BANK

“Rəqəmsal ödənişlərin genişləndirilməsinin təbliği və təşviqi” mövzusunda təlim keçirilib
13 SENTYABR
134

“Rəqəmsal ödənişlərin genişləndirilməsinin təbliği və təşviqi” mövzusunda təlim keçirilib

2018-09-13 15:26:00

Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Rəqəmsal ödənişlərin genişləndirilməsi” istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası çərçivəsində tədbirlərini davam etdirir. Növbəti tədbir kimi Mərkəzi Bankın təşəbbüsü ilə Vergilər Nazirliyi ilə birlikdə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Rəqəmsal ödənişlərin genişləndirilməsinin təbliği və təşviqi” mövzusunda iki günlük təlim keçirilmişdir.

Təlimin əsas məqsədi media institutları ilə peşəkar kommunikasiyanın gücləndirilməsi, jurnalistlərin maliyyə savadlılığı səviyyəsinin yüksəldilməsi və KİV vasitəsiylə Mərkəzi Bankın rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdan ibarətdir.

Təlimdə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin, eləcə də Vergilər Nazirliyinin əməkdaşları rəqəmsal ödənişlərin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimatlarla çıxış etmişlər. Eyni zamanda Mərkəzi Bank tərəfindən ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumat verilmişdir. Təqdimatlardan sonra sual-cavab sessiyası təşkil olunmuş və jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

Daha sonra Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu ilə əməkdaşlıq çərçivəsində jurnalistlər üçün “yığım oyunu” təşkil edilmişdir. Yarışma zamanı iştirakçılara yığım mədəniyyətinin və ailə büdcəsinin effektiv idarə olunması bacarıqları aşılanmışdır.

Qeyd edək ki, Mərkəzi Bankın kommunikasiyasının başlıca hədəf qrupu kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə mütəmadi olaraq Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq Mərkəzi Bankın fəaliyyəti üzrə aktual mövzuda təlimlər təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253