BANK

Bankların ehtiyatlara ayırmaları üzrə reytinqi
25 NOYABR
562

Bankların ehtiyatlara ayırmaları üzrə reytinqi

2016-11-25 18:33:00

Azərbaycanda bir çox əmanətçilər narahatdırlar. Bir-birinin ardınca lisenziyaları ləğv edilən banklara görə qorxu keçirən əmanətçilər, indi də bankların zərər içində olduğu barədə xəbərlər ilə həyacan keçirirlər.

Bəs əmanət yatırdığınız bankın zərər etməsindən narahat olmağa dəyərmi?  

Son zamanlar bankların zərər açıqlaması onların gəlirlərinin kəskin az olmasından qaynaqlanmır. Bankların gəlirləri demək olar ki, devalvasiyalardan əvvəlki məbləğlərə yaxındır. Sual yarana bilər, əgər bankların gəlirləri kəskin azalmayıbsa, nə üçün zərər edirlər? Yoxsa bankların xərcləri artıb?

Xərclər barədə qeyd edək ki, bankların çoxları  səmərəsiz  filiallarını bağlayıb işçilərini ixtisar edərək xərclərini xeyli azaldıblar. Yenə sual yarana bilər, bəs xərc də artmayıbsa nə üçün banklar  zərər açıqlayırlar?

Məlumatınız olsun ki, bankların zərər açıqlamalarının səbəbi gəlirlərinin böyük hissəsini “Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar”ın yaradılmasına yönəldilməsidir. Qanunvericiliyə uyğun olaraq, banklar, gələcəkdə yarana biləcək kredit və depozit itkiləri üzrə ehtiyat yaradırlar. Belə izah edək: sizin banka yatırdığınız əmanət, başqa bir şəxsə kredit kimi verilir. Əgər bankdan kredit götürmüş borclunun ödəmə qabiliyyəti pisləşərsə və o krediti qaytarmasa bank yaratdığı ehtiyat hesabına itkisini kompensasiya edir. Beləliklə,əmanətçinin vəsaiti itmir.

Bildiyimiz kimi, son illər iqtisadi vəziyyət ürəkaçan deyil. Bankirlər də, bankının mövcud vəziyyətə uyğunlaşması üçün gəlirlərini mənfəət kimi götürmür, ehtiyata ayırırlar.Əgər gələcəkdə, borclular kreditləri geri ödəyəcəklərsə ehtiyata ayrılmış vəsait bankın mənfəətinə aid ediləcək və səhmdarlar həmin vəsaiti dividend kimi götürə bilərlər.

Ayırmalar vergi ödənilənə qədər xalis gəlirlərdən çıxılır və mühasibatlıqda bank xərclərinə aid edilir. Qeyd edək ki, ehtiyatların məbləği bankın kredit portfelinin həcmindən və verilmiş kreditlərin keyfiyyətindən asılıdır.

BANK BU ŞƏKİLDƏ ÖZÜNÜ SIĞORTALAYIR

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın olması bankın mənfi hallara qarşı dözümlülüyünü artırır. Ehtiyatlar təhlükəsizlik yastığıdır, buna bir sığorta təminatı kimi də baxmaq olar. Ehtiyatı olan bank gələcəkdə hansısa neqativ hal baş verdikdə ehtiyat pulları ilə mənfi gedişatı dayandıra bilər. Məhz banklar da bu məqsədlə gəlirinin böyük bir hissəsini ehtiyata ayıraraq, özlərini sığortalayırlar.

Qısası, bankların son rüblər zərər açıqlamalarına müsbət tərəfdən baxıla bilər: Bank sizin əmanəti qorumaq və vaxtında geri ödəmək üçün gəlirini ehtiyat kimi yığır.

Mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlar
Sıra Bankın adı İlin əvvəlindən, manatla
1 AccessBank QSC 98 853 970,00
2 Bank of Baku ASC 82 376 000,00
3 Unibank KB ASC 74 272 967,20
4 PAŞA Bank ASC 46 672 000,00
5 Xalq Bank ASC 44 386 980,00
6 Kapital Bank ASC 42 375 440,00
7 NİKOYL Bank İKB ASC 31 358 000,00
8 DəmirBank ASC 27 405 350,00
9 AGBank ASC 22 512 173,17
10 Rabitəbank ASC 21 602 000,00
11 AFB Bank ASC 20 227 000,00
12 Expressbank ASC 14 248 000,00
13 Bank BTB ASC 13 069 300,00
14 Bank Respublika ASC 13 047 950,00
15 Muğanbank ASC 12 762 680,00
16 Bank VTB (Azərbaycan) ASC 10 886 523,36
17 Azər Türk Bank ASC 8 438 405,00
18 Amrahbank ASC 8 349 857,00
19 Silk Vey Bank ASC 7 794 485,95
20 NBCBank ASC 5 992 000,00
21 TuranBank ASC 1 013 000,00
22 Azərbaycan Sənaye Bankı ASC 178 680,00
23 Bank Avrasiya ASC 173 700,00
24 Ziraat Bank Azerbaycan ASC -159 630,00
25 Pakistan Milli Bankı NBP Bakı filialı -213 038,05
26 AtaBank ASC -1 173 200,00
27 Caspian Development Bank ASC -4 631 350,00
28 Bank Melli İran Bakı filialı -16 873 780,81
29 Yapı Kredi Bank Azərbaycan QSC
30 Azərbaycan Beynəlxalq Bankı ASC*
 
Mənbə: Marja.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275