BANK

Unibank “Agile” Transformasiya həyata keçirərək İT İnnovasiyalar Mərkəzi yaradır- MÜSAHİBƏ
13 AVQUST
1109

Unibank “Agile” Transformasiya həyata keçirərək İT İnnovasiyalar Mərkəzi yaradır- MÜSAHİBƏ

2018-08-13 12:03:00

Unibank son zamanlar dünya təcrübəsində ən yeni menecment yanaşmalarından olan və bir çox sahədə effektivliyinə görə köhnə sistemi üstələyən Agile sisteminə keçir və İnnovasiyalar Mərkəzinin yaradılmasına başlayıb. Agile nədir? Hansı üstünlükləri var? Yeni İT İnnovasiyalar Mərkəzində nələr olacaq? Unibankın yeni menecment yanaşması ilə bağlı bu və digər sualları bankın Təşkilati inkişaf və İnsan kapitalı departamentinin direktoru İlkin Quliyev cavablandırıb.

Azərbaycan bazarı üçün çox yeni olan Agile nədir? Unibank olaraq niyə bu sistemə keçməyi qərara aldınız?

- Agile – dəyişikliklərə tez reaksiya verə bilən mənasındadır və məhsullara, xidmətlərə olan tələblərə, ümumiyyətlə bazarda baş verən bütün dəyişikliklərə çevik reaksiya verə bilmək üçün bir yanaşmadır. Əsas üstünlüyü, əvvəl struktur daxilində çalışan əməkdaşların konkret layihələrdə və konkret məhsullar üzərində birgə çalışmalarıdır. Biz agile transformasiyasına artıq başlamışıq. Digər əməkdaşlarla yanaşı 2 şöbə müdiri, 2 ekspert və bir deptament direktorunun olduğu komandada hamı bərabərdir, yəni, menecer, rəhbər, bos anlayışları yoxdur. Ancaq məhsula tələblərin necə olduğunu deyən Product Owner (Məhsul Sahibi), komandanı motivasiya edən, işin gedişatını yoxlayan və onlara dəstək olan Scrum Master var, vəssalam. Komanda daxilində nə horizontal, nə də vertikal subordinasiyalar mövcud deyil. Ümumi götürsək, Agile struktur idarəetmənin ləğvi və daha rahat və çevik çalışmaq deməkdir.

Agile ideyası haradan gəldi?

- Hər şey mövcud vəziyyətin analizi ilə başladı. Biz bir məsləhətçimizlə bank üçün ən vacib layihələrdən birinin icrası zamanı operativ şəkildə dəyişiklik və inkişaf təşəbbüslərində çıxış edən və buna cavabdehlik daşıyan bir bölümə ehtiyac olduğunu gördük. Çıxış yollarını müzakirə edərkən, ağlımıza dünyada son zamanlar trend olan agile yanaşma gəldi. Rusiyada agile transformasiyasını uğurla həyata keçirmiş qabaqcıl şirkətlərin təcrübəsini araşdıraraq, bu proseslə həmin şirkətlərin bir neçəsində birbaşa tanış olmaq qərarına gəldik.

Rusiyanın ən böyük bankı və aktivlərinə görə dünyanın böyük banklarından biri hesab edilən Sberbank da artıq bir neçə ildir ki, Agile sistemindən istifadə edir. Tək Sberbank deyil, başqa şirkətlər, o cümlədən Alfa-bank və ən böyük sistem inteqratorlarından biri olan Krok şirkəti agile transformasiyasını uğurla həyata keçirib. Biz də onların təcrübəsini daha yaxından öyrənmək üçün 17-18 nəfərdən ibarət orta və top-menecment komandamızla Moskvaya getdik və qeyd etdiyim şirkətlərdə agile-ın necə tətbiq olunduğunu izlədik, bu mövzuda təlimlər keçdik.

Bizim əməkdaşlar bunu görəndə çox təəccübləndilər və ən əsası – onlar agile yanaşmanın məğzini anladılar. Alfa bankın agile – təlimçisinin bu yanaşmanın mahiyyəti ilə bağlı bir günlük treninqi də bu sistem haqqında bizi çox məlumatlandırdı. Bu səfər zamanı həm nəzəri, həm də praktik öyrəndiklərimiz əsasında, biz rahatlıqla Unibankda agile yanaşmanın tətbiqinə başladıq.

Hazırda Unibankda agile transformasiyası necə gedir? Proseslər hansı mərhələdədir?

-Biz agile transformasiyasına Scrum metodologiyası ilə artıq başlamışıq. Bu, məhsula bağlı bir metodologiyadır. Biz buna uyğun olaraq bir məhsul seçdik və onun yaradılmasını Agile scrum komandasına tapşırdıq. Məhsulun yaradılması, onun sonadək implementasiya edilib, müştərilərə təhvil verilməsi 6 nəfər əməkdaşdan ibarət scrum komanda tərəfindən həyata keçirilir. Məhsul korporativ müştərilərin onlayn kreditləşdirilməsidir. Yəni, nəticədə Unibank korporativ müştərilərinə onlar banka gəlmədən onlayn formada kredit verə biləcək, kredit məbləği birbaşa hesablarına otuzdurulacaq və bu Azərbaycan bazarında bir ilk olacaq.

Keçən həftə məhsulun ilk iki hissəsinin təqdimatı oldu və nəticə çox sevindirici idi. Bizim artıq “quick win” yəni qısa qalibiyyətimiz var: əvvəl iki ay ərzində görüləcək bir işi agile yanaşma ilə komandamız cəmi iki həftə ərzində bitirdi. Bu da agile-ın üstünlüklərindən biridir – məhsul tam hazır olana qədər, kiçik zaman aralıqlarında (sprintlərdə) onun bir hissəsi təqdim olunmalıdır. Buna uyğun olaraq, korporativ müştərilərin kreditləşməsini tam şəkildə sentyabrda təhvil verməyi düşünsək də, ona qədərki sprintlərdə artıq məhsul qismən istifadəyə veriləcək. Bu isə motivasiya üçün çox önəmlidir.

Agile-ın digər bir maraqlı üstünlüyü scrum komandada çalışan əməkdaşların daha çox motivasiya olunması və işlərindən zövq almasıdır. Rahat çalışmaları və işlərinin daha əyləncəli olması üçün onlara bütün şərait yaradılır: rahat geyim tərzində işə gələ bilərlər, iş qrafiki daha sərbəstdir. Əlavə olaraq Agile Ofisimizə müxtəlif oyunların, masaüstü futbol və tennis, müxtəlif kompüter oyunları, qəhvə və içkilərlə dolu aparatların yerləşdirilməsi də aparılır. Onların əsas effektivlik göstəricisi yalnız o məhsuldur və onlar bütün diqqətini yalnız bir məhsula yönəldir, onun üzərində çalışırlar. Biz görürük ki, orda çalışanlar doğrudan daha çox həvəslidirlər və bankda digər işçilərdə də bu yanaşmaya maraq yaranıb. Belə komandalar şəklində işləmək istəyənlər çoxdur.

Agile scrum məhsula yönəlikdir və hansısa bir qabaqcıl məhsul yaratmaq, o məhsulu qabağa çəkmək ehtiyacı olanda biz scrum komanda yaradırıq. Gələcəkdə ola bilər ki, biz 15 nəfərədək üzvü olan böyük scrum komandalar yaradaq, ola da bilər ki indiki komandamız kimi 6-7 nəfərlik komandalar olsun. Agile sisteminə bütün departamentlər keçməyəcək. Misal üçün, İNG bank da çox uğurlu bir agile transformasiyası həyata keçirib və onlar da bütün departamentləri ləğv etməyiblər, əslində bu mümkün də deyil. Strukturlar Ran (run) və Change formalarına görə fərqlənirlər. Run departamentlər biznesə dəstək olacaq departamentlərdir və onların tam Agile formasına keçməsi mükün deyil. Ancaq ola bilər ki, Scrum komandaların daxilində risk menecment, hüquq departamenti, İT analitika kimi agile-a keçməyəcək departamentlərin də işçiləri olsun. Məsələn, məhsulun yaradılması zamanı risklərlə bağlı bir məsələ yaranırsa və risklər departamentindən bir işçiyə ehtiyac duyulursa, həmin departamentdən bir işçi təyin edilir, o digər bütün işlərini kənara qoyaraq, müvəqqəti scrum komandaya keçir, ona aid olan məsələləri həll edir və geri qayıdır. Bu çox bahalı bir proses olsa da, nəticə buna dəyir.

 Bu proses üzrə gözləntilər nədir, gələcəkdə təkmilləşmələr olacaqmı?

- Bankın 2017-2019-cu illər üçün strateji planındakı “dəyişikliklərin idarə edilməsinə” uyğun olaraq Azərbaycan bankçılığı tarixində ilk dəfə “İT və Digital İnnovasiyalar Mərkəzi”ni (Digital & IT Innovations Center) və “Dəyişikliklər və Kompetensiyalar Mərkəzi”ni (Center of Changes & Competences) yaratmağı planlaşdırırıq. İT və Digital İnnovasiyalar Mərkəzi baş ofisimizdə

böyük bir ofis şəklində olacaq və bizim hamımızın bildiyi ənənəvi bankçılıq sistemindən fərqlənəcək. Bu Mərkəzin Digital Labaratoriya (Digital Lab) hissəsi artıq hazırdır. Digital Lab internet və mobil bankçılıq xidmətlərinin təkmilləşdirilməsi ilə yanaşı, bankın rəqəmsal məhsullarının yeni konsepsiyasının yaradılması və inkişafı ilə də məşğul olacaq. Rəgəmsal inkişafın məhz İT tərəfi (proqramlaşdırma və s.) Digital Lab-dan başlayacaq. Rəqəmsal İT inkişaf üzrə bütün yeniliklər və dünya trendlərinin Bankda icrasına məhz buradan start verəcək. Sözü gedən mərkəzdə İT və Digital sahənin əməkdaşları üçün yuxarıda qeyd etdiyim rahat və əyləncəli şərait yaradılacaq, bir müddətdən sonra isə onların iş cədvəlləri belə tam rahat formaya keçiriləcək. Bundan başqa İT və Digital İnnovasiyalar Mərkəzində proqramlaşdırma, innovasiyalar, İT sahəsinə aid digər müxtəlif təlimlərin keçirilməsi də planlaşdırılır. Təlimlərin xarici mütəxəssislər tərəfindən bankda -Unibank Təlim və İnkişaf Mərkəzində, eyni zamanda ölkədən kənarda yelərşən təlim mərkəzlərində keçirilməsi nəzərdə tutulur.

Dəyişikliklər və Kompetensiyalar Mərkəzində isə agile-a aid olan işçilər çalışacaq, onlar davamlı olaraq biznes üçün yeni nəsə yaradaraq istifadəyə verəcəklər. Dəyişikliklər və Kompetensiyalar Mərkəzi yeni biliklər əldə edilməsi, onların təşkilata aktiv şəkildə transfer və implementasiya olunması ilə məşğul olacaq. Bu Mərkəzin rəqabətə davamlılığı və bacarığı, əməkdaşların yüksək kreativliyi, peşəkarlığı və onların özünü inkişaf və intellektual kapitalın artırılması üzrə motivasiyası ilə müəyyən olunur.

Dəyişikliklər və Kompetensiyalar Mərkəzində İT əməkdaşları ilə yanaşı, inkişafa aid olan hər kəs- məhsulların inkişafı, strateji marketinq və digərləri də olacaq. Yəni qarşıda bizi çox maraqlı yeniliklər gözləyir. Perspektivdə agile sistemin istifadəsindən bazarda Unibankın daha da gücləndirilməsi, daxili proseslərin effektiv aparılması və optimallaşdırılmasını gözləyirik. Müştərilər üçün etibarlı, innovativ bank məhsulunu təqdim edən bir bank, əməkdaşlarımız üçün də ən yaxşı işə götürən banklardan biri olmaqda davam edəcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256