BANK

"Azərbaycan Beynəlxalq Bankı" səhmdarlara 150 mln. manat divident ödəyib
11 OKTYABR
379

"Azərbaycan Beynəlxalq Bankı" səhmdarlara 150 mln. manat divident ödəyib

2019-10-11 17:52:00

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmdarlarına, təxminən, 10 illik fasilədən sonra dividend ödənilməsinə qərar verildi. 11 oktyabr 2019-cu il tarixində "Ramada" otelində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.

 Bankdan verilən məlumatda bildirilir ki, yığıncaqda bankın sağlamlaşdırılması prosesinin uğurlu nəticələri, Azərbaycan Beynəlxalq Bankının mövcud durumu, yeni inkişaf mərhələsində qarşıya qoyduğu strateji hədəflər barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, həyata keçirilən sağlamlaşdırma tədbirləri nəticəsində son illərdə bankın kapital mövqeyi, maliyyə dayanıqlığı, mənfəətliliyi təmin edilib və mənfəətlə çalışan bank olaraq Azərbaycan Beynəlxalq Bankı hazırda öz səhmdarlarına dividend ödəmək imkanındadır.

 Toplantıda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2018-ci ilin maliyyə hesabatı təsdiqlənib.

2018-cı ilin maliyyə nəticələrinə əsasən bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə baxılıb. Hər səhm üzrə 0,0326 AZN olmaqla səhmdarlara ötən ilin mənfəətindən 150 milyon manat dividendin ödənilməsinə qərar verilib.

İclasda Azərbaycan Beynəlxalq Bankının 2019-cu ilin 9 ayı üzrə maliyyə nəticələri də açıqlanıb. Eyni zamanda, bankın səhmdarlarının ümumi yığıncağının əsasnaməsi təsdiq edilib.

Həmçinin bankın törəmə investisiya şirkətinin yaradılmasına qərar verilib.

Ümumi yığıncaqda səhmdarları maraqlandıran bir sıra digər məsələlər ətrafında da müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır