BANK

Bank hesabdan pul çıxarmağa məhdudiyyət qoya bilməz – BU, QANUNDUR!
17 MART 2017
2165

Bank hesabdan pul çıxarmağa məhdudiyyət qoya bilməz – BU, QANUNDUR!

2017-03-17 12:23:00
Hesabdan nağd pulun çıxarılması bank tərəfindən məhdudlaşdırıla bilməz, təbii ki, sahibkarın büdcəyə borcu olmadığı halda. Fins.az Mülki Məcəllənin 954-cü maddəsinə istinadən bildirir ki,  bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.
Mövcud vəziyyət ondan ibarətdir ki, vergi orqanları, bəzi hallarda da banklar “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununu əsas gətirərək nağdlaşdırmaya bu və digər formada (bəzəndə cərimə ilə hədələməklə) məhdudiyyət  tətbiq edirlər. Vergi sahəsində mütəxəssis Vəli Əliyevin sözlərinə görə, bank hesabındakı pulun nağdlaşdırılaraq kassada saxlanılmasına qarşı mövcud qanunvericilikdə hər hansı qadağa yoxdur və məsuliyyətə (maliyyə sanksiyasına) səbəb olacaq hərəkət deyil. Eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununu təqvim ayı ərzində 30000 manat (sadələşdirilmiş vergi ödəyiciləri üçün 15000 manat) həcmində tətbiq olunan limitdən asılı olmayaraq istənilən həcmdə kənd təsərrüfatı məhsullarının istehsalçıdan nağd alışını, kağız, şüşə və plastik məmulatların nağd alışını, müəssisə təsisçilərinə və ya səhmdarlarına nağd qaydada dividentlərin və ya digər borcların ödənişini məhdudlaşdırmır.
Bu baxımdan vergi yoxlaması keçirilmədən, nağdlaşdırmanın məqsədini müəyyən etmədən pul vəsaitinin nağdlaşdırılmasının qarşısını almaq sahibkarların fəaliyyətinə qanunsuz müdaxilədir. Sahibkar özü də bilir ki, limitin aşılması ilk dəfə baş verərsə 10%-lik maliyyə sanksiyası ilə uzləşəcək. Limitdən artıq nağd hesablaşmaya görə məsuliyyət tədbiri yalnız vergi orqanları tərəfindən vergi yoxlamaları nəticəsində müəyyən edilərək tətbiq oluna bilər. Beləliklə, pul vəsaitinin nağdlaşdırılmasının qarşısını almaq qeyri-qanuni hərəkətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır