BANK

Müflis bankların ləğvində – KORRUPSİYA TƏHLÜKƏLƏRİ
02 DEKABR
2091

Müflis bankların ləğvində – KORRUPSİYA TƏHLÜKƏLƏRİ

2016-12-02 11:42:00
Hazırda ləğvetmə prosesi gedən 10-dan çox müflis bankda şəffaflığın və qanunçuluğun təmin edilməsi üçün kreditorların ümumi yığıncağı və komitəsi yaradılsın. Belə bir təkliflə ekspert Əkrım Həsənov çıxış edib. Fins.az xəbər verir ki, o, bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına məktub ünvanlayıb. 
Ə.Həsənov bildirib: Kreditorlar dedikdə sığortalanmamış əmanətlərin sahiblərini, müflis bankda pulu qalmış saihibkar və hüquqi şəxslər ehtiva olunur. Onların sırasında xarici vətəndaşlar və şirkətlər (hətta banklar) də az deyil. Müflis bankda nə baş verdiyini bilmirlər, ləğvetmə prosesinə təsir etmək imkanından məhrumdurlar.
Çünki bankların ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu üzərində heç bir real təsiredici nəzarət yoxdur. İstədiyini edə bilər: bankın pullarını mənimsəyə, gəlirləri azalda, xərcləri isə şişirdə bilər və s. Məsələn, Fond qiymət fərqini mənimsəmək niyyəti ilə bankın əmlakını dəyər-dəyməzə sata, bankın borcluları ilə əlbir olaraq kreditlərin qaytarılmasında aşağıdakı pozuntulara yol verə bilər: borclularla bank üçün əlverişsiz barışıq sazişlərinin bağlanılması, onlara qarşı məhkəmə proseslərinin bilərəkdən səhv aparılması, iddia müddətlərinin buraxılması və s. Digər tərəfdən, ləğvedici süni şəkildə inzibati və digər xərclərini artıra, o cümlədən lüzumsuz işçi qüvvəsi saxlaya və satınalmalarını şişirdə bilər, həmçinin onu rüşvətlə maraqlandırmış bir qisim kreditorlara digərləri qarşısında üstünlük verə bilər.
Qabaqcıl dünya təcrübəsi göstərir ki, müflis bankda ləğvetmə prosesinin düzgün aparılmasının bir yolu var: ləğvedici üzərində kreditorların ümumi yığıncağının və həmin yığıncağın qurumu olan kreditorların komitəsinin nəzarəti. Müflis bankın ləğvedicisi ilk növbədə kreditorların maraqlarına xidmət etməlidir. Buna görə də kreditorların ümumi yığıncağı (komitəsi) aşağıdakı səlahiyyətlərə malik olmalıdır: ləğvedicidən bütün məsələlərlə bağlı hesabat tələb etmək, ləğvedicinin büdcəsini təsdiq etmək, ləğvediciyə etimadsızlıq göstərmək, ləğvedicinin iri əqdlərinə razılıq vermək və s.
Əslində, “Müflisləşmə və iflas haqqında” Qanunumuz bu imkanların çoxunu verir. Lakin həmin Qanun bankların müflisləşməsinə şamil olunmur. Vaxtilə Mərkəzi Bank “Banklar haqqında” Qanunu elə yazıb ki, bankların müflisləşməsi əlahiddə (gizli və kreditorları oyundan kənar vəziyyətdə qoymaqla) qaydada həyata keçirilsin. Belə ki, kreditorların müflis bankın vəziyyəti, gəlir və xərcləri haqda məlumat almaq, hətta ləğvedicinin məhkəməyə təqdim etdiyi hesabatla və ləğv planı ilə tam tanış olmaq hüququ belə təsbit edilməyib. “Banklar haqqında” Qanunun 75.2-ci və 83.2-ci maddələrində deyilir ki, hesabatın yalnız ümumi xarakter daşıyan məlumatları, ləğv planı isə bank sirri məlumatları istisna olmaqla tanışlıq üçün kreditorlara təqdim edilir. Nəzərə alsaq ki, banka qarşı demək olar ki, bütün tələblər bank sirrini təşkil edir, belə çıxır ki, əslində kreditorlara heç nə təqdim edilmir.
“Müflisləşmə və iflas haqqında” Qanunumuzun 25-ci maddəsi ləğvedici tərəfindən müflis şirkətin aktivlərinin satılması üçün ən şəffaf üsul müəyyən edir – açıq hərrac. “Banklar haqqında” Qanunun 74-cü maddəsi isə ləğvediciyə müflis bankın əmlakı ilə istədiyi kimi və faktiki nəzarətsiz davranmağa, o cümlədən satmağa imkan verir.
Ən əsası isə “Banklar haqqında” Qanunun 86-cı maddəsində kreditorların ümumi yığıncağının və komitəsinin yalnız ləğvedicinin təşəbbüsü və Palatanın razılığı ilə məhkəmə qərarı ilə yaradıla bilməsinin nəzərdə tutulmasıdır. Belə çıxır ki, Fond üzərində belə nəzarətçinin olmasını istəməsə (kim istəyər ki?), kreditorların ümumi yığıncağı və komitəsi yaradıla bilməz və kreditorların özü belə təşəbbüslə çıxış edə bilməz. Digər tərəfdən, həmin maddəyə əsasən həmin yığıncağın və ya komitənin vəzifələri və səlahiyyət dairəsi də məhkəmə tərəfindən müəyyən olunur. Halbuki, belə məsələlər elə Qanunun özündə dəqiq göstərilməli idi.
Beləliklə, bankların iflas proseduru “Banklar haqqında” Qanunda tamamilə kreditorların maraqlarına və qabaqcıl dünya təcrübəsinə zidd şəkildə təsbit olunub. Faktiki olaraq Qanunun sözügedən müddəaları “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.24-cü maddəsinə əsasən “korrupsiya təzahürləri üçün şəraitin yaranmasına kömək edən müddəalar”dır. Buna görə də qanunvericilik Palatanın təşəbbüsü ilə təcili təkmilləşdirilməldir.
Lakin qanunvericiliyin təkmilləşdirilməsi prosesi zaman tələb edir, ləğvetmə prosesləri isə artıq gedir və kreditorların maraqları nəzərə alınmır. Buna görə də Palataya təklif etmişəm ki, özü ləğvetmə prosesində olan bütün müflis banklarda geniş səlahiyyətlərə malik olan kreditorların ümumi yığıncağını və komitəsini yaratsın.
Ümumiyyətlə, yaxşı olardı ki, Palata şəffaflıq məsələsində bayraqdar olsun. Məsələn, ləğvetmə prosesində olan bütün banklara dair məhkəmə qərarlarını, hesabatları, ləğv planı və digər məlumatları açıqlasın. Misal üçün “Banklar haqqında” Qanunun 71.1-ci maddəsinə əsasən ləğvedicinin əmək haqqı məhkəmə tərəfindən Palatanın təklifi əsasında təyin edilir. Axı niyə Palata bu məlumatı açıqlamasın ki, kreditorlar onların hesabına ləğvediciyə nə qədər vəsait ödənildiyini bilməsinlər?
Bu qədər bankın iflasa uğramasında bank sahiblərinin və inzibatçılarının mənfi rolu, yol verdikləri pozuntuları, hüquqazidd əqdləri xüsusi yer tutur. Həmin banklara dair bütün məlumatların kreditorlara açıqlanması imkan verərdi ki, kreditorlar özləri bu barədə nəticəyə gəlsin və lüzum gördükləri halda təqsirkar şəxslərə qarşı iddialar qaldırsın. Bununla da həm kreditorların maraqları təmin olunar, həm dövlət vəsaiti az xərclənər, həm də bank sisteminə etimad artardı.
Ümumiyyətlə, bu məsələlərin həlli ilk növbədə bank sisteminə etimadın artmasına səbəb olacaq. Buna görə də ümid edirəm ki, Palata təkliflərimi qəbul edəcək. Əks təqdirdə, müflis bankların ləğvetmə prosesinin sırf korrupsion maraqlara xidmət etməsi haqda şübhələr, bank sistemimizə etimadsızlıq yalnız artacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274