BANK

Avropa İnvestisiya Bankı TANAP-a 932 mln. avro kredit ayrılmasını təsdiq edib
16 MART
464

Avropa İnvestisiya Bankı TANAP-a 932 mln. avro kredit ayrılmasını təsdiq edib

2018-03-16 00:42:00

Bu gün Avropa İnvestisiya Bankı (AİB) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşasının maliyyələşdirilməsinə 932 mln. avro (1,15 mlrd. dollar) məbləğində kredit ayrılmasını təsdiqləyib. fFins.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Cənub Qaz Dəhlizi" layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. Bu kəmərlə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin II mərhələsi çərçivəsində hasil olunan qazın nəqli nəzərdə tutulur. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin, təxminən, 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. TANAP-ın Əskişəhərə qədər hissəsinin bu ilin ortalarında istifadəyə verilməsi gözlənilir.

TANAP üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Dünya Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) da kredit ayrılmasını təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255