REPO aləti yenilənmişdir.

“Artıq REPO banklar üçün deyil, REPO hər kəs üçündür. “Cari ödənişləri bahalı borclanmadan ödəmək olar. Bir gecəyə 1600 manat və illik 5,2% gəlir əldə etmək olar”, - çıxışının əvvəlində bildirdi.

REPO NƏDİR?

Vüqar Namazov təqdimatında bildirdi ki, REPO qiymətli kağızların müqabilində vəsaitlərin cəlb olunmasıdır. REPO girov müqavilində vəsaitin cəlb edilməsinə çox bənzəyir. Sadəcə burada müəyyən fərqlər var:

“REPO əqdi iki hissədən ibarətdir. Belə ki, REPO əməliyyatında REPO alan və REPO satan iştirak edir. REPO satan, qiymətli kağızını sataraq vəsaiti alan, REPO alan isə qiymətli kağızı alaraq vəsaiti (borcu) verən tərəfdir.  Bir şərtlə ki, satıcı müəyyən edilmiş müddətin sonunda qiymətli kağızı alıcıdan yenidən geri almaq öhdəliyi daşıyır. Vəsaitə ehtiyacı olan tərəf (REPO satan) izafi vəsaiti olan tərəfdən (REPO alan) müəyyən faiz dərəcəsilə vəsaiti cəlb edir. Bu zaman alıcı qiymətli kağızı alır. Əqdin ikinci hissəsində isə müddət başa çatdıqda alıcı qiymətli kağızı geri satır. Birinci və ikinci hissə arasındakı fərq əməliyyatın gəlirliliyini təmin edir.Tutaq ki, qiymətli kağızlarını 100 min manata satan şəxs, bir həftə sonra həmin kağızları alıcıdan 105 min manata geri alır. Burada 5 min manat REPO alanın, yəni borcu verənin gəliridir.

REPODA KİMLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR?

Vüqar Namazov qeyd etdi ki, REPO-dan banklar, sığorta, sənaye, istehsal və xidmət şirkətləri istifadə edə bilərlər:

“Bu gün hesabında izafi vəsaiti olan, həmçinin 3-5 günlük vəsaitə ehtiyacı olan şirkətlər var.  Hesabında artıq vəsaiti olan şirkət, qısa müddətdə pula ehtiyacı olan şirkətə borc verərək qazanc götürə bilər. Qısa müddətdə pula ehtiyacı olan şirkət bankdakı öz depozitlərini çıxartmadan, qiymətli kağızlarını birdəfəlik satmadan və bankdan kredit götürmədən ucuz borc ala bilər. Şəxsi təcrübəmdən deyə bilərəm ki, bəzən şirkətlər pula təcili ehtiyacları olduqda qiymətli kağızlarını satırlar və üç gündən sonra həmin qiymətli kağızdan axtarırlar. Sual verəndəki “nə üçün belə edirsən?”, onlardan “Başqa əlacım yoxdur” cavabını alırsan. Halbuki, REPO kimi əlac var.

Həmçinin araşdırmalarımıza görə, bir çox tanınmış şirkətlərin hesablarında milyonlarla manat artıq vəsait yatır və həmin vəsaitlər istifadəsizdir. Həmin şirkətlər artıq vəsitlərini həftəsonu REPO ilə yerləşdirib, Bazar ertəsinədək 5,2% gəlir əldə edə və bu qazanc ilə müəyyən cari xərclərini həyata keçirə bilərlər.

Qısası bütün hüquqi şəxslər REPO-da istifadə edə bilərlər. Biz fiziki şəxslərin də REPO-da iştirakını təmin edə bilərik”.

REPO PREDMETİ KİMİ HANSI QİYMƏTLİ KAĞIZLAR ÇIXIŞ EDƏ BİLƏR?

Bakı Fond Birjasının sədr müqvini bildirdi ki, Birjada REPO predmeti kimi çıxış edə biləcək qiymətli kağızlar artır. Bir qayda olaraq REPO üçün yüksək likvidli alətlər çıxış edir:

“Demək olar ki, bu gün Azərbaycanın qiymətli kağızlar bazarında əməliyyat olunan bütün qiymətli kağzlar REPO predmeti ola bilər. Dövlət istiqrazları ilə REPO edə bilmək imkanı 266 milyon manatdır. İpoteka Fondunun istiqrazları ilə REPO etmək imkanı 335 milyon manatdır. Korportiv istiqrazlarda isə imkan 110 milyon manat və 100 milyon dollardır (SOCAR istiqrazları).Səhmlər üzrə imkan isə 55 milyon manatdır. Səhmdar səmlərini satmadan bazardan qısamüddətli likvid vəsait cəlb edə bilər. Ümumilikdə, 61 alət üzrə 955 milyon manatlıq REPO predmenti mövcuddur.  Kim desə ki, “mənim alətim yoxdur”, şəxsən mən buna az inanıram. Şirkətlər əllərindəki qiymətli kağızları satmadan qısamüddətli borc ala bilərlər”.

REPO-DA NECƏ İŞTİRAK EDƏ BİLƏRƏM?

Vüqar Namazov vurğuladı ki, REPO bazarı Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və investisiya şirkətləri arasında bağlanan baş razılaşma əsasında həyata keçirilir. Bu saziş artıq imzalanmışdır. Əgər hər hansı şirkət REPO-da iştirak etmək istəyirsə investisiya şirkətinə müraciət etməli və investisiya şirkətilə xidmət müqaviləsi bağlamalıdır. 

REPO-NUN ÜSTÜNLÜKLƏRİ

Vüqar Namazov çıxışında REPO-nun üstünlüklərini də sadaladı:

“Bir qayda olaraq REPO-nun xərcləri çox aşağıdır. Borcalan 1 milyon manatlıq REPO əməliyyatı etmək üçün maksimum cəmi 1000 manat ümumi xərc çəkir.

Həmçinin REPO-da rəqabətli faizlər formalaşır. Bu gün bir şirkət gedib bankdan kredit götürsə, həmin bankın şərtlərindən asılı olacaqsınız. REPO əməliyatı isə açıq bazar əməliyyatıdır. Sizin borclanmaq və ya borc vermək niyyətinizi bütün bazar görür. Buna görə REPO iştirakçıları arasında rəqabət yaranır və faiz aşağı düşür. Tutaq ki, bankdan kredit alsanız faizi 6-7% olacaqdır, borcu REPO ilə alsanız cəmi 5% ödəyəcəkiniz. Və yaxud, artıq vəsaitinizi 2-3%-lə banka depozit şəkilində yatırmaq yerinə, REPO ilə borc verib 5% qazana bilərsiniz. Bu faizlər şərtidir və qiymətli kağızlardan asılı olaraq dəyişə bilər.

Sizin REPO etdiyiniz qiymətli kağızlar müddətin sonuna qədər hesabda bloklaşdırılır və əqdin tamamlanması olmadan heç bir tərəf həmin kağızdan istifadə edə bilməz. Qiymətli kağız Milli Depozit Mərkəzində blokda saxlanılır.

Hesblaşmalar sürətli baş verir. Digər mənbələrdən vəsait cəlb etmək müddəti orta hesabla 3-4 gün çəkir.  REPO vasitəsilə saniyələr ərzində vəsait cəlb etmək mümkündür. Bu gün Bakı Fond Birjasının yeni əməliyyat platforması ilə bir göz qırpımında 25 bin əqd bağlana bilir. Qərar verdiyiniz anda vəsait cəlb edib və ya yerləşdirə bilərsiniz.

REPO-da dividendlər və faizlər qiymətli kağzın ilkin sahibinə məxsusdur. REPO-da qiymətli kağız sadəcə təminat predmeti olaraq iştirak edir. Qiymətli kağızın faiz və dividendini REPO alan (borc verən) götürə bilməz, gəlirlər REPO satana (borcalana) məxsusdur.

Manat ilə bərabər Dollarda da REPO etmək mümkündür. Məsələn, Maliyyə Nazirliyinin dollar istiqrazları və SOCAR istiqrazları ilə REPO mümkündür.

Vüqar Namazov vurğuladı ki,  bütün əməliyyatlara ciddi nəzarət edilir. Maliyyə Bazarlarına Nəzarət Palatası bütün əməliyyatlara nəzarət edir.

Həmçinin o qeyd etdi ki, REPO müddəti qiymətli kağızın tədavül müddəti qədər ola bilər, bir şərtlə ki, əqd dividend və faiz ödənişi günündən 5 gün əvvəl bağlanmalıdır. Dividend və faiz ödənişi tarixinə 5 gündən az qalmış qiymətli kağzlar ilə REPO oluna bilinməz.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272