BANK

İpoteka və Kredit Zəmanət Fondu fəaliyyətinin nəticələrini açıqladı
09 APREL
349

İpoteka və Kredit Zəmanət Fondu fəaliyyətinin nəticələrini açıqladı

2019-04-09 15:43:00

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bu gün Nizamnaməsinə uyğun olaraq öz fəaliyyətini üç əsas - ipoteka kreditlərinn maliyyələşdirilməsi və zəmanət verilməsi, sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətlərin və faiz subsidiyasının verilməsi, yaşayış sahələrinin alınması və satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqamətləri üzrə həyata keçirir. 

Fins.az xəbər verir ki, verilən məlumata görə, ipoteka kreditləşməsi sistemi çərçivəsində Fond əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur. İpoteka kreditləri Fondun müvəkkil bankları tərəfindən verilir. Fond isə sonradan bu kreditlərin yenidən maliyyələşdirilməsini, yəni bu kreditlər üzrə tələb hüquqlarının müvəkkil banklardan alınmasını həyata keçirir. İpoteka krediti ilə bağlı müvafiq sığorta müqavilələrinin bağlanması və ipoteka kreditlərinin təminatı olan ipoteka predmetlərinin qiymətləndirilməsi Fondun müvəkkil sığorta şirkətləri və müvəkkil qiymətləndiriciləri tərəfindən həyata keçirilir. Hazırda ipoteka kreditləri üzrə Fond 24 müvəkkil bank, 18 müvəkkil sığorta şirkəti və 17 müvəkkil qiymətləndirici ilə əməkdaşlıq edir.

"Qeyd etmək lazımdır ki, Fondun vəsaiti hesabına ipoteka kreditlərinin maliyyələşdirilməsinə 2006-cı ildən etibarən başlanılıb və bu sistem əhalinin mənzil təminatı sahəsində dövlətin yürütdüyü sosial siyasətin dəstəklənməsi baxımından əhəmiyyətli rola malikdir. Belə ki, 01 aprel  2019-cu il tarixinə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 mlrd. manatı keçib, 26000-dən çox ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub. Bu kreditlərin 380,3 mln. manatdan çox hissəsini (7854 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş ipoteka kreditləri təşkil edib. Ümumilikdə, 2006-2019-cu illərdə (01 aprel 2019-cu il tarixinədək) Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67.9%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 19.5%-i isə regionlarda verilib.

Fondun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsinə nəzər saldıqda, son illər ərzində bu sahədə kifayət qədər müsbət dinamikanın baş verməsini görmək olar. Belə ki, 2017-ci ildə Fondun xətti ilə 3109 nəfər ailəyə 203 mln. manat məbləğində, 2018-ci ildə isə 3960 ailəyə 273 mln. manat məbləğində ipoteka krediti verilib. 2019-cu ilin yanvar-mart ayları ərzində isə artıq 796 ailə ipoteka kreditləri vasitəsilə (52,4 mln.manat) mənzil əldə edib.

2018-ci ildən etibarən Fond tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə satışa çıxarılan güzəştli mənzillərin ipoteka kreditləri vasitəsilə satışının dəstəklənməsi də həyata keçirilir. Təkcə 2019-cu ilin yanvar-mart aylarında Fondun xətti ilə 122 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün ümumilikdə 5,3 mln. manat məbləğində ipoteka krediti verilib.  Ümumilikdə, 01 aprel 2019-cu il tarixinə Agentliyin sərəncamında olan güzəştli mənzillərin maliyyələşdirilməsi üçün verilən ipoteka kreditlərinin məbləği 15,4 mln. manat (353 ədəd) təşkil edib",- Fondun məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, fəaliyyət dövrü ərzində yüksək etibarlılığa malik risklərin idarə olunması sisteminin qurulması nəticəsində Fond bugünədək heç bir maliyyə itkisinə məruz qalmayıb. Risklərin qanunvericilik və institusional səviyyədə düzgün paylanması, dəqiq proqnozlaşdırma Fondun öz öhdəliklərini vaxtında yerinə yetirməsinə, üçüncü tərəflərlə münasibətdə etibarlı və ödəniş qabiliyyətli tərəfdaş kimi tanınmasına səbəb olub.

Fondun vəsaiti hesabına ipoteka kreditlərinin bu sahədə qabaqcıl təcrübə əsasında hazırlanmış ciddi standartlarla verilməsi nəticəsində ipoteka kreditləri portfelinin yüksək keyfiyyətinin qorunması təmin edilib. Kredit portfelinin sağlamlığının təmin edilməsi bu kreditlərin verilməsini həyata keçirmiş bəzi müvəkkil bankların lisenziyasının ləğvi halında belə portfelin dərhal və maliyyə itikisi olmadan digər banklara ötürülməsinə imkan yaradıb.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və aztəminatlı ailələrin yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi məqsədilə Fondun qarşısına qoyulmuş əsas vəzifələrdən biri də ölkədə satmaq öhdəliyi ilə kirayə mexanizminin yaradılmasıdır. Azərbaycan Prezidentinin 2019-cu ilin 25 yanvar tarixində imzaladığı Fərmanla Fonda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin icrası həvalə olunub. Qeyd edilən Fərmana uyğun olaraq, hazırda Fond tərəfindən yeni mexanizmin işə salınması üçün müvafiq zəruri prosedur və standartların hazırlanması, eləcə də  müraciətlərin qəbulu üçün elektron sistemin yaradılması istiqamətində müvafiq işlər yekunlaşmaq üzrədir. Bundan başqa, əhalinin müraciətlərinin qəbulu üçün ASAN Xidmət Mərkəzləri ilə əməkdaşlıq üzrə işlər də yekunlaşıb. Qeyd olunanlarla əlaqədar Fond tərəfindən yaxın zamanlarda satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin tətbiqinə başlanılması nəzərdə tutulur.

Fondun digər fəaliyyət istiqamətlərindən biri olan kredit zəmanət mexanizmi çərçivəsində sahibkarların maliyyə resurslarına əlçatanlığının təmin edilməsi və bu sahədə göstərilən xidmətlərin səviyyəsinin artırılması həyata keçirilir. Ölkədə məşğulluğun və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsində sahibkarların rolunun yüksəldilməsi üçün mövcud istehsal və xidmət sahələrinin müasirləşdirilməsi, genişləndirilməsi və səmərəliliyinin artırılması, kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə təmin edilməsi məqsədilə adekvat kredit zəmanət sisteminin formalaşdırılması və  inkişaf etdirilməsi Fondun qarşısında prioritet vəzifə kimi müəyyən edilib. Bununla əlaqəfar olaraq, Fond tərəfindən beynəlxalq standartlara cavab verən kredit zəmanət mexanizminin qurulması məqsədilə dünyanın əksər ölkələrində tətbiq olunan zəmanət və subsidiya sxemləri  öyrənilib və bu mexanizmlərin uğurla istifadə olunduğu dövlətlər barədə beynəlxalq maliyyə institutlarının tövsiyələrinə baxılıb. Zəmanət və subsidiya mexanizmlərinin tətbiqi üzrə dünyada ən uğurlu təcrübələrdən birinə malik olan Koreya Kredit Zəmanət Fondu (KODİT) ilə əməkdaşlıq əlaqələri qurulub və Koreya Respublikasında mövcud kredit zəmanət sistemi yaxından öyrənilib.

Bundan başqa, mexanizm üzrə Fond ilə kreditorlar arasında risklərin adekvat şəkildə bölüşdürülməsi, kredit risklərinin minimuma endirilməsi məqsədilə kredit reytinqi modeli yaradılıb və zəmanət müraciətləri üzrə modelin real tətbiqinə başlanılıb.

Mexanizmin tətbiqi ilə bağlı görülən tədbirlər nəticəsində sahibkarlıq kreditlərinə zəmanətlərin və subsidiyaların verilməsi ilə bağlı 13 müvəkkil bankla müvafiq müqavilələr bağlanılıb, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının effektiv və yüksək səviyyədə təmin edilməsi üzrə prioritetlərin reallaşdırılması məqsədilə ölkədə fəaliyyət göstərən kommersiya banklarını Fondun zəmanət və subsidiya alətlərindən istifadəyə cəlb olunmasına təşviq etmək üçün müvafiq tədbirlər həyata keçirilib. Nəticədə, Fondun zəmanəti ilə müvəkkil kredit təşkilatları tərəfindən bugünədək 24,7 mln. manat məbləğində sahibkarlıq kreditləri verilib. Bu kreditlər üzrə hesablanmış subsidiyanın məbləği isə 3,7 mln. manata çatıb.

Kredit zəmanət mexanizmi çərçivəsində sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, onların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını təmin etmək üçün hazırda maliyyə məhsullarının sahibkarların ehtiyaclarına uyğunlaşdırılması istiqamətində müvafiq araşdırmalar və təhlillər aparılır. Yaxın gələcəkdə mexanizmin tətbiqi ilə bağlı görülən işlərin genişləndirilməsi, digər maliyyə məhsulları ilə yanaşı sahibkarların idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumları və ödənişlərinin aparılmasına da maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.

Əhaliyə göstərilən xidmət keyfiyyətinin artırılması, şəffaflığın və effektivliyin təmin edilməsi, o cümlədən kağız daşıyıcılardan istifadənin azaldılması məqsədilə “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”yə müvafiq olaraq elektron sistem yaradılıb və ipoteka kreditləri üzrə müraciətlərin qəbulu, ipoteka kreditlərinin rəsmiləşdirilməsi və maliyyələşdirilməsi prosesi avtomatlaşdırılıb. Elekton sistem  “Elektron Hökumət” portalına tam inteqrasiya olunub. Qeyd olunanlarla yanaşı, Fondda maliyyə uçotunun qurulması, eləcə də daxili əməliyyatlar da tam elektron formada həyata keçirilir. Bütövlükdə, tətbiq edilən qabaqcıl texnologiyalar Fondda idarəetmə proseslərinin məhsuldarlığını xeyli yüksəltməklə onun maliyyə və digər risklərinin effektiv idarə olunmasına imkan verir.

Fondun kapitallaşmasına gəlincə, 2019-cu il martın 7-də Prezident İlham Əliyevin Fərmanı ilə Fondun nizamnamə kapitalı 100 mln. manat artırılaraq 566 mln. manata çatdırılıb. Ayrılan vəsaitin hər il olduğu kimi 2019-cu ildə də güzəştli ipoteka kreditlərinə yönəldilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ilin sonuna Fondun cəmi aktivlərinin həcmi 1,27 mlrd. manat, manat təşkil edib. Qeyd etmək lazımdır ki, Fondun əsas məqsədi mənfəət əldə etmək olmasa da, risklərin etibarlı idarəetmə sisteminin qurulması və fəaliyyətin səmərəli təşkili nəticəsində Fondun mənfəət göstəricilərində illər üzrə əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, Fond 2018-ci ili 19,9 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da  2017-ci illə müqayisədə  4,8 mln. manat və ya 32,23% artım deməkdir.

Fondun fəaliyyətinin effektivliyi “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin qiymətləndirməsində də öz əksini tapıb. Belə ki, agentlik Fondun uzunmüddətli xarici və yerli valyutada defolt reytinqini “BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq edib. Fondun kredit reytinqinin “BB+” səviyyəsində təsdiqi “Fitch Ratings” tərəfindən Fondun ölkənin iqtisadi siyasətində strateji əhəmiyyətinə malik olmasınının göstəricisi kimi qiymətləndirilib.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263