BANK

Plastik kart istifadəçisi olaraq hər kəs bilməlidir ki - NƏYİ?
28 MART
554

Plastik kart istifadəçisi olaraq hər kəs bilməlidir ki - NƏYİ?

2018-03-28 15:23:00

Hazırda dünyanın aparıcı ölkələrində insanlar əsasən ödənişləri plastik kartlar vasitəsilə həyata keçirilir. Azərbaycanda da artıq bu istiqamətdə müsbət tendensiya müşahidə edilməkdədir və plastik kartların istifadəçiləri durmadan artır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən Fins.az-a verilən məlumata görə, əhalinin plastik kartlarla bağlı kifayət qədər məlumatlı olmaması tez-tez onların hüquqlarının pozulmasına səbəb olur.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Plastik kartlar və ya ödəmə kartları vəsait ödənilməsində istifadə edilən müasir texniki vasitədir. Hazırda dünyada plastik kartların müxtəlif növləri mövcuddur. Ancaq onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidir. Fərq onlar üzrə göstərilən xidmətlərin həcmində və təqdim olunan imkanlardadır. Bankların fiziki və hüquqi şəxslərə təqdim etdiyi plastik kartlar əsasən üç yerə ayrılır:

  • Kredit kartlar - hesablaşma zamanı nəğd kredit istifadə imkanını yaradır.
  • Ödəmə kartları - hesablaşmanın asan yolunu təmin edən kartlar.
  • Debit kartlar -bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması.

Plastik kartın əsas cəhətləri və üstünlükləri müştəri üçün istifadə rahatlığı, pulların itirilməsi riskinin azalması, avtomatik konvertasiya və maliyyə cəlbediciliyi, faizlərin ödənilməsi, hesabın uzaqdan idarə edilməsi və s. deməkdir. Eyni zamanda nəzərə alın ki, kart sahibi olmaq sizə fərqli ödənişlərin eyni vaxta evdən və ya iş yerindən ayrılmadan yerinə yetirilməsinə, vergi və rüsumların, kommunal xərclərin internet vasitəsilə ödənilməsinə, mal və xidmətlərin internet vasitəsilə alışına imkan verəcək.

Hazırda müxtəlif rejimlərdə işləyən çoxsaylı kart növləri mövcuddur. Ona görə də müraciət edəcəyiniz bankdan alacağınız kartla bağlı zəruri məlumatları əldə edin və sizə lazım olanı seçin.

Məlum olduğu kimi, ödəniş kartı ilə ticarət mərkəzlərində, mağazalarda, iaşə obyektlərində apa­rılan ödənişlər elektron ödəniş aləti olan POS-terminal vasitəsi ilə həyata keçirilir. POS-terminal kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıqdır. POS-terminal həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün çox faydalıdır. POS-terminal üzrə əməliyyatlar həyata keçirilərkən bir qayda olaraq iki nüsxədə qəbz çap olunur. İmzalanmış qəbzin bir nüsxəsi təsərrüfat subyektində qalır, digəri isə kart sahibinə verilir. Bilin ki, bu qəbzin alınması malın dəyişdirilməsi, geri qaytarılması və istehlakçıların hüquqlarının müdafiəsi baxımından zəruridir.

Plastik kart istifadəçisi olaraq hər kəs bilməlidir ki, sahib olduğu kart  üzərində yazılan ayın son gününədək etibarlıdır. Yeni kart almaq arzusundasınızsa istifadə müddətinin bitməsinə ən azı bir həftə qalmış banka müraciət etməlisiniz.

Kartınız oğurlandıqda və ya itirildikdə dərhal onu aldığınız banka məlumat verin. Yazılı məlumat vermək imkanına malik olmadığınız təqdirdə bankla digər vasitələrlə də əlaqə saxlamaq olar və bu, Sizi gözlənilməz zərərlərdən qoruyacaq.

Alış-veriş əməliyyatları apararkən imzaladığınız sənədə, xüsusi ilə də tarix və məbləğ bölümlərinə diqqət yetirin. Doldurulmamış sənəd imzalamayın. Xərcləriniz barədə bankdan aldığınız hesab cıxarışlarını özünüzdə olan hesab surətləri ilə tutuşdurun. Fərq olduğu təqdirdə banka müraciət edin. Kartla verdiyiniz sifarişdən imtina edildikdə sifarişdən imtina kodunu almağı unutmayın. Əks halda müvafiq miqdar hesabınıza borc kimi yazıla bilər. Kartdan istifadə edərkən limiti aşdığınız təqdirdə Sizi əlavə faizlər gözlədiyini yaddan çıxarmayın.

Hər kəs kartın saxlanma və istifadə şərtlərinə əməl etməlidir. Bilin ki, kart mexaniki, temperatur və elektromaqnit təsirlərdən qorunmalı, rütubətdən uzaq saxlanmalıdır. Kartı mobil telefon, məişət və ofis avadanlığı ilə yanaşı saxlamaq olmaz.

Ödəniş kartının təhlükəsizliyi üçün PİN kodu əzbərləyin və məxfi saxlayın. PİN-kodunuzu heç vaxt kartın üzərində yazmayın. Kartla kodu ayrı-ayrı yerlərdə saxlayın. Bu onların birlikdə itməsinin və ya oğurlanmasının garşısını ala bilər və pulunuzun hesabınızda toxunulmaz vəziyyətdə qalmağını təmin edər.

Yaddaşda yerləşən təlimatlara əməl edilməsi bank kartlarının, onun rekvizitlərinin, PİN və digər məlumatlarının maksimum mühafizəsini təmin edər, eyni zamanda kartdan bankomatda, internet vasitəsilə istifadə edərkən ehtimal olunan risklərin qarşısını alar. Heç zaman bank kartınızı üçüncü şəxslərin istifadəsinə verməyin. Bank kartını alarkən əgər arxada yer göstərilmişdirsə ora qol çəkin. Bu onun təsadüfən itirildiyi zaman istifadə riskini azalda bilər.

Hər hansı bir şəxs sizdən özünüz barədə və yaxud da kartın PİN kodu barədə məlumat istəsə, bu məlumatı təqdim etməyin. Kredit təşkilatının adından məlumat verilməsini xahiş edən elektron məktublara da cavab vermək məsləhət deyil. Belə hallarda kredit təşkilatına zəng vurub fakt barədə məlumat vermək lazımdır.

Əgər bankomatın klavyaturası və ya kartın qəbul edildiyi yerdə sizə tanış olmayan əlavə vasitələr yerləşdirilmişdirsə, bu halda həmin bankomatdan istifadə etməyərək onun üzərində əks olunan kredit təşkilatının nömrəsinə zəng edib öz şübhələriniz barədə onları məlumatlandırın. Bank kartını verən təşkilatın əlaqə telefonu kartın arxasında göstərilir.

Bankomat kartınızı qəbul etmədiyi halda fiziki güc tətbiq etməyin. Bankomatdan pulunuzu alan zaman dərhal yerində sayın, kartınızın geri qaytarıldığına əmin olduqdan sonra çeki çıxarın. Yalnız bundan sonra əldə etdiyiniz məbləği götürüb bankomatdan uzaqlaşın. Mal və xidmətlər internet, telefon və ya faks vasitəsilə sifariş olunduğu halda PİN-dən istifadə etməyin.

Əməliyyat aparan zaman bankomat kartınızı geri qaytarmadığı halda kredit təşkilatına zəng vurub mövcud problemlə bağlı məlumat vermək və kredit təşkilatının əməkdaşının təlimatlarına uyğun hərəkət etmək lazımdır.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268