BANK

Azərbaycanda sıxıntılı dönəm başa çatır? – Yerli iqtisadçıların şərhi
30 AVQUST
1383

Azərbaycanda sıxıntılı dönəm başa çatır? – Yerli iqtisadçıların şərhi

2017-08-30 11:00:00

Təkcə Dünya Bankı deyil, Beynəlxalq Valyuta Fondu və digər maliyyə qurumları da 2018-ci il üçün Azərbaycan iqtisadiyyatında artım proqnozlaşdırır. Bunu iqtisadçı-ekspert Rəşad Həsənov açıqlamasında deyib.

Onun sözlərinə görə, birincisi, hazırda Azərbaycanda davam edən məzənnə sabitliyi fonunda növbəti dövrlərdə istehlak həcminin artması gözlənilir: “Daxili istehlakın həcminin artması öz növbəsində istehsal və xidmət sahəsində dövriyyəni genişləndirməklə yaradılan əlavə dəyərin həcminə müsbət təsir göstərə bilər. Yəni, bu, ehtimallardan biridir”.

“İkincisi, hökumətin qeyri-neft iqtisadiyyatının müəyyən qədər şaxələndirilməsi və inkişafı ilə bağlı ortaya qoyduğu strategiyaların öhdəliklərinin yerinə yetirilməsindən gələn əlavə dəyərin yaradılmasıdır. Çünki hər bir öhdəliyin yerinə yetirilməsi, hər bir öhdəliyin bəndi üzrə prosesin icrası, ümumi daxili məhsulun həcminə də müəyyən qədər təsir göstərəcək. Bu da öz növbəsində yekun olaraq iqtisadi böyüməni şərtləndirən faktorlardan birinə çevrilə bilər. Əgər strategiyaların icrasında hər hansı bir problem ortaya çıxmazsa, hökumət nəzərdə tutulan fəaliyyətləri zamanında yerinə yetirməyə cəhd göstərərsə, bu, baş verəcək” — Həsənov bildirib.

Onun sözlərinə görə, digər bir məqam, artıq Azərbaycan iqtisadiyyatının son 3 ildə aşağı neft gəlirlərinə müəyyən qədər adaptasiya olunması ilə bağlıdır: “Çünki qısa müddətli dövr üçün həm biznes, həm hökumət, həm də vətəndaş neft qiymətlərinin kəskin azalması fonunda iqtisadi şokla üz-üzə qaldı və demək olar ki, prosesləri qısa müddətdə qavraya bilmirdi. Amma artıq bu proseslər üzərindən 3 ilə yaxın bir müddət keçib”.

“Belə bir şəraitdə müəyyən qədər resessiya və durğunluq dövrünü yaşayan iqtisadi sektorların və iqtisadi subyektlərin fəaliyyətləri bu gün nisbətən tarazlıq dövrünə qədəm qoymaqdadır. Biz bunu müşahidə edirik. Artıq yeni çıxış yolları, yanaşmalar sahibkarlıqda, eyni zamanda, az da olsa, administrativ idarəetmədə müşahidə olunmaqdadır. Bu, öz növbəsində, böyük ehtimalla 2018-ci ilin iqtisadiyyatına öz töhfəsini verə bilər” — ekspert vurğulayıb.

İqtisadçının qənaətincə, ən pis halda 2018-ci ildə iqtisadi azalma, yəni, resessiya dayanacaq: “Amma mümkündür ki, neftin qiymətlərinin də dinamikasından asılı olaraq 2018-ci ildə müəyyən iqtisadi artım baş versin”.

R. Həsənov deyib ki, ilin əvvəlindən 2017-ci il üçün Azərbaycan iqtisadiyyatında azalma proqnozlaşdırılmışdı: “2016-cı ildə Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun 2017-ci il üçün Azərbaycan iqtisadiyyatında proqnozları daha müsbət tonda idi, amma sonradan bu proqnozları dəyişdirərək azaltdılar. Biz isə əvvəlcədən 2017-ci il iqtisadiyyatının, təxminən 1,2 faiz azalacağını proqnozlaşdırmışdıq. Hazırda da cərəyan edən proseslər, haradasa bizim müəyyən etdiyimiz indikatorlara daha yaxın nəticənin alınması ehtimalını artırır”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz az ümumi daxili məhsul istehsal edilib.

İqtisadçı-ekspert Qubad İbadoğlu da açıqlamasında 2018-ci ildə Azərbaycan iqtisadiyyatında artımın mümkün ola biləcəyini deyib: “Çünki artıq 2 il davam edən tənəzzüldən sonra artım meylləri təbii amillərin nəticəsində də baş verib. Söhbət yüksək artımdan getmir, cəmi 1 faizə qədər artımdan gedir. O baxımdan Dünya Bankının proqnozunu real qəbul etmək olar. Düşünürəm ki, bu proqnoz Azərbaycanda islahatlar aparılarsa, strateji proqramlar tətbiq imkanı qazanarsa, o halda biz növbəti ildə Azərbaycan iqtisadiyyatında cüzi də olsa, artım gözləyə bilərik”.

Qeyd edək ki, Dünya Bankı 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 0,5-1 faiz artacağını proqnozlaşdırır. Bunu Trend-ə özəl müsahibəsində bankın Bakı ofisinin rəhbəri Navid Hassan Naqvi deyib.

Onun sözlərinə görə, bu il bank ölkə iqtisadiyyatının 1-1,5 faiz azalacağını gözləyir: “Təəssüf ki, Azərbaycan iqtisadiyyatı neft sektorundan həddən çox asılıdır. Amma enerji resurslarının qiymətinin aşağı düşməsi və bunun ardınca milli valyutanın devalvasiyası digər sektorların inkişafı üçün imkan yaradıb. Hazırkı mübadilə məzənnəsi bir çox potensial aqroməhsul ixracatçılarına ixracatı müxtəlif bazarlarda daha rəqabət qabiliyyətli qiymətlərlə reallaşdırmağa imkan verəcək”.

Naqvi bildirib ki, neftin qiymətinin düşməsi dövlətin gəlirlərinin azalması deməkdir və bu ölkə iqtisadiyyatını diversifikasiya etməyə imkan verəcək islahatlar barədə düşünməyə vadar edir: “Təbii ki, Azərbaycan hökuməti dünya iqtisadiyyatında vəziyyəti əsas tutaraq, müxtəlif islahatları üzərində işləməyə davam edir. Bu baxımdan, biz 2016-cı ilin sonunda — 2017-ci ilin əvvəlində dərc olunan strateji yol xəritələrinin qəbul olunmasını alqışlayırıq”.

Navid Hassan Naqvi digər belə islahatlar arasında Maliyyə Sabitliyi Şurasının yaradılmasını qeyd edib. Lakin onun fikrincə, bütün islahatlar vaxt tələb edir, buna görə də, onların səmərəliliyi barədə danışmaq hələ tezdir. Bununla belə, agentliyin müsahibi əlavə edib ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən islahatlar ölkə iqtisadiyyatına çox yaxşı nəticə göstərmək üçün potensiala malikdir.

©Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295